Qərbin anti-Rusiya sanksiyaları effekt verirmi?

Analitika
  • 28 mart, 2022
  • 13:46
Qərbin anti-Rusiya sanksiyaları effekt verirmi?

Artıq bir aydan çoxdur Rusiya ABŞ və onun müttəfiqlərinin sərt sanksiyaları altındadır. Qərb “şimal qonşumuzu” Ukraynaya qarşı müharibəyə başlayacağı təqdirdə bu günə kimi analoqu olamayan, dağıdıcı gücə malik məhdudiyyətlərlə qarşılaşacağına dair əvvəlcədən xəbərdar etdi. Lakin görünür Krımın ilhaqı və Ukraynanın Şərqində baş verənlər fonunda Avropanın “dişsiz” mövqeyi Rusiyada dünyanın baş verəcəklərə reaksiyasının 2014-cü ildəki kimi olacağı əminliyi yaradıb.

Hadisələrin ssenari üzrə getmədiyi artıq müharibənin üçüncü günündə bəlli oldu. Əvvəla Kiyev ABŞ kəşfiyyatının proqnozunun əksinə olaraq 36 saata rusların əlinə keçmədi. Ən əsası isə Avropa heç zaman olmadığı qədər həmrəylik nümayiş etdirməyə başladı. Hətta İşveçrə belə öz neytralitetindən geri çəkilərək Qərbin sanksiyaları altında olan rusiyalıların və Rusiya şirkətlərinin 6 milyard ABŞ dolları dəyərində aktivlərini dondurub. Bu gün o faktiki olaraq qlobal maliyyə sistemindən kənarda qalıb. Aİ və ABŞ Rusiya Bankı ilə əməliyyatları qadağan etdi. Ölkənin aparıcı bankları sanksiyalar altına düşdülər və SWIFT-dən ayrıldılar.

ABŞ Rusiyaya dollar əskinaslarının tədarükünə, Aİ avro satışına qadağa qoyub. Hələlik Rusiya xarci valyutada olan istiqrazlar üzrə defoltdan yayına bilir. Bu, Rusiya Bankına və dövlət borcuna qarşı sanksiyaların 1 mart 2022-ci ilə kimi buraxılan öhdəliklərə şamil edilməməsi ilə əlaqələndirlir. Ona görə hələ ki, ABŞ Maliyyə Nazirliyi tranzaksiyalara icazə verir. Lakin sanksiyalardan istisna mayın 25-də qüvvədən düşəcək. Bundan sonra Rusiyanın xarici valyutada olan öhdəlikləri üzrə kupon ödənişi edə biləcəyində heç kəs əmin deyil.

Ölkə səviyyəsində defolt ən azından qeyd edilən tarixə kimi təxirə düşsə də şirkətlər haqda bunu demək olmur. Rusiyanın metallurgiya (neft-qazdan sonra ikinci ən iri valyuta gətirən sahə) nəhəngi “Severstal” avrobondlar üzrə nəzərdə tutulan kupon ödənişini edə bilməyib. Buna səbəb onun sahibi Aleksey Mordaşovun sanksiyalar altında olmasıdır. Bu sanksiyaların əsas özəlliyi ayrıca olaraq Kremlə yaxın oliqarxların aktivlərinin hədəf alınmasıdır. Aİ, Avstraliya, Kanada, Yaponiya, Böyük Britaniya da daxil olmaqla 10-larla ölkə ABŞ-la birləşərək Rusiya prezidentinin və onunla əlbir olanların aktivlərinin axtarışı üçün işçi qrupu yaradıblar. Faktiki olaraq ən iri ölkələrin maliyyə kəşfiyyatı və hüquq mühafizə orqanları birləşib. Rusiyalı oliqarxların və siyasətçilərin pullarını harada gizlətdikləri barədə istənilən məlumat verənlərə pul mükafatı təklif edilir. Nəticədə son üç həftə ərzində Rusiya prezidentinin dostu “Rosneft”in başçısı İqor Seçinin və ukraynalı siyasətçi Viktor Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtalarına həbs qoyulub. İlkin hesablamalara görə oliqarxların bütövlükdə 2 milyard ABŞ dolları dəyərində yaxtalarına həbs qoyulub. Britaniya və digər Avropa ölkələrinə milyardlarla ABŞ dolları həcmində investisiya edən və hazırda Londonda olan Mixail Fridman özünün dediyinə görə sanksiyalardan dolayı restorana getməyə, taksiyə minməyə belə pul tapa bilmir.

Rusiyada “qara camaat” dərdi isə başqadır. Ukraynada əhali onun ərazi bütövlüyünü pozanlara qarşı vuruşduğu bir vaxta, Rusiyada şəkər uğrunda “qızğın döyüşlər” gedir. Bu ərzaq məhsulu anbardan piştaxtaya gedib çatmağa belə macal tapmır. Sosial mediada bununla əlaqədar çoxsaylı video görüntülər yayımlanır. Hökümətin bir tərəfdən şəkərlə bağlı defisit yoxdur deyib digər tərəfdən onun ölkədən çıxarılmasına qadağa qoyması və hətta dövlət inhisarına almağa hazırlaşması istehlak ajiotajını daha da qızışdırır. Tələbin kəskin artması bu ərzağın bahalaşmasını labud edir. Son hesabat həftəsində (12-18 mart) ən çox bahalaşan (13,8 %) məhz şəkər olub.

Artıq dövlət qiymətləri sabitləşdirmək üçün nəzarət mexanizmlərini işə salıb. Çelyabinsk vilayətində iki zavodun əvəllcədən sövdələşməyə gedərək heç bir iqtisadi əsas (məhsulun maya dəyəri dəyişməz olaraq qalıb) olmadan şəkərin qiymətini birdən-birə 30 % qaldırdıqları məlum olub. Vladimir vilayətində son bir ayda şəkər 35 %-dən çox bahalaşıb.

Oxşar vəziyyət demək olar ki, bütün regionlar üzrə müşahidə edilir. Rəsmi statistikaya görə Rusiyada həftəlik (12-18 mart) inflyasiya 1,93 % olub. Sanksiyaların ilk həftəsində bahalaşma 2,2 %, sonrakı həftədə (5-11 mart) 2,1 % olub. İllik ifadədə qiymətlərin artımı 12,54 %-dən 14,53 %-ə kimi sürətlənib. Martın əvvəlindən inflyasiya 5,38 %, ilin əvvəlindən isə 7,67 % təşkil edib. Bahalaşma ilə yanaşı milli valyutanın devalvasiyası da əhalinin gəlirlərini dəyərsizləşdirir. Bu gün rəsmi məzənnəyə görə 1 ABŞ dolları 95,66 rubldır. Lakin məzənnənin martın əvvəlinə nisbətən (o zaman 1 ABŞ dolları 125 rubla kimi möhkəmləndi) aşağı olması əhali üçün heç bir məna kəsb etmir. Çünki tənzimləyici martın 9-dan banklara ABŞ dolları və avronun nağd satışını qadağan edib. Bu gün dollar ala biləcyiniz yeganə yer qara bazardır. Orada isə 1 ABŞ dolları artıq 250-300 rubla mübadilə edilir.

Rusiyada ötən il nominal orta əməkhaqqı 50 min rubl olub. Rublun dollar qarşısında orta illik məzzənnəsi hesabat dövründə 73,65 rubl təşkil edib. Yəni ötən il muzdla işləyən orta statistik rusiyalı öz maaşına 678,9 ABŞ dolları alırdısa, indi qara bazarda ən yaxşı halda 200 ABŞ dolları, ən pis halda 166,7 ABŞ dolları ala bilər. Lakin ölkədə ümümi iqtisadi vəziyyətin getdikdə kəskin şəkildə pisləşməsi fonunda milyonlarla insanın iş yerlərindən ola biləcəyi təhlükəsi artır. Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Qalina Karelova əmək bazarının monitorinqinə əsasən martın 21-nə Rusiyada 36 765 təşkilatın işçilərinin məşğulluq rejiminə dəyişiklik etdiklərini bildiriblər. Senatorun sözlərinə görə 95 865 işçi boş oturub. Ən çətin vəziyyət Moskva, Samara, Sankt-Peterburq kimi regionlarda müşahidə edilir.

Müharibənin elə ilk günlərində Qərbin Rusiya Bankının (Mərkəzi Bank) 300 milyard ABŞ dollarına yaxın (təxminən yarısı) ehtiyatlarını dondurması hökümətin manevr imkanlarını xeyli məhdudlaşdırır. Neftin qiymətlərinin kifayət qədər yüksək olması bəlkə də vəziyyəti dəyişə bilər. Lakin məsələ burasındadır ki, sanksiyalardan dolayı rus neftindən qaçanların sayı artır. Təsadüfi deyil ki, “Urals” markalı neftin bir bareli 30 ABŞ dolları həcmində endirimlə təklif edilir. ABŞ-ın Rusiyaya qarşı neft embarqosu tətbiq edilməsi ideyasını aktiv şəkildə təbliğ etdirməsi, bu cür məhdudiyyətlərin yaxın gələcəkdə ola biləcəyini istisna etmir. O zaman milli iqtisadiyyatı yetərli sayda təmin olunmuş pullarla doldurmaq imkanları xeyli zəifləyəcək. Rusiyanın hər zaman böyük qürurla işarə etdiyi Milli Rifah Fondunun vəsaitləri sürətlə “əriyir”. Təkcə fevralda fondun vəsaitləri 20 milyard ABŞ dolları azalaraq 154,8 milyard ABŞ dollarına düşüb. Rusiya iqtisadiyyatının hazırkı klinik vəziyyətindən çıxış etsək ilin sonuna inflyasiyanın ən azı 20 %, işsizliyin – 10 % olacağı ən optimistik proqnoz sayıla bilər. Rusiya üçün məsələnin ən pis tərəfi ondan ibarətdir ki, onun Ukraynada “yüksək dəqiq” silahlarla ancaq “hərbi” obyekləri bombalamağı dayandırmayacağını bəyan etməsi daha dağıdıcı sanksiyaların gələcəyinin carçısıdır.