Bakı. 3 may. REPORT.AZ/ Son 1 həftə ərzində türk lirəsinin məzənnəsində kəskin dəyişiklik müşahidə edilib, qonşu ölkədə 1 ABŞ dolları 4,05 lirədən 4,1 lirəyə qədər bahalaşıb.
“Report”un analitik qrupu bildirir ki, lirə ötən həftənin çərşənbə günü Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini sabit saxlamasından sonra dəyər qazanmışdı.
Bu həftənin əvvəlində isə “Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyinin Türkiyənin reytinqini endirməsi ilə lirə yenidən dəyər itirib.
Sirr deyil ki, son vaxtlar Türkiyə hökuməti ilə Mərkəzi Bank arasında fikir ayrılığı mövcuddur. Hökumət yüksək faiz dərəcələrini iqtisadi inkişafa maneə kimi görür və Mərkəzi Bankın uçot dərəcəsini azaltmasına çalışır. Pul siyasətini həyata keçirən qurum isə inflyasiyanın səviyyəsini tənzimləmək barədə düşünür. Amma türk lirəsini bahalaşdıran təkcə Mərkəzi Bankın addımları deyil. Bu məsələdə həm də Türkiyədə noyabrda keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinin tezləşdirilərək iyun ayına təyin edilməsi barədə xəbər də rol oynayır. Ölkə iqtisadiyyatında qeyri-müəyyənlik yaradan seçkiyəqədərki dövrün azalması investorların ölkəyə olan marağını artırır.
Bununla belə, “S&P”nin Türkiyənin xarici valyuta borcu üzərindəki reytinqini “BB” səviyyəsindən “BB-” səviyyəsinə, yerli valyuta borcu üzərindəki reytiniqini isə “BB+” səviyyəsindən “BB” səviyyəsinə endirməsi ilə milli valyuta yenidən ucuzlaşıb. Agentlik qərarını Türkiyədə makro-iqtisadi sabitliyin olması, inflyasiyayönümlü iqtisadiyyatın formalaşması, ticarət balansındakı kəsirin Türkiyə iqtisadiyyatı üçün əsas problem olmaması ilə izah edib.