Rusiyada imperiya və sovet dövrünün xəyalları ilə yaşayanlar vəziyyət gərginləşəndə özlərini daha qabarıq göstərirlər. Əvvəllər bu rolu daha çox Vladimir Jirinovski oynayardı. Sonradan məlum olurdu ki, o, bu ölkədə hələ də imperiya düşüncəsi və “velikorus şovinizmi” xəstəliyindən xilas ola bilməyənlərin fikrini ifadə edirmiş. Jirinovskinin Rusiyada bəzi rəsmi dairələrin sözçülüyünü etdiyi də istisna olunmurdu. Başqa sözlə, onun çıxışları ilə həm də Rusiya hakimiyyətinin bu və ya başqa dövlətə münasibətini müəyyən etmək mümkün idi.
Rusiyanın rəsmi təbliğat vasitələri, o cümlədən telekanalları belə hikkəli siyasətçi və ideoloqlara yenidən meydan verib. Ukraynadakı müharibə belə qüvvələrin bütün hikkə və kinini açıqlamasına imkan yaradıb. Sovet və Rusiya imperiyasının yenidən qurulacağı yuxusu ilə yatıb oyanan belə siyasətçilər və dövlət xadimləri yüz ildən artıqdır çar Rusiyasının, 31 ildir SSRİ-nin süquta uğradığını hələ də qəbul edə bilmirlər. Tarixin arxivinə gedənlər indiyədək geri qayıtmayıb. Bu baxımdan, belə mürtəce düşüncəlilərin çıxış və davranışı ölünü diriltməyə cəhddən başqa bir şey deyil.
Martın 27-də Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyagin “Rossiya 1” telekanalındakı "60 dəqiqə" (“60 minut”) proqramında çıxış edərkən müstəqil siyasət yürüdən və suverenliyini qoruyan keçmiş soevt respublikalarına qarşı bütün normaları aşan, iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək çıxış edib. Olqa Skabeyeva və Yevgeni Popovun aparıcılıq etdiyi proqramda Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına haqq qazandıraraq bu ölkəni rəsmi Kremlin tərkibinə qatmağa çağırış edib. Bununla kifayətlənməyən Dumanın deputatı Rusiyanın Ukraynadakı fəaliyyətindən ehtiyatlanan Polşaya qarşı da təbliğat aparıb. O, rəsmi Varşavanın Polşa-Rusiya sərhədi boyunca qoşun yığmağa davam etdiyini bildirib. Deputat indiki şəraitdə Rusiyanın atacağı addımlarla bağlı da “məsləhət” verib: “Çox güman ki, Polşa NATO tərkibində yox, müstəqil olaraq, Belarusa hücum etməyə çalışacaq. Belarusun sərhədi isə faktiki olaraq, Rusiyanın sərhədidir. Azərbaycan isə Qarabağda atəşkəsi pozub, irəliləyib və yeni mövqelərindən də geri çəkilmirlər. Yəni dediym odur ki, Amerikanın satellitlərinin belə aqressiv siyasəti var, onun da qarşısı alınmalıdır”. O, Azərbaycanla Rusiya arasında müttəfiqliyə hörmət etmədən, Rusiya-Türkiyə münasibətlərinə məhəl qoymadan, insanlara məxsus həya hissini itirərək tərbiydən uzaq, (ifadəyə görə üzrə istəyirəm) siyasi fahişəlik edib, “Türkiyənin əlaltısı olan, "dövlət" adlandırdığımız Azərbaycan” ifadəsini işlədib. Bütün dünya bilir ki, Azərbaycanla Türkiyə bir etnosun qurduğu iki dövlətdir. İki dövlət arasında Şuşa Bəyannaməsinin imzalanıb qəbul edildiyi və artıq qanuni akt olduğu da beynəlxalq ictimaiyyətə sirr deyil. Belə olan halda Delyaginin özünü kloun kimi aparmasına ehtiyac varmı?!
Ermənistan Silahlı Qüvvələrinin “Su-30” qırıcı təyyarələrini Ukraynanın bombalanmasında istifadə etməklə bütün razılaşmaları pozduqlarını gizlətməyə çalışan Dumanın üzvü siyasi əxlaqsızlığını belə davam etdirib: “Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq. Bunu etməsək, olmayacağıq. Anlayırsınızmı?! Məsələ elə bu cürdür”. Delyagin bu bəyanatı ilə açıq-aşkar Azərbaycanı hədələyir. O, Ukraynanın dinc şəhərlərinin bombalandığı kimi, Azərbaycanı da bombalamağa çağırır. Bu, Rusiya siyasətinin reallığıdır. Əks halda Rusiya daha demokratik dövlət ola bilərdi. Keçmiş sovet respublikaları, Avropa İttifaqı, NATO, ABŞ deyil, imperiya xülyası və şovinizm düşüncəsindən xilas ola bilməyən, ayılmaq istəməyən belə siyasətçilər, ictimai xadimlər, telekanallar və informasiya vasitələri Rusiyanı məchul gələcəyə sürükləyirlər.
Təcavüzkarlığı siyasət sayan, suveren dövlətləri hərb yolu ilə işğal edib uşaqları, yaşlıları və qadınları qətlə yetirən müharibə partiyasının Delyagin və onun kimi düşünən nümayəndələri hələ də qəflətdədirlər. Əgər Rusiya cəlbedici və güclü, yaxud SSRİ daha qüdrətli və ədalətli olsaydı, onda 15 müttəfiq respublika və sosializm düşərgəsi niyə dağılırdı? Rusiyadakı delyaginlərin müdafiəsi və dəstəyi ilə Azərbaycan torpaqları işğal olunmasaydı, indi Ermənistan da müstəqil dövlət ola bilərdi. Bu ölkənin silahlı qüvvələrinin arsenalında olan 4 “Su-30”un Rusiya tərəfdən Ukraynanı bombalamasına da ehtiyac qalmazdı. Delyaginlərin sayəsində Azərbaycan torpaqları Ermənistan tərəfdən işğal olunmuş, Rusiyanın 366-cı motoatıcı alayının birbaşa itirakı ilə Xocalı soyqırımı törədilmişdi. Odur ki, dünyanın hansı ölkəsində Rusiyanın iştirakı ilə qan tökülürsə, bu cinayətdə delyaginlərin də əli var. Çünki onlar öz dövlətlərini yaşatmağın yolunun qan tökülməsində görürlər. Halbuki bütün imperiya iddiaları və hikkələrindən əl çəkən Rusiya daha demokratik, güclü və böyük ola bilərdi. Delyaginlər, jirinovskilər Rusiyanın marağını əxlaqsız siyasi davranış və təbliğatları ilə satırlar. Belələrinə şəraiti, ilk növbədə, informasiya vasitələri yaradır. Elə həmin verilişin aparıcısı Olqa Skabeyeva özünü siyasətçi kimi aparıb: “Moldova və Gürcüstan bizə qarşı sanksiyalara qoşulmadılar. Təsəvvür edin, Gürcüstan! Amma Azərbaycan... Azərbaycanın Müdafiə Nazirliyi elə bəyanat verib. Bununla məşğul olmalıyıq. Mümkündür, indi vaxtı deyil, amma məşğul olmalıyıq!”. Skabeyevanın nəzərinə çatdırırıq ki, Azərbaycan Rusiyaya qarşı heç bir sanksiyaya qoşulduğunu bildirməyib. Ukraynaya isə humanitar yardım edir. Rəsmi Bakı da Rusiyanın başqa müttəfiqləri kimi, Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir. Fikrinin qırıqlığı Skabeyevanın əlinə verilən mətni oxuya bilmədiyini də deməyə əsas verir. Bu həm də sübut edir ki, Rusiyanın informasiya vasitələri müstəqil deyil. Qeyd edək ki, Azərbaycanda kabel televiziyaları vasitəsilə Rusiyanın “Rossia 1”, “Pervıy", “NTV”, “RenTV”, “RBK” və başqa xəbər kanalları yayımlanır. Həmin telekanallardan əvvəllər də Azərbaycana qarşı çıxışlar edilib. Onların mövcudluğu üçün Azərbaycan vətəndaşları hər ay abonent olaraq pul ödəyirlər. Bu baxımdan, öz dövlətinə qarşı təbliğat aparan informasiya vasitələrinin Azərbaycan ərazisində yayımı məntiqə uyğun görünmür.
Rusiyanın Azərbaycandakı təbliğat vasitələrindən biri də “Sputnik” İnformasiya Agentliyinin Bakı filialıdır. Rusiyanın “RİA Novosti” agentliyinin beynəlxalq şöbəsinin bazasında 2014-cü ilin noyabrında yaradılan “Sputnik”in baş redaktoru Marqarita Simonyan qondarma erməni soyqırımını təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindəndir. Əvvəllər ədalətli və obyektiv mövqe tutduqları üçün Azərbaycan vətəndaşı olan bir neçə jurnalist oradan işdən azad ediliblər. Onlardan biri Mətin Yaşaroğludur. O, Ermənistanın Azərbaycana qarşı tutduğu işğalçı mövqeyi tənqid etdiyinə görə işdən azad olunub. “Sputnik” Azərbaycana qarşı təbliğatını davam etdirir. Onun Azərbaycandakı nümayəndəliyinə Vitali Denisov yeni rəhbər təyin olunub. Denisov bundan əvvəl Gürcüstanda qondarma Cənubi Osetiya Respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, o, Rusiya xüsusi xidmət orqanlarına bağlıdır. Bu baxımdan, indiki həssas məqamda onun Azərbaycana nümayəndə olaraq təyin edilməsi təxribat sayılır. Qeyd edək ki, Denisov Marqarita Simonyanın yaxın kadrlarındandır. Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin başçısı Ed Roys bir müddət əvvəl Simonyanın başçılıq etdiyi “Russia Today” və “Sputnik” bağlı narahatlığını ifadə etmişdi. O, bu media qurumlarının uğurlarına görə Rusiya xüsusi xidmət orqanlarının dəstəyinə borclu olduğunu vurğulamışdı. Yeri gəlmişkən, M.Simonyan Ukraynadakı indiki hadisələrdən əvvəl ABŞ-dan qovulub. “Russia Today”in isə ştatlarda nümayəndəliyinə qadağa qoyulub.
Rusiya hakimiyyəti ölkədə fəaliyyət göstərən KİV-in açıq agent kimi qeydiyyatdan keçməsini tələb edir. Bu tələbə cavab verməyənlər ölkəni tərk etməyə məcbur olurlar. Bu baxımdan, şübhəli fəaliyyət göstərən Rusiyaya məxsus informasiya vasitələrinin Azərbaycanda işləmələrinə və yayımına ehtiyac duyulmur. Çünki bu mənbələr onsuz da Azərbaycanla bağlı məlumatları ya ermənilərin, ya da bağlı olduqları orqanların cızdığı xəttə uyğun yayırlar. Belə olan halda xəbər obyektivliyini itirir. Bu isə nə oxucunun, nə də Azərbaycanın maraqlarını ifadə etmir. Odur ki, təhdidlə məşğul olan delyaginləri təbliğ edən, simonyanların başçılıq etdiyi KİV-in Azərbaycanda fəaliyyəti dövlətin milli maraqlarına, informasiya təhlükəsizliyinə ziddir.