Yuxarı
    Bağlamaq

    “Report”: Dünya bazarında palladium bahalaşmaqda davam edəcək - ANALİTİKA

    Bu metala olan tələbatın təkrar istehsal hesabına ödənilə bilməməsi onun qiymətinin artması üçün mühüm amildir

    Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən həftə dünya bazarında palladiumun qiyməti son 16 ildə ilk dəfə qızılın qiymətini üstələyib.

    “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hazırda əmtəə birjalarında palladiumun 1 unsiyası 1 265 ABŞ dollarına, qızılın 1 unsiyası isə 1 250 dollara realizə edilir.

    Halbuki, 1 il bundan əvvəl palladiumun qiyməti 1 019 dollar/unsiya, qızılın qiyməti isə 1 249 dollar/unsiya təşkil edib.

    “Report”un analitik qrupu hesab edir ki, palladiumun kəskin bahalaşması, əsasən, avtomobil sənayesində ondan istifadənin genişlənməsi ilə bağlıdır. Bu metal avtomobillərin mühərrikinin işləməsi hesabına formalaşan zərərli qazları zərərsiz qazlara çevirir. Odur ki, müasir ekoloji standartları və tələbləri nəzərə alan istehsalçılar palladiumdan yararlanırlar. Son nəticədə il ərzində bütün dünyada istifadə olunan 208 ton palladiumun, təxminən, 75%-i avtomobil sənayesinin payına düşür.

    Bununla yanaşı, palladiumdan kimya sənayesində, zərgərlik məmulatlarının hazırlanmasında (ağ qızıl istehsalında) da istifadə olunur. Palladiumun qiymətini həm də Rusiya, Cənubi Afrika, Kanada, ABŞ, Zimbabve kimi ölkələrdə onun istehsal həcmi, investisiya aləti kimi bu metala tələb, eləcə də ona olan tələbatın təkrar istehsal hesabına ödənilə bilməməsi formalaşdırır. Bu isə qızılla müqayisədə təsdiq olunmuş ehtiyatı 30 dəfə az olan palladimun bahalaşması üçün mühüm amildir.

    Bütün bunları nəzərə alaraq palladiumun bahalaşmaqda davam edəcəyini, onun qiymətinin bu ilin sonuna qədər 1 300 dolları keçəcəyini, gələn il isə 1 400 – 1 500 dollara çatacağını proqnozlaşdırmaq olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi