Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ dollarının, əsas rəqibləri olan avro və ingilis funt sterlinqi qarşısında ucuzlaşması sona yaxınlaşır.
"Report"un analitik qrupu hesab edir ki, hazırda 1,232-yə barabər olan USD/EUR nisbətinin və 1,4035-ə bərabər olan USD/GBP nisbətinin daha 2-7% artma ehtimalı var. USD/EUR 1,255, USD/GBP isə 1,5 səviyyəsinə qədər yüksələ bilər.
Bununla belə, dolların kəskin ucuzlaşması üçün hazırda heç bir iqtisadi-maliyyə səbəbi yoxdur. Sadəcə ABŞ hökuməti ölkədən ixracı sürətləndirmək, ümumilikdə iqtisadi artımı, o cümlədən dayanıqlı inflyasiyanı təmin etmək üçün milli valyutasının məzənnəsini zəiflədir. Bu məqsədlə müxtəlif sözlü intervensiyalardan istifadə olunur. 2018-ci ildə USD/EUR nisbətinin 1,20-1,26, USD/GBP nisbətinin isə 1,35-1,5 diapazonunda hərəkət etməsi proqnozlaşdırılır.
Dolların ucuzlaşması ilə ABŞ-da iqtisadiyyatın canlanması, Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırması gözlənilir. 2018-ci il üçün FED-in uçot dərəcəsini 2-2,5%-ə, 2019-cu ilin əvvəlində isə 3%-ə yaxınlaşdırması proqnozlaşdırılır. Bu dövrdə isə Avropa Mərkəzi Bankının (ECB) uçot dərəcəsi 0% səviyyəsində qalacaq, sadəcə monetar stimullaşdırma bitəcək. Bu da öz növbəsində dolların məzənnəsinin kəskin artmasına gətirib çıxaracaq.
"Report"un analitik qrupu 2019-cu ilin ilk yarısında USD/EUR nisbətinin paritetə, USD/GBP nisbətinin isə 1,25 səviyyəsinə qədər azalacağını ehtimal edir.