Bakı. 2 oktyabr. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti 1 260 dollar/unsiyadan aşağı düşərsə, qızılın daha sürətlə ucuzlaşmağa başlaması gözlənilir.
"Report"un analitik qrupu xəbər verir ki, qızılın qiymətinin bir müddət dayanıqlı olaraq bu səviyyədən aşağıda qalması orta və uzunmüddətli perspektivdə ucuzlaşmaya səbəb olacaq.
Agentliyin analitikləri hesab edirlər ki, qızılın qiymətinin düşməsi üçün əsas fundamental səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında gözlənilən uçot dərəcəsinin artırılması göstərilir. Belə ki, qızıl heç bir əlavə gəlir gətirməyən, sadəcə riskdən qorunmaq üçün istifadə olunan maliyyə aktivi kimi tanınır. FED-in uçot dərəcəsini artırması ilə maliyyə bazarı iştirakçılarının dövlət qiymətli kağızlarına marağının artması gözlənilir. Həmçinin, inkişaf etmiş ölkələrin mərkəzi banklarının balanslarını azaltması qlobal maliyyə bazarında likvidliyin azalmasına, bu da alternativ maliyyə aləti kimi qızıla marağın zəifləməsinə səbəb olacaq. Bundan başqa, tədiyyə balansında problemlər yaranan bəzi ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını azaltması müşahidə olunur.
Analitik qrup bildirir ki, faizlərin artırılması və balansların azaldılması prosesinin sürətlənməsi qızılın satışını artıra bilər. Qızılın qiyməti bu ilin sonuna qədər 1 200 dollar/unsiyanın üstündə qalmağa cəhd etsə də, 2018-ci ildən etibarən ucuzlaşma davam edəcək və 2020-ci ilə qədər qızıl 800 dollar/unsiyaya kimi geriləyəcək. Qeyd edək ki, bir çox ölkədə maliyyə böhranının təsiri ilə qızıla əhalinin tələbatının da azalması gözlənilir.