“Report”: FED uçot dərəcəsini artırsa, TRY/USD nisbəti 4,8-ə çata bilər - ANALİTİKA

“Report”: FED uçot dərəcəsini artırsa, TRY/USD nisbəti 4,8-ə çata bilər - ANALİTİKA Türkiyə Mərkəzi Bankı buna qarşı addım atmalı olacaq
Analitika
13 İyun , 2018 16:47
“Report”: FED uçot dərəcəsini artırsa, TRY/USD nisbəti 4,8-ə çata bilər - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyə hökuməti qlobal maliyyə bazarlarında ABŞ dollarının bahalaşmasının daxili valyuta bazarında gərginlik yaratmasının qarşısını almaq məqsədi ilə ötən ay süni məzənnə (1 dollar – 4,2 lirə, 1 avro – 4,9 lirə, 1 ingilis funtsterliq – 5,6 lirə) tətbiq etsə də, valyuta birjasında TRY/USD nisbəti mayın 23-də ən yüksək həddə - 4,93-ə çatdı.

“Report”un analitik qrupu xatırladır ki, aradakı fərqi minimuma endirmək üçün Türkiyə Mərkəzi Bankı son 2 ay ərzində 3 dəfə uçot dərəcəsinə yenidən baxıb.

Sonuncu dəfə iyunun 7-də qurum heç kimin gözləmədiyi halda, sözügedən göstəricini 16,5%-dən 17,75%-ə qaldırıb və bununla da bazarda şok effekti yaradıb. Çünki tənzimləyici orqanın mümkün addımları ilə bağlı şərh verən əksər analitiklər faiz artımının 0,5%-dən çox olmayacağını proqnozlaşdırırdı. Baxmayaraq ki, Mərkəzi Bankın rəhbəri Murad Çətinqaya və Türkiyənin baş nazirinin müavini Mehmet Şimşək Londona (Böyük Britaniya) səfər etdikdən sonra açıqlama verərək lirənin ucuzlaşmasının qarşısını bütün vasitələrlə alacaqlarını bildirmişdilər.

Faizlərin kəskin artırılmasından sonra Türkiyədə dolların məzənnəsi 4,59 lirədən 4,46 lirəyə düşsə də, sonradan milli valyuta yenidən dəyər itirməyə başlayıb. Hazırda TRY/USD nisbəti 4,65 ətrafındadır. Bu isə onu göstərir ki, rəsmi uçot dərəcəsi ilə bazardakı faktiki maliyyələşmə faizi arasında, təxminən, 1 faiz bəndi fərq var və lirəyə dəyər qazandırmaq üçün Mərkəzi Bankın yenidən faiz artımına gedəcəyi istisna deyil.

“Report”un analitik qrupu isə hesab edir ki, Türkiyə hökuməti faizləri artırmaq üçün bir qədər gözləməlidir. Çünki hazırda ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçirilir. Əgər iclasda uçot dərəcəsinin artırılması barədə qərar qəbul edilsə, TRY/USD nisbəti 4,8-ə çata bilər. Bunun qarşısını almaq üçün Türkiyədə faiz artımı qaçılmazdır. Əgər FED faizləri sabit saxlayarsa, bu halda, bütün dünyada, o cümlədən qonşu ölkədə dolların mövqeyi zəifləyə, 1 dollar 4,4 lirəyə qədər ucuzlaşa bilər və Mərkəzi Bankın uçot dərəcəsini artırmasına ehtiyac qalmaz. 

Son xəbərlər

Orphus sistemi