Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu həftə (oktyabrın 10-da) ABŞ-ın “Dow Jones” sənaye indeksində kəskin azalma qeydə alındı. İndeks birdən-birə 831,83 bənd və yaxud 3,15% azalma nümayiş etdirərək 25 598,74 bənddə qərarlaşdı.
Həmin gün ABŞ-ın texnologiya nəhənglərinin səhmlərində kəskin ucuzlaşma baş vermişdi. “Netflix” 8,4%, “Amazon” 6,2%, “Intel” və “Microsoft” hər biri isə 3,5%-dən çox dəyər itirmişdi.
“Dow Jones”la yanaşı, oktyabrın 10-da ABŞ-ın digər fond birjası indeksləri (“S&P 500”, “Nasdaq” ) də azaldı. Bu tendensiya hələ ki, davam edir.
“Report”un analitik qrupu hesab edir ki, fond bazarında baş verənlər bir neçə amillə bağlıdır. İlk növbədə, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini yenidən qaldıracağı ehtimalı yüksəkdir. Faizlərin artımı səhm bazarına və bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir edir, investorların ya istiqrazlara, ya da qiyməti sabit olan qeyri-texnologiya şirkətlərinin səhmlərinə yönəlməsi ilə nəticələnir.
Məsələ ilə bağlı açıqlama verən ABŞ Prezidenti Donald Tramp səhm bazarındakı vəziyyətin sürpriz olmadığını bildirib: “Düşünürəm ki, səhmlərin ucuzlaşması doğrudur. Əslində belə bir korreksiya bizim çoxdan gözlədiyimiz bir hadisə idi. Lakin FED-in siyasətindən son dərəcə narazıyam. Düşünürəm ki, bu qurum artıq dəli olub”.
Qeyd edək ki, ABŞ Prezidentləri tarixən, Mərkəzi Bank statusunda olan FED-in müstəqilliyini qorumaq naminə onun həyata keçirdiyi siyasəti müzakirə etməkdən çəkinib. Lakin D.Tramp bu ənənəni pozub və bildirib ki, artan faiz dərəcələri, vətəndaşları və iş adamlarını yüksək faiz dərəcəsi ilə borc almaqdan çəkindirəcək və ölkə iqtisadiyyatını zəiflədəcək.
ABŞ-ın səhm bazarındakı kəskin ucuzlaşmanın digər səbəbi isə yerli şirkətlərə maliyyə nəticələrini elan etməzdən əvvəl öz səhmlərini almağa imkan verilməməsi ola bilər. Yaxın günlərdə bir sıra ABŞ şirkətlərinin 2018-ci ilin III rübünə yekun vuracaqları, yüksək mənfəət açıqlayacaqları nəzərə alınarsa, gələn həftədən səhmlərin bahalaşacağını proqnozlaşdırmaq olar.
Xatırladaq ki, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövründə ABŞ şirkətləri öz səhmlərini almağa 4,4 trnl. dollar pul xərcləmişdilər. Biznes strukturlarının bu məsələdə aqressiv davranması, hiss olunacaq aktivliklə səhmlərini toplaması fond bazarında onlara tələbatı kəskin artırır və qiymətlərin yüksəlməsinə səbəb olur.
Onu da qeyd edək ki, ABŞ-ın fond bazarındakı azalmalar dünya iqtisadiyyatına təsir edir, paralel olaraq digər regionlarda da fond birjası indekslərinin azalmasına səbəb olur.