Bakı. 22 oktyabr. REPORT.AZ/ Təxminən 10 gündür ki, dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 220 - 1 230 ABŞ dolları civarında sabitləşib. Halbuki, oktyabrın 8-10-da qiymət 1200 dollardan aşağı idi.
“Report”un analitik qrupu hesab edir ki, qiymətli metala tələbatın artması ilk növbədə iqtisadi qeyri-müəyyənliklərlə bağlıdır.
Məsələn, dünyanın iqtisadi cəhətdən ən yüksək səviyyədə inkişaf etmiş 7 ölkəsindən biri – İtaliyada büdcə kəsri nəzərəçarpacaq dərəcədə böyüyüb. Son nəticədə ölkənin kredit reytinqi aşağı salınıb ki, bu da investorları İtaliyanın dövlət səhmlərindən və istiqazlarından qızıla yönəldib.
Bundan başqa, sabah Bakı vaxtı ilə saat 19:20-də İngiltərə Bankının sədri Mark Korneyin açıqlaması gözlənilir. Baş bankirin “Brexit” mövzusunda çıxış edəcəyi proqnozlaşdırılır. Bununla belə, onun konkret nə deyəcəyi ilə bağlı qeyri-müəyyənlik var. Son nəticədə investorlar hələ ki, daha təhlükəsiz hesab etdikləri əmtəəyə - qızıla yönəliblər.
Oktyabrın 25-də, Bakı vaxtı ilə saat 15:45-də isə Avropa Mərkəzi Bankından “faiz qərarı” gözlənilir. Qurumun uçot dərəcəsini dəyişməyəcəyi ehtimalı yüksək olsa da, Bankın sədri Mario Draqenin iclasdan sonraya planlaşdırılan çıxışı maliyyə bazarlarını “çalxalaya bilər”. Bu da investorlarda qeyri-müəyyənlik yaradır və onları qızıla yönəldir.
“Report”un analitik qrupu hesab edir ki, bu həftə ərzində qızılın qiymətində azalma olmayacaq, əksinə qiymətli metalın 1 unsiyası 1 250 dollara qədər bahalaşa bilər.