“Report”: Neftin qiyməti daha da arta bilər - ANALİTİKA

“Report”: Neftin qiyməti daha da arta bilər - ANALİTİKA Dünya bazarında “qara qızıl” son 3 ilin maksimumuna qədər bahalaşıb
Analitika
8 May , 2018 16:38
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti son 3 il üzrə maksimal həddə çatıb.

“Report”un analitik qrupu bildirir ki, hazırda əmtəə birjalarında “Brent” markalı neftin 1 barelinin qiyməti 75 ABŞ dolları ətrafındadır.

Bahalaşma aşağıdakı amillərlə bağlıdır:

- ABŞ İranla bağlı sazişdən imtina edərək bu ölkəyə qarşı sanksiyalar irəli sürmək barədə düşünür. Bu, bazar üçün təkan siqnalıdır. Sazişin bağlanıb-bağlanmayacağına dair yekun qərarı Donald Tramp administrasiyası mayın 12-də qəbul edəcək.

- Dünyanın aparıcı neft ixracatçılarından olan Venesuelada iqtisadi böhran dərinləşib. Bu, bazarda təklifi azalda bilər. Neftə tələbatın sabit qaldığı nəzərə alınarsa, Venesualdakı vəziyyətin qiymətləri artıracağı şübhəsizdir.

- Qlobal iqtisadi artım sürətlənib. Məsələn, 2017-ci ildə Yaponiya kimi inkişaf etmiş ölkənin ümumi daxili məhsulu (ÜDM) gözləniləndən çox – 0,4% artıb. Ötən il Avropa İttifaqında isə iqtisadiyyatın böyüməsi 2,4% təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 0,4 faiz bəndi çoxdur. Yüksək iqtisadi artım neftə tələbatın artması deməkdir. Əgər bu tələbat ödənilməyəcəksə, “qara qızıl”ın bahalaşması qaçılmazdır.

- Neftlə yanaşı ona bağlı fyuçers müqavilələrinin də qiyməti artmaqdadır. Bu maliyyə alətləri son 3 ildə ilk dəfədir ki, 70 dollardan baha ticarət olunur. Xüsusilə də Texas (ABŞ) neftinin qiymətinin 70 dolları üstələməsi bahalaşmadan ən çox faydalanacaq dövlətlərdən birinin ABŞ olduğunu deməyə əsas verir. Bu onunla bağlıdır ki, Amerika qitəsində Meksika və Venesuellanın neft istehsalının həcmini azalması ilə ABŞ-ın satış bazasının həcmi artıb.

- ABŞ dolları indeksi son vaxtlar uzunmüddətli azalma trendinin əksinə olaraq artmaqdadır. Neftin bahalaşması ilə ABŞ iqtisadiyyatına marağın artması Amerika valyutasının xeyrinə işlədiyindən dollar indeksi ötən ilin dekabr ayından bəri ən yüksək həddə - 92,908-ə çatıb. Əvəzində digər ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına maraq azalıb və bu, özünün avronun məzənnəsində də göstərir. İnvestortlar avroda olan aktivlərini satmaq, dollarda olan aktivləri isə almaqda maraqlıdırlar. 

Son xəbərlər

Orphus sistemi