Rusiyadan Ermənistana suverenlik xəbərdarlığı - Paşinyan buna necə cavab verəcək? - ŞƏRH

Rusiyadan Ermənistana suverenlik xəbərdarlığı - Paşinyan buna necə cavab verəcək? - ŞƏRH Rusiya-Ermənistan münasibətində gərginlik davam edir. İki ölkə arasında çətinliklərin tezliklə aradan qalxacağı ehtimalı azıdır. Mövcud gərginlik hər il artır. Bu il Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin Bişkekdəki sammitinə qatılması, yaxud Koll
Analitika
28 Dekabr , 2023 15:15
Rusiyadan Ermənistana suverenlik xəbərdarlığı - Paşinyan buna necə cavab verəcək? - ŞƏRH

Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir. İki ölkə arasında fikir ayrılıqlarının tez bir zamanda aradan qalxacağı ehtimalı azıdır. Çünki Moskva-İrəvan qarşıdurması getdikcə daha sərt xarakter alır. Məsələn, Ermənistan baş naziri Nikol Paşinyan bu il MDB-nin Bişkekdəki sammitinə qatılmadı. Bundan başqa, İrəvan təmsilçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantılarında iştirakdan imtina etməsi adi hal alıb.

N.Paşinyanın dekabrın 25-26-da Avrasiya İqtisadi İttifaqının və MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantılarında iştirakı münasibətlərin normallaşacağı ilə bağlı ümidləri artırsa da, bunun tez bir zamanda baş verməsi mümkün görünmür.

Bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib. Bu söhbətdə Rusiya Prezidenti Vladimir Putin və ya nümayəndəsi iştirak etmədi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son müsahibəsində səsləndirdiyi fikirlər də Moskva-İrəvan münasibətlərinin gərgin olduğunu deməyə əsas verir.

İki ölkə arasında iqtisadi və maliyyə sahəsində əlaqələrdə elə ciddi dəyişiklik müşahidə olunmur. 2023-cü ilin avqustunda Rusiyadan Ermənistana pul köçürmələri 30 milyard (332 mln dollar) rublu ötüb. Bu isə 2021-ci il üçün orta aylıq köçürmələrin həcmindən 7,2 dəfə çoxdur. Müqayisə üçün qeyd edək ki, hesabat dövründə Rusiyadan Gürcüstana 5,7 milyard rubl (55 mln dollar) göndərilib. Bu da ötən ilin oktyabr və dekabr ayları ilə müqayisədə xeyli aşağıdır.

Bundan başqa Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırmayıb. Moskva İrəvana mavi yanacağın min kubmetrini gələn il də 165 dollara satacaq. Onu da qeyd etmək lazımdır ki, N.Paşinyan hökuməti bu məbləği rublla ödəyir. 2023-cü ilin birinci yarısında Rusiyada rəsmi qeydiyyata alınan erməni əmək miqrantlarının sayı 54 mindən 57 minə yüksəlib.

Bu onu göstərir ki, iki ölkə arasında ənənəvi sahələr üzrə əlaqələr qalmaqda və inkişaf etməkdədir. S.Lavrov müsahibəsində deyib ki, Rusiya ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələri və sənaye məsələləri üzrə danışıqlar uğurla davam edir.

Moskva ilə İrəvan arasında başlıca problemləri aşağıdakı kimi sıralamaq olar:

- Ermənistanın NATO ilə əlaqələri;

- ABŞ ilə İrəvanın münasibəti;

- Avropa İttifaqı-Ermənistan əlaqələri;

- Rəsmi İrəvanın KTMT-dən uzaqlaşmaq cəhdləri;

- Ermənistanın MDB ilə əlaqələri kəsmək niyyəti;

- Rusiya ilə Ermənistan arasında hərbi-texniki əlaqələrin zəifləməsi;

- İrəvanın hərbi sahədə yeni tərəfkeş seçməsi;

- Rusiyanın bu ölkədəki hərb bazası;

- Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərinin mühafizəsinin perspektivləri və s.

S.Lavrov müsahibəsində bu kimi məsələlərə toxunub. O, əminliklə iddia edib ki, iki ölkə arasında bütün çətinliklər müvəqqəti xarakter daşıyır: “Bunlar siyasi iradə göstərilərsə aradan qaldırılacaq”. Çətinliklərin yaranması da məhz siyasi idarə ilə bağlıdır. Ona görə də yaxın zamanlarda gərginliyin azalacağı ehtimalı yüksək deyil.

O, Rusiyanın Ermənistandakı hərbi bazaları ilə bağlı müzakirəni də məqsədəuyğun saymayıb. Nazir rəsmi İrəvana xəbərdarlıq da edib: “Rusiya Federasiyası hesab edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”. Bu, Ermənistanın dövlət müstəqilliyini itirə biləcəyi ilə bağlı çox sərt ismarışdır.

S.Lavrovun müsahibəsi Moskvanın İrəvan qarşısında tələbləri, Sankt-Peterbuqrda Vladimir Putinlə Nikol Paşinyan arasında ayaqüstü danışığın istiqamətini müəyyən etməyə imkan verir.

Rusiya Sankt-Peterburqda Ermənistana suverenliyini itirə biləcəyi ilə bağlı xəbərdarlığını edib. Növbəti gediş rəsmi İrəvanındır. Görək N.Paşinyan buna necə cavab verəcək.

Son xəbərlər

Orphus sistemi