​Rusiya-İran müttəfiqliyi: bağlar tezliklə qırılmayacaq - ŞƏRH

​Rusiya-İran müttəfiqliyi: bağlar tezliklə qırılmayacaq - ŞƏRH Tərəflərin müzakirə etdiyi məsələlərdən biri də Türkiyə-Rusiya münasibətlərinin bərpası ola bilər
Analitika
22 Fevral , 2016 16:45
​Rusiya-İran müttəfiqliyi: bağlar tezliklə qırılmayacaq - ŞƏRH

Bakı. 22 fevral. REPORT.AZ/ Son zamanlar Rusiya ilə İran rəsmiləri arasında keçirilən görüşlərdə intensivlik müşahidə edilməkdədir.

Moskva və Tehran müttəfiqdir. Bu münasibətləri onlar bir sıra sahələrdə genişləndirməkdədir. İrana qarşı sanksiyalar aradan götürüldükdən sonra tərəflər arasında əməkdaşlığın genişləndiriləcəyi də gözləniləndir. Elə nazirlərin qarşılıqlı səfərləri də bunun görünən tərəflərindəndir.

İranın müdafiə naziri Hüseyn Dehqanın Moskvaya, onun rusiyalı həmkarı Sergey Şoyqunun Tehrana səfəri də bəzi mətləbləri ehtimal etməyə də yardımçı olur.

İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra İslam Respublikası az qala yeni bazar kəşf edilmiş kimi dünya iş adamlarının diqqətini özünə çəkib.

Heç şübhəsiz, Tehran da bu məsələdə ilk növbədə Rusiya kimi müttəfiqinin maraqlarını nəzərə almaya bilməz.

Hər iki ölkənin müdafiə nazirlərinin səfərləri silah satışı məsələsində əməkdaşlığın genişləndiriləcəyini indidən ehtimal etməyə əsas verir.

Bəzi mənbələr İranın Rusiyadan "S-400" zenit-raket kompleksi almaq və "Su-30SM" döyüş təyyarəsini quraşdırmaqla bağlı danışıqlar apardığı ehtimal olunur.Tərəflər arasında "Baston" raket kompleksi, "Yahont" gəmi əleyhinə raket, "Yak-130" döyüş-təlim təyyarəsi, "Mİ-8/17" helikopteri, hərbi gəmilərin alınması istiqamətində müzakirələrin olduğu istisna edilmir.

Bütün bunlarla yanaşı, Rusiyanın hələ də "S-300" zenit-raket kompleksinin İrana tadarük etmədiyi də nəzərə alınmalıdır. Çünki hərbi texnika ilə bağlı İrana tətbiq edilən sanksiyalar hələ də qüvvədədir. Görünür, Rusiya da əlavə problemlərlə üzləşməmək üçün İrana bu hərbi texnikanı verməyə tələsmir.

Ola bilsin, Kreml bu sövdələşmənin icrasını gecikdirməklə İrana qarşı özünəməxsus, sətiraltı təzyiqlər edir.

Görünür, Hüseyn Dehqanın Moskva səfəri zamanı bir sıra suallara cavablar açıq qaldığından, Sergey Şoyqu Tehrana səfər edərək ehtimal olunan anlaşılmazlığı İranda həll etmək qərarına gəlib.

Ümumiyyətlə, bu görüşlərin nəticəsi kimi, Rusiyanın İrana 9 milyard dollarlıq silah satacağı gözlənilir.

Qənaətimizcə, Sergey Şoyqunun səfəri yalnız hərbi texnika satmaqla məhdudlaşmır.

Çünki Rusiya və İran Suriyada fəal şəkildə havadan və qurudan əməliyyatı davam etdirir. Elə ötən həftənin sonunda Suriyada atəşkəsin nail olunmamasında onların da "əməyi" az deyil.

Ötən gün ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsini, habelə Suriyada atəşkəsin əldə olunması yollarını müzakirə ediblər.

Odur ki, Sergey Şoyqunun səfər çərçivəsində bu məsələni də İranın başqa yüksək vəzifəli şəxsləriylə müzakirə etdiyini də diqqətdən qaçırmaq düzgün olmaz.

Nəzərə alaq ki, Suriya ilə bağlı perspektivdə beynəlxalq vasitəçilərin yeni görüşü nəzərdə tutulur. Rusiya ilə İran Bəşşar Əsədin siyasi səhnədə qalmasını təmin edir. Bu məsələnin həllində də Tehranla Moskva arasında fikir ayrılığının mövcudluğu da mümkündür.

Tərəflərin müzakirə etdiyi məsələlərdən biri də Türkiyə-Rusiya münasibətlərinin bərpası ola bilər. Ehtimal edilir ki, indiki vəziyyətdə bu "küsülülüy"ün aradan qaldırılmasında Rusiyanın daha çox nəzərə alacağı ölkə İrandır. Bu baxımdan Tehran Moskva-Ankara münasibətlərinin bərpasına vasitəçilik edə bilər. Çünki Türkiyə-Rusiya münasibətlərinin bu səviyyədə qalması ən azı iqtisadi baxımdan İranın da maraqları ilə üst-üstə düşmür.

Qeyd edək ki, İran prezidenti apreldə Türkiyəyə səfər edəcək.

Beləliklə, müdafiə nazirlərinin qarşılıqlı səfərləri İranla Rusiyanı bir-birinə bağlayan tellərin belə tezliklə qırılmayacağını ehtimal etməyə əsas verir. 

Son xəbərlər

Orphus sistemi