"Report": Funt və avronun dollara qarşı ucuzlaşması davam edəcək

"Report": Funt və avronun dollara qarşı ucuzlaşması davam edəcək FES isə artıq növbəti toplantısında uçot dərəcəsini artıra bilər
Analitika
24 İyun , 2016 10:59
Report: Funt və avronun dollara qarşı ucuzlaşması davam edəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasını (Brexit) dəstəkləyənlərin dünən keçirilən referendumda üstünlük təşkil etməsi hər iki bölgənin valyutalarına neqativ təsir edib. Avro və funt sterlinq qlobal valyuta bazarlarında kəskin ucuzlaşıb. 

"Report"un analitik qrupu hesab edir ki, hər iki valyutanın dəyərinin azalması prosesi davam edəcək. Britaniyanın Aİ-dən müxtəlif sosial proqramlar üçün yardımlardan kənar qalması, Aİ-dən ucuz işçi qüvvəsinin ölkəyə azad daxil olmasının əngəllənməsi, ticarət kvotalarının dəyişməsi və s. iqtisadi amillər funt sterlinqin bundan sonra da ucuzlaşacağını göstərir. 

Avrozonada isə "Brexit"in baş tutması daha ciddi problemlər yarada bilər. Avronun ucuzlaşmasına səbəb əsasən Aİ-nin digər üzvlərinin də gələcəkdə ayrılmaq istəyə bilməsi ilə əlaqədardır. Nəticədə, bu, Aİ-nın dağılmasına gətirib çıxara bilər. Xatırladaq ki, bu həftə İtaliyada avro pul vahidindən imtina üçün referendum keçirilməsi ilə bağlı fikirlər səslənməyə başlayıb.

Dünənki referendumdan sonra funtun dollara qarşı məzənnəsi 12% düşərək 1,3231 USD/GBP səviyyəsinə çatıb. Lakin sonradan 1,36 USD/GBP-yə kimi yüksəlib. Avronun dollara qarşı məzənnəsi isə 4,5% enərək 1,0913 USD/EUR səviyyəsinə çatdıqdan sonra bir qədər artıb və 1,1030 USD/EUR-a yüksəlib. "Report"un analitik qrupu hesab edir ki, funt sterlinqin məzənnəsi ucuzlaşmağa davam edəcək və 1,20-1,25 USD/GBP səviyyəsinə qədər enəcək. Avronun məzənnəsinin isə qısa müddət ərzində 1,05 USD/EUR-a qədər azalması proqnozlaşdırılır. 

Xatırladaq ki, iyulda ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini yüksəltmək üçün ehtiyat etdiyi problemlərdən biri olan "Brexit" artıq həllini tapdığı üçün FES-in iqtisadi göstəricilərin müsbət tendensiyası davam edəcəyi təqdirdə faizləri yüksəltməsi mümkündür. Bu da dolların məzənnəsini qlobal valyuta bazarında daha da möhkəmlədəcək.

Son xəbərlər

Orphus sistemi