Bakı. 12 mart. REPORT.AZ/ Sabah ABŞ-da, martın 15-də isə avrozonada fevral ayı üzrə inflyasiya göstəriciləri açıqlanacaq.
"Report" xəbər verir ki, həmin məlumatlar dollar və avronun məzənnəsinə təsir edəcək.
Analitiklər ABŞ-da aylıq inflyasiyanın 0,2%, illik inflyasiyanın isə 2,2% təşkil edəcəyini ehtimal edirlər. Baza inflyasiyanın aylıq müqayisədə 0,2%, illik müqayisədə isə 1,8% artması gözlənilir. Qeyd edək ki, baza inflyasiyanı ABŞ Federal Ehtiyat Sistemi (FED) uzunmüddətli inflyasiya təzyiqlərinin ölçülməsi üçün əsas göstərici olaraq qəbul edir. Bu göstərici qida və enerji mənbələri üzrə qiymətləri özündə əks etdirmir.
"Report"un analitik qrupu bildirir ki, əgər inflyasiyanın səviyyəsi proqnozu üstələyərsə, dolların məzənnəsi möhkəmlənə bilər. Amma, hər bir halda FED-in martın 20-21-də keçirəcəyi monetyar siyasət iclasında uçot dərəcəsini 0,25 faiz bəndi artırması gözlənilir.
Avrozonada isə fevral ayı üzrə illik inflyasiyanın yanvar ayı ilə müqayisədə 0,1 faiz bəndi azalaraq 1,2% təşkil etməsi gözlənilir. Baza inflyasiyanın isə ötənaykı səviyyədə (1%) qalması ehtimal olunur.
"Report"un analitik qrupu bildirir ki, avrozonada inflyasiyanın proqnozu üstələməsi avronun məzənnəsinə daha çox təsir edə bilər. Belə ki, maliyyə bazarları hazırda Avropa Mərkəzi Bankından (ECB) monetar siyasətin sərtləşdirilməsi ilə bağlı qəti addımlar gözləyir. ECB həm monetar stimullaşdırmanı dayandırmalı, həm də uçot dərəcəsini artırmağa başlamalıdır.
Həftə ərzində əsas valyuta cütlüyü olan USD/EUR nisbətinin 1,20-1,24 arasında hərəkət edəcəyi istisna edilmir. Bu cütlüyün trendini əsaslı olaraq dəyişməsi 2019-cu ildə valyuta bazarındakı vəziyyətin dolların lehinə işləyəcəyini proqnozlaşdırmağa əsas verir.