“Report”: ABŞ-ın fond birjası indekslərinin azalması müvəqqətidir - ANALİTİKA

“Report”: ABŞ-ın fond birjası indekslərinin azalması müvəqqətidir - ANALİTİKA ABŞ iqtisadiyyatına maraq yenidən artacaq
Analitika
20 Noyabr , 2018 15:14
“Report”: ABŞ-ın fond birjası indekslərinin azalması müvəqqətidir - ANALİTİKA

Bakı. 20 noyabr. REPORT.AZ/ Ötən gün fond birjalarında ABŞ-ın informasiya və kommunikasiya texnologiyaları üzrə nəhəngləri sayılan “Apple” və “Facebook”un səhmlərinin kütləvi satışı müşahidə edilib. Son nəticədə adı çəkilən şirkətlər bazar dəyərini 3-5% itirib.

“Report”un analitik qrupu bildirir ki, baş verənlərin fonunda dünyanın və ABŞ-ın aparıcı birja indeksləri - “Dow Jones”, S&P 500 və “Nasdaq” azalma nümayiş etdirib.

Səhmlərdən imtina ilə yanaşı, dünyanın ən böyük hedc fondu olan “Bridgewater”in qurucusu Rey Dalionun verdiyi müsahibə də indekslərin azalmasında rol oynayıb. Xatırladaq ki, iş adamı müsahibəsində ABŞ-ın Federal Ehtiyat Sisteminin (FE) uzun illər yürütdüyü aşağı uçot dərəcəsi siyasəti fonunda dolların bütün dünyaya yayıldığını qeyd edərək bunu mənfi hal kimi qiymətləndirib. ABŞ-ın məşhur investisiya bankı “Goldman Sachs” isə gələn ildən dolların ucuzlaşacağı barədə proqnoz verib. Bütün bunlar isə Amerika iqtisadiyyatına marağı azaldıb.

Bununla belə, indekslərdəki azalmaya baxmayaraq, ümumi tendensiya onların artması istiqamətindədir. Belə ki, ilin əvvəlindən bəri “Dow Jones” 1,2%, S&P 500 0,6%, “Nasdaq” isə 1,8% artın nümayiş etdirib. ABŞ-ın proteksionist siyasət yürütdüyünü, Çinlə ticarət müharibəsindən qalıb çıxmaq şansının yüksək olduğunu nəzərə alsaq, adları çəkilən indekslərin yenidən artacağını proqnozlaşdırmaq olar. 

Son xəbərlər

Orphus sistemi