"Report": Dünya iqtisadiyyatında qeyri-müəyyənliklər manatın bahalaşmasını əngəlləyir

"Report": Dünya iqtisadiyyatında qeyri-müəyyənliklər manatın bahalaşmasını əngəlləyir Mərkəzi Bank uçot dərəcəsini çox azalda bilmir
Analitika
6 Mart , 2018 15:53
Report: Dünya iqtisadiyyatında qeyri-müəyyənliklər manatın bahalaşmasını əngəlləyir

Bakı. 6 mart. REPORT.AZ/ Dünya iqtisadiyyatında mövcud və gözlənilən qeyri-müəyyənliklər Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsini əngəlləyir. 

"Report"un analitik qrupu bildirir ki, geosiyasi problemlər, proteksionist qərarlar, valyuta məzənnələrində kəskin dalğalanmalar, kriptovalyuta bazarlarında qeyri-sabitlik, neft qiymətlərində müşahidə olunan təzyiqlər fonunda bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da milli valyutanın bahalaşmasına mane olur. 

Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələr ortamüddətli perspektivdə iqtisadi durğunluğa çox yaxındırlar. Belə ki, bu ölkələrin əksəriyyəti yerli valyutanın ucuzlaşmaması üçün pul kütləsini azaltmaq məcburiyyətində qalıblar. Bu da, öz növbəsində, iqtisadi artıma mane olur. Əks halda, əgər mərkəzi banklar pul kütləsinin artırsalar, o zaman iki amil milli valyutaya mənfi təsir edəcək. Bunlardan birincisi, idxalın artması, ikincisi isə qlobal maliyyə böhranı yaşandığında xarici valyutaya tələbin artması olacaq. Azərbaycan variantında da bu belədir. Bu səbəbdən bankların kreditləşməni bərpa etməsi çətinləşir. Dollarlaşma səviyyəsi yüksək olaraq qalır. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini kifayət qədər azalda bilmir. Çünki faizlərin azalması manatla depozitlərin cəlbediciliyini aşağı salır və əmanətçilərin xarici valyutaya yönəlməsinə səbəb olur. İqtisadiyyatın artımı isə, əsasən, dövlət xərclərinin artırılması hesabına baş verir. 

Təbii ki, dövlət xərcləri istənilən qədər artırıla bilməz. Bu, pul kütləsinin artmasına gətirib çıxarır. Məhz bu səbəbdən xərclər yumşaq şəkildə artırılaraq ən yaxşı halda 0-2% iqtisadi artımın əldə olunmasına nail olunur. Məhz bu səbəblərdən neftin bahalaşmasına baxmayaraq, manatın möhkəmlənməsi təzyiqlərlə üzləşir. Yaxın illərdə isə manatın məzənnəsinin ən yaxşı halda cari səviyyələrdə qalmasını, neft ciddi ucuzlaşarsa, o zaman manatın da bir qədər ucuzlaşmasını görmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi