"Report": İşsizlik göstəricisinin düşməsi, neft qiymətlərinin artması - dollar üçün dəstəkləyici faktorlar - ANALİTİKA

"Report": İşsizlik göstəricisinin düşməsi, neft qiymətlərinin artması - dollar üçün dəstəkləyici faktorlar - ANALİTİKA Baş verən hadisələrin fonunda ABŞ səhm indeksləri də dəyər qazanıb
Analitika
5 İyun , 2018 10:45
Report: İşsizlik göstəricisinin düşməsi, neft qiymətlərinin artması - dollar üçün dəstəkləyici faktorlar - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ ABŞ-da işsizlik səviyyəsinin dərc edilməsi bu göstəricinin ölkə tarixində 2000-ci ildən bəri ən aşağı həddə düşdüyünü açıqladı. Belə ki, işsizlik may ayında 281 min nəfər azalaraq 6.07 milyona çatdı (3.9% proqnozlaşdırılan işszlik 3.8% həddində açıqlandı).

Qeyd edək ki, ABŞ-da 1948-ci ildən 2018-ci ilə qədər olan orta işsizlik həddi 5.78%-dir.

Digər tərəfdən 94.156 səviyyəsində olan dollar indeksi ilin başlanğıcından bəri olan ən yüksək səviyyəsini yaşayır. 

“Report”un analitik qrupu qeyd edir ki, bu il dollar indeksinin artımını dəstəkləyən əsaslı səbəblər mövcuddur. Təbii ki, bu səbəblərin ən birincisi ABŞ istiqrazlarının faiz dərəcələrinin psixoloji hədd sayılan 3%-i keçməsidir. Məhz bu səbəbdən investorların ABŞ iqtisadiyyatına olan marağı digər ölkələrə nisbətən artıb. Bu isə öz növbəsində dollar üçün dəstəkləyici faktordur. Lakin burada işsizlik göstəricisi kimi ABŞ iqtisadi göstəricilərinin rolunun olmasını, inflyasiya gözləntiləri fonunda FED-in uçot dərəcəsini artırması ilə əlaqədar bazarın yenidən canlanması faktorlarının da dolların dəyəri üçün pozitiv şərait yaratdığını vurğulamaq olar. 

Dollar indeksinin son bir illik qrafiki:

Eyni zamanda, Venesuela və Meksikanın neft istehsalat həcmlərinin azaltması fonunda neft qiymətlərinin qalxması və bu sahənin ölkə üçün olduqca gəlirli olması da ABŞ iqtisadiyyatını, dolayısı ilə də dolları qısa müddətdə dəyərləndirən faktorlardandır.

Baş verən hadisələrin fonunda ABŞ səhm indeksləri də dəyər qazanıb. Məsələn, S&P500 indeksinin səviyyəsi ötən gün 1.08%, Dow Jones Sənaye ortalaması 0.9%, Nasdaq indeksi 1.51% artıb.

Digər tərəfdən son dövrlərdə avro ilə məzənnə nisbətlərində dolların xeyrinə dəyişiklik müşahidə edilir. Belə ki, EUR/USD kursu ötən günlərdə 1.15-ə qədər azalmışdı. Nəzərə alsaq ki, son zamanlar dollar təkcə avro qarşısında deyil, digər məzənnələr qarşısında da dəyər qazanır, onda biz yaxın zamanlarda dolların dəyər qazanmasını təmin edən bir neçə faktorun əsasən ABŞ iqtisadiyyatı ilə bağlı olduğunu görə bilərik.

Bununla bərabər, avronun performansındakı zəiflik həm də son dövrlərdə avrozonasında baş verən siyasi və iqtisadi problemlərin büruzəsidir. Buraya uzun müddətdir davam edən Brexit müzakirələri, Almaniyada Deutsche bank böhranı, İtaliya və İspaniyada baş verən siyasi gərginlinklərin fonunda avro zonasının riskinin artması ilə bərabər pul vahidinə olan inamın qısa müddətli azalması faktorlarını aid edə bilərik.

Son xəbərlər

Orphus sistemi