Qərbin Ukraynaya qoşun göndərmək planı - nüvə savaşı başlaya bilər - ŞƏRH

Qərbin Ukraynaya qoşun göndərmək planı - nüvə savaşı başlaya bilər - ŞƏRH Ukraynada iki ildən artıqdır davam edən müharibə beynəlxalq geosiyasi vəziyyətə ciddi təsir etməkdədir. Bir çox siyasi liderin və ekspertin də dediyi kimi, bu savaş artıq Rusiya – Ukrayna müharibəsi deyil. Qərb ölkələri, o cümlədən ABŞ prosesin birbaşa iş
Analitika
12 Mart , 2024 16:44
Qərbin Ukraynaya qoşun göndərmək planı - nüvə savaşı başlaya bilər - ŞƏRH

Ukraynada iki ildən artıqdır davam edən müharibə beynəlxalq geosiyasi vəziyyətə ciddi təsir göstərib. Bir çox siyasi liderin və ekspertin də dediyi kimi, bu savaş artıq Rusiya-Ukrayna müharibəsi deyil, Moskvanın Qərb ölkələri, o cümlədən ABŞ-la demək olar ki, hərbi qarşıdurmasıdır.

Məsələ ondadır ki, 2022-ci il fevralın 24-də Şərqi Avropada döyüşlərin başlanmasının əsas səbəbi NATO-nun genişlənmə cəhdləri olmuşdu. Həmin vaxt rəsmi Kiyevin Alyansa daxil olmasına dair müzakirələr gedirdi. Rusiya bu prosesə dözmədi və Ukraynaya müdaxilə etdi. Beləliklə, Ukrayna “bataqlığa” çevrildi və Rusiya da bura sürükləndi.

Qərbin məqsədi aydındır: Rusiyanı zəiflətmək, Şərqi Avropadakı mövqelərini gücləndirmək. Vaşinqton və müttəfiqləri bunun üçün rəsmi Kiyevdən istifadə edirlər. Beləliklə, Ukrayna artıq nəinki poliqon, həm də qurbandır.

İndiyə kimi müxtəlif cəhdlərə, təşəbbüslərə baxmayaraq, Ukraynadakı müharibənin hələ də başa çatmamasının əsas səbəblərindən biri məhz Qərbin proseslərdəki roludur. Belə ki, ABŞ və tərəfdaşları öz maraqlarına uyğun olaraq savaşın hələ başa çatmasında maraqlı deyillər.

Kiyev və Moskvanın imkanları tədricən tükənir. Savaş faktiki olaraq dalana dirənib. Rusiya cəbhədə kiçik ərazi uğurları əldə edir. Ukrayna isə Rusiya ərazisinə hücumları intensivləşdirib. Lakin bunlardan heç biri strateji nailiyyət hesab oluna bilməz.

Döyüşən tərəflər hələ ki, konsensus əldə edə bilmirlər. Çünki bir-birilərinin şərtlərini qəbul etmək istəmirlər. Hətta Rusiya və Ukrayna qarşı tərəfin hazırkı hakimiyyəti ilə danışıqların olmayacağını iddia edir. Bu isə yaxın vaxtda “suların durulması” ehtimalını bir kənara qoyur.

Maraqlıdır ki, savaşın ilk günündən sülhün əldə olunmasına çalışan Türkiyə rəsmilərindən də artıq bədbin açıqlamalar gəlir. Xarici işlər naziri Hakan Fidan deyib ki, Rusiya və Ukrayna hazırda bir masa arxasında oturmaq nöqtəsində deyillər.

Məsələ burasındadır ki, müharibənin taleyi indi yalnız Kiyev və Moskvanın iradəsindən asılı deyil. Qərbin proseslərdəki rolu döyüşlərin inkişafı və nəticəsi baxımından mühüm rol oynayır. Bu isə o deməkdir ki, Ankara müharibəni bitirmək istəyirsə, təkcə Kiyev və Moskva ilə yox, həm də Vaşinqton və Brüssel ilə işləməlidir.

Ona görə də danışıqlar ehtimalı yaxın vaxt üçün real görünmür. Amma mövzu müzakirə predmetinə çevrilərsə, Rusiya tutduğu ərazilərdə qalmağa israr edəcək. Bu isə "saatlı bomba" deməkdir və vaxtı çatanda mütləq "partlayacaq".

Ümumiyyətlə, indi elə vəziyyət yaranıb ki, effektiv danışıqlar, demək olar, mümkünsüzdür. Müharibənin bitməsi üçün daha fundamental ssenarilərə ehtiyac var. Bunlar ölkələrin ən azı birində hakimiyyət dəyişikliyi, Ukraynanın Aİ ilə Rusiya arasında geosiyasi olaraq parçalanması ola bilər.

Ukrayna geri çəkilə bilmir. Çünki Qərb bu zaman silah dəstəyini azaltmaqla Kiyevi bir növ şantaj edir. Silah tədarükünü artırdıqda isə Ukraynanın döyüşməsini təhrik edir və Rusiya adekvat cavab verməli olur. Qərbin Ukraynaya hərbi dəstəyinin tez-tez artıb-azalması da, ola bilsin, ABŞ və Avropa ilə Kiyev arasında yaranan ziddiyyətlərlə bağlıdır.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis martın 11-də deyib ki, Ukraynadakı döyüşlərin nəticəsi Qərbdən asılıdır. Yuxarıdakı fikirləri nəzərə alaraq deyə bilərik ki, nazirin fikirlərində xeyli həqiqət var.

Q.Landsbergis Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifini bəyəndiyini diqqətə çatdırıb: “2024-cü il Ukraynadakı hərbi əməliyyatların başa çatması üçün həlledici ola bilər. Müharibənin nəticəsi texnikanın miqdarından asılıdır. Ukraynalıların döyüş sursatları Rusiyanın imkanlarından 7 dəfə azdır. Onların müqavimət göstərə bilmələri bir möcüzədir. Bu il bəzi fəlakətli hadisələrin baş verdiyini görə bilərik”.

Nazirin sözlərinə görə, indi Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi haqqında müzakirələrin vaxtıdır: “Qərarsızlıq Avropanı zəiflədir. Biz hərəkətə keçməliyik”.

E.Makron fevralın 26-da deyib ki, müttəfiqlər Ukraynanı dəstəkləmək üçün hər şeyi etməlidir. O, Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsinin mümkün ssenari olduğunu söyləyib. Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Slovakiya, Çexiya və İsveç bununla razılaşmayıb. İtaliyanın müdafiə naziri Guido Crosetto isə bildirib ki, Fransa bütün NATO üzvləri adından danışa bilməz. Onun fikrincə, NATO qoşunlarının Ukraynaya göndərilməsi diplomatik həll yolunu aradan qaldıracaq.

Amma gələcəkdə Qərbin Ukraynaya qoşun göndərməsi mümkündür. Bunun işartıları artıq görünür. Lakin sözügedən təşəbbüs sülhün təmin olunmasına kömək etməyəcək. Əksinə, bu, müharibənin miqyasının genişlənməsi və NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmanın başlanması deməkdir. Bu isə öz növbəsində onsuz da artıq davam edən Üçüncü Dünya müharibəsinin rəsmən elan edilməsi və Rusiyanın nüvə silahını tətbiq etməsi ehtimalını artırır. Nəzərə almaq lazımdır ki, rəsmi Moskva itirəcək şeylərinin azaldığını hiss etdikcə daha aqressiv davrana bilər.

Beləliklə, Qərbin beli bu dəfə daşa dəydi, hesablamaları yanlış oldu. Kollektiv Qərbin ambisiyaları dünyanın təhlükəsizlik arxitekturasını sarsıtmaqda, planeti cəhənnəmə çevirməkdədir.

Son xəbərlər

Orphus sistemi