"Report": Azərbaycan Mərkəzi Bankı valyutaya olan tələbatı ödəyə bilmir - RƏY

"Report": Azərbaycan Mərkəzi Bankı valyutaya olan tələbatı ödəyə bilmir - RƏY Proqnoz: İlin sonuna kimi dollara tələbat tədricən artacaq
Analitika
17 Noyabr , 2016 14:42
Report: Azərbaycan Mərkəzi Bankı valyutaya olan tələbatı ödəyə bilmir - RƏY

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması səbəbi Mərkəzi Bankın (AMB) təşkil etdiyi valyuta hərraclarında valyuta təklifinin azalması ilə bağlıdır. 

"Report"un analitik qrupu bildirir ki, son zamanlar hərraclara çıxarılan vəsait Azərbaycan banklarının cari tələbatını ödəmir. Belə ki, AMB son hərraclara mütəmadi olaraq 35 mln. dollar çıxarır ki, bu isə aylıq 240-275 mln. dollar deməkdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycanda 2016-cı ildə orta aylıq idxal təqribən 700 mln. dollar təşkil edib. Oktyabrda isə idxalın həcmi 756 mln. dollar olub. Yəni hazırda satışa çıxarılan valyuta kütləsi ən yaxşı halda idxalçıların tələbatının 40%-ni təmin edir. 

Xatırladaq ki, ilin son ayları şirkətlərin xarici borc öhdəliklərini bağlaması, Yeni İl bayramı ilə əlaqədar idxalın artması, xarici səfərlərlə əlaqədar valyuta tələbatının çoxalması ilə xarakterizə olunur. Buradan belə nəticəyə gəlmək olar ki, ilin sonuna qədər valyuta tələbatı pik həddə çatacaq. 

"Report"un analitik qrupu hesab edir ki, bu ilin sonuna qədər Azərbaycanda dolların rəsmi məzənnəsi 1,85-1,90 AZN/USD səviyyəsinə kimi yüksələ bilər. Xatırladaq ki, dünya bazarında da dolların məzənnəsi ABŞ-da uçot dərəcəsinin artması gözləntiləri səbəbindən möhkəmlənir. Azərbaycanda dolların məzənnəsinin yanvar-fevral aylarında sabitləşəcəyi ehtimal edilir. Belə ki, bu aylarda dollara tələb kifayət qədər aşağı enir. Belə ki, 2016-cı ilin yanvarında idxal 434 mln. dollar, fevralda isə 542 mln. dollar olub. Bu da orta illik göstəricinin müvafiq olaraq 62% və 77%-nə bərabərdir.

Son xəbərlər

Orphus sistemi