“Report”: Dünya bazarında neft bahalaşmaqda davam edəcək - ANALİTİKA

“Report”: Dünya bazarında neft bahalaşmaqda davam edəcək - ANALİTİKA “Brent” neftinin qiyməti 80 dollara, “WTI” neftinin qiyməti isə 70 dollara çata bilər
Analitika
26 Fevral , 2019 14:46

Bakı. 26 fevral. REPORT.AZ/ Ötən il oktyabrın 3-də dünya bazarında 1 barelinin qiyməti 86 ABŞ dollarına çatmış “Brent” markalı neft dekabrın 24-də 50 dollara qədər ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb və bu proses davam etməkdədir.

“Report”un analitik qrupu bildirir ki, hazırda London əmtəə birjasında qiymət 60-70 dollar arasında dəyişir.

Eyni proses “WTI” markalı neftlə bağlı da gedir. Belə ki, 5 ay bundan əvvəl Nyu-York birjasında 1 barelinin qiyməti 76 dollara çatmış neft 43 dollara qədər ucuzlaşdıqdan sonra 55-60 dollara qədər bahalaşıb.

Qiymət artımlarını əsasən Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın həcmini azaltması, eləcə də ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar stimullaşdırır. Baxmayaraq ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu ilin aprel ayına qədər neftin bazarında balansın qorunacağını və Venesuelaya qarşı atılan addımların bazarda boşluq yaratmayacağını, yəni digər OPEC üzvlərinin mümkün boşluğu dolduracaqlarını bildirib.

Bununla yanaşı, ABŞ-la Çin arasında bağlanması gözlənilən yeni ticarət sazişi də neft bazarına təsir etməkdədir. Bazar iştirakçıları hesab edirlər ki, tərəflər arasında razılıq əldə olunsa dünyanın 2-ci böyük iqtisadiyyatı canlanacaq və neftə tələbat artacaq.

Dünya bazarında neftin bahalaşması ABŞ-da xam neftin istehsalının və ixracının rekord həddə çatması ilə müşayət olunur. Ötən həftənin sonuna sözügedən göstəricilərin sutkalıq həcmi müvafiq olaraq 12 mln. barel və 3,6 mln. barel təşkil edib. Halbuki, ABŞ ötən ilin noyabr ayında sutkada 3,2 mln. bareldən çox neft ixrac etməyib. Ötən həftə nəşr olunmuş Qısamüddətli Enerji Hesabatının (Short-Term Energy Outlook - STEO) fevral sayında bildirilir ki, ABŞ dünya bazarında nefti süni yolla bahalaşdırır və ardınca bazara daxil olaraq öz məhsulunu yüksək qiymətlə realizə edir, tədricən qiymət aşağı düşdükdə isə bazardakı yerini digər neft istehsalçılarına verir, başqa sözlə bazarı neftlə təmin etməyi rəqiblərindən tələb edir.

“Report”un analitik qrupu hesab edir ki, yuxarıda sadalanan səbəblər əmtəə birjalarında nefti bahalaşdırmaqda davam edəcək. Mart-aprel aylarında “Brent” markalı neftin qiymətinin azı 80 dollar/barelə, “WTI” markalı neftin qiymətinin isə azı 70 dollar/barelə çatacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi