"Report": 2017-ci ildə Azərbaycanda və dünyada baş verən əsas hadisələr - İCMAL

"Report": 2017-ci ildə Azərbaycanda və dünyada baş verən əsas hadisələr - İCMAL Bakı. 25 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan 2017-ci il qlobal geosiyasətə təsir edən müxtəlif hadisələrlə zəngin oldu. Report agentliyi illik icmalı sizlərə təqdim edir.
Analitika
25 Dekabr , 2017 14:18
Report: 2017-ci ildə Azərbaycanda və dünyada baş verən əsas hadisələr - İCMAL

Bakı. 25 dekabr. REPORT.AZ/ Başa çatmaqda olan 2017-ci il qlobal geosiyasətə təsir edən müxtəlif hadisələrlə zəngin oldu. "Report" agentliyi illik icmalı sizlərə təqdim edir.

2017-ci ildə Azərbaycanda yalnız ölkənin özü üçün yox, həm də bütövlükdə region üçün əhəmiyyətli bir sıra layihələr həyata keçirilib, eləcə də mühüm sazişlər imzalanıb.

"Əsrin yeni müqaviləsi"

Sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimi keçirilib.

Saziş "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə PSA sazişi) müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutur. Yeni müqaviləyə əsasən, SOCAR-ın payı 25%-dək artırılıb.

"Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev müqavilənin imzalanması mərasimində bildirib.

"Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək", - dövlət başçısı deyib.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı

Başa çatmaqda olan ildə Azərbaycan üçün digər əhəmiyyətli hadisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı olub. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan, Gürcüstan və Özbəkistanın hökumət başçıları - Bakıtjan Saqintayev, Giorgi Kvirikaşvili və Abdulla Aripov iştirak ediblər. Bu nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirəcək, Cənubi Qafqaz - Azərbaycan, Gürcüstan - Türkiyə vasitəsilə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Bu marşrutun ötürücülük qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükdür. Gələcəkdə bu göstəricilər 3 milyon sərnişin və 20 milyon ton yükə qədər artırıla bilər.

Azərbaycanlı politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycan çox əlverişli coğrafi mövqe tutduğundan həm Asiyanın, həm də Avropanın bir çox ölkələri üçün həqiqətən çox cəlbedici tərəfdaşdır.

"Şimal-Cənub, Şərq-Qərb yollarının kəsişməsində yerləşməkə bir növ çox incə bağları təcəssüm etdiririk. Üç qitəni - Avropa, Afrika və Asiyanı birləşdirən "piramida" ilə bağlı durumu nəzərə alaraq burada nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və kommunikasiya infrastrukturunun genişləndirilməsi perspektiv baxımdan çox vacibdir", - politoloq bildirib.

İslam Həmrəyliyi Oyunları

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları - "İslamiada" keçirilib.

Oyunların maskotları Azərbaycanın milli sərvəti olan Qarabağ atları - zəriflik və gözəlliyi təcəssüm etdirən "İncə" və məharət və mərdliyi təcəssüm etdirən "Cəsur" olub.

57 ölkədən idmançıların iştirak etdiyi oyunların idman proqramına 20 idman növü daxil edilib. 11 gün ərzində 40 ölkənin nümayəndələri, ümumilikdə, 886 mükafat - 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanıblar.

Bu medalların 162-ni 75 qızıl medal ilə Oyunların ümumi yekununda 1-ci yeri tutan Azərbaycan idmançıları qazanıb. İkinci yeri 195 medal və 71 "qızıl" ilə Türkiyə, üçüncü yeri isə 98 medal və 39 "qızıl" ilə İran tutub.

Dünya səhnəsində ən aktual məsələlər terrorla, xüsusilə də İŞİD terror qruplaşmasıyla mübarizə olub, ilin ikinci yarısında dünya ictimaiyyəti İspaniyanın Kataloniya Muxtar Vilayətində baş verənləri maraqla izləyib.

Katalon separatizmi

Oktyabrın 1-də Kataloniya hökuməti əhali arasında muxtariyyətin müstəqilliyi ilə bağlı hüquqi qüvvəsi olmayan sorğu keçirib və bunu "referendum" adlandırıb. Rəsmi Madrid bunu qanunsuz elan etdiyindən seçki bülletenlərini və sandıqları yığışdırıb, təxminən 300 məntəqəni bağlatdırıb. Nəticədə Kataloniyada kütləvi iğtişaşlar yaşanıb. Oktyabrın 31-də İspaniya Konstitusiya Məhkəməsi muxtariyyət rəhbərliyi tərəfindən oktyabrın 27-də təsdiqlənən müstəqillik bəyannaməsinin hüquqi qüvvəsini dayandırıb. İspaniya Baş Prokurorluğu Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon və hökumətin 19 keçmiş üzvünə qarşı qiyam və korrupsiya ittihamı ilə cinayət işi açıb. İndi Karles Puçdemon 30 il müddətinə azadlıqdan məhrum edilə bilər. Sadəcə, o və beş tərəfdaşı Brüsselə getməyi bacarıblar.

Hazırda Belçika prokurorluğu Karles Puçdemonun İspaniya hökumətinə qaytarılmasını tələb edir, artıq iki məhkəmə iclası keçirilib.

Dekabrın 21-də Kataloniyada keçirilən təkrar parlament seçkiləri zamanı isə muxtariyyətin azadlığının tərəfdarı olan 3 partiyanın - "Birlikdə Kataloniya üçün" (JxCat), "Kataloniyanın Respublikaçı Solçuları" (ERC) və "Xalq Birliyi"nin (CUP) yaratdığı fraksiya regional parlamentdə 135 mandatdan 70-nə sahib çıxıb, başqa sözlə, çoxluq əldə edib. Amma ən çox səsi Kataloniyanın İspaniyanın tərkibində qalmasını istəyən "Vətəndaşlar" (Ciudadanos) partiyası toplayıb - 25% və bu, onlara 36 mandat təmin edəcək.

Azərbaycanlı ekspert T.Abbasov hesab edir ki, Kataloniyada baş verən bütün hadisələr açıq-aydın separatçılıq nümunəsidir.

Onun sözlərinə görə, Avropa İspaniya, Almaniya, Polşa, Çexiya, İtaliya kimi ölkələr də separatçılığın baş qaldırması faktı ilə üz-üzə qalıb: "ABŞ siyasi dairələri Avropada daim sarsıntı olmasında maraqlıdır. ABŞ praktiki olaraq bütün planeti maraqlarına daxil zona elan edərək Avropadan əsas plasdarm kimi istifadə edir".

İŞİD ilə mübarizə, Yaxın Şərq

İlin digər önəmli hadisəsi İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizənin sona çatması olub, ən azından adıçəkilən ölkələr, eləcə də ABŞ, Rusiya və İran bu barədə rəsmi açıqlama verib.

Noyabrın 21-də İraqın baş naziri Heydər əl-İbadi televiziyada çıxışı zamanı ölkəsində İŞİD-in məğlub edildiyini bildirib.

Dekabrın 11-də Vladimir Putin Rusiyanın Suriyadakı "Hmeymim" bazasına gələrək rəsmi Kremlin bu ölkədəki qoşun qruplaşmasının əhəmiyyətli hissəsini geri çəkəcəyini rəsmən açıqlayıb. Dekabrın 12-də ABŞ prezidenti Donald Tramp İraqda və Suriyada amerikalıların İŞİD üzərində qələbə qazandığını elan edib.

"Mənə elə gəlir ki, hələ yekun qələbə haqqında danışmaq tezdir. Terrorçular imkanlarını qoruyaraq güclərini qruplaşdıra bilər. 2018-ci ildə Suriya və İraq istiqamətlərində vəziyyətin ağırlaşacağını düşünürəm", - T.Abbasov vurğulayıb.

Onun fikrincə, Suriya və İraqda bu və ya digər terror qruplaşmasını dəstəkləyən ölkələr - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri planlarını həyata keçirmək üçün onlara dəstək verməyə davam edəcəklər.

İraq və Suriyada İŞİD üzərində qələbə qazanılmasının elan edilməsinə baxmayaraq, təəssüf ki, 2017-ci ildə də terror aktları törədilib və əksər hallarda buna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Onlardan ən böyüyü yanvarın 1-də İstanbulda gecə klubuna edilən hücum olub, terror aktı nəticəsində azı 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Avqustun 17-də İspaniyanın Barselona şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 13 nəfər ölüb, 100 nəfər yaralanıb. Məsuliyyəti yenə İŞİD üzərinə götürüb.

Həmçinin aprelin 3-də Sankt-Peterburqda, aprelin 7-də Stokholmda, martın 22-də və iyunun 3-də Londonda, mayın 22-də "Mançester Arena"da terror aktları törədilib.

Donald Trampın ABŞ prezidenti postunda ilk ili

Bu il dünyanın siyasi hadisələrinə təsir edən digər amil ABŞ prezidenti Donald Tramp və onun fəaliyyəti oldu. Yanvarın 20-də rəsmən ABŞ prezidenti vəzifəsinə keçən Tramp milli iqtisadiyyatın inkişafına "stavka" edib və Birləşmiş Ştatların həmişə uğurlu adlandıra bilməyəcəyimiz xarici siyasətinin yanaşmalarına yenidən baxıb.

O cümlədən Vaşinqtonun sistemli olaraq zərbə endirəcəyi ilə hədələdiyi KXDR ətrafındakı vəziyyət hələ də həll olunmamış qalır. Eyni zamanda ABŞ prezidentinin İran və "altılıq ölkələri" (ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin, Rusiya) arasında imzalanmış hərtərəfli birgə fəaliyyət planından çıxmaqla bağlı bəyanatını, müsəlman ölkələrindən girişə qadağa qoymaq cəhdini, Meksika ilə sərhəddə divar inşa etmək cəhdini, eləcə də bu günlərdə Qüdsü İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair təlimat verdiyini yada salmaq olar.

Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov hesab edir ki, gələn il Tramp daxili gündəmə daha çox diqqət ayırmalı olacaq, çünki noyabrda Konqresə seçkilər keçiriləcək.

Beynəlxalq arenada iki əks tendensiya toqquşacaq. ABŞ-ın müttəfiqləri və tərəfdaşları D.Trampdan xarici siyasətində getdikcə daha çox müəyyənlik tələb edəcəklər. Eyni zamanda ABŞ prezidentinin daxili arenadakı qeyri-sabit vəziyyətini kompensasiya etmək məqsədilə Ağ Evin xarici siyasətlə bağlı addımları daim fol həddində olacaq. Bu amil ABŞ administrasiyasında əsas fiqurların istefasına qədər gedə, eləcə də administrasiya ilə Konqres arasında gərginliyi artıra bilər.

Bu il dünyada baş verən digər vacib hadisələr kimi Emmanuel Makronun Fransa prezidenti, Həsən Ruhaninin yenidən İran prezidenti seçilməsini, Cənubi Koreyada prezidentə qarşı impiçmenti, Türkiyədə parlament idarəetmə üsulundan prezidentli respublikaya keçid ilə bağlı referendumu, ABŞ-ın Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalarının genişləndirilməsini də göstərmək olar.

Son xəbərlər

Orphus sistemi