Yuxarı

"Qərb terrorun yayılmasında günahkardır" - RƏY

Avropada 1990-cı illərdə törədilən 68-dən artıq qətl və terror hadisəsinə o zaman laqeyd yanaşıldı

Bakı. 9 yanvar. REPORT.AZ/ "Yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyasında baş verən terror, silahlı basqın birinci və sonuncu hadisə deyil. Bəşəriyyətə ləkə gətirən bu kimi hadisələr bir tərəfdən cəhalətdən irəli gəlsə də, başqa tərəfdən böyuk və kiçik bəzi dövlətlər tərəfindən də rəsmi və qeyri-rəsmi surətdə təşkil edilir". Bu barədə "Report"a açıqlamasında İsveçdə yaşayan azərbaycanlı Abdulla Əmir Haşimi Cavanşir yanvarın 7-də Parisdə baş verən terror aktını şərh edərkən bildirib.

O, belə hadisələrin yaranması səbəblərindən də danışaraq Avropada islam fundamentalizmini gücləndirən amillərə toxunub: "Avropada 1990-cı illərdə törədilən 68-dən artıq qətl və terror hadisəsinə o zaman laqeyd yanaşıldı. Əksinə dolayı yolla da olsa, onda qatillərə dəstək verildi. Bununla da həmin qüvvələr və ya ona oxşarlar stimullaşdırıldı. Çünki "Taliban", onlara oxşar qurumlar və hakimiyyətlərin dünyəvi, demokrat, tolerant qüvvələrə mane olması Avropaya lazım idi".

A.Cavanşirin sözlərinə görə, 2001-ci il sentyabrın 11-də baş verən hadisədən sonra ABŞ terrora qarşı müharibə elan etsə də, ərəb ölkələrində baş verənlər həmin xalqlara demokratiya, tolerantlıq və inkişaf gətirmədiyini sübut etdi: "Əksinə, qaçqınlıq, dağıntı, səfalət gətirdi. Bu gün biz təkcə Almaniyada, Finlandiyada, Fransada, İsveçdə, Danimarkada İslam əleyhinə aksiyaların keçirildiyini görürük. Norveçli Anders Breyvikin 70-dən çox insanı terror etməsini və Parisdə "Charlie Hebdo"nun redaksiyasında tənqidçi jurnalistlərin qətlinin şahidiyik. Biz bu kimi terror hadisələrini dəfələrlə pisləsək də, Qərb ölkələri terrorizmlə mübarizə iddiasında olsalar da, terrorizmin cəhalətdən, kor təəssübdən törənən tərəflərini desələr də, terrorun getdikcə yayılmasında günahkardırlar. Bu cür münasibətlə İŞİD kimi təşkilatların fəaliyyətinə zəmin yaradanlardırlar. Çünki terror və dünyada gedən müharibələrin kökü, bir tərəfdən, kortəbii ictimai qüvvələr, cəhalət və mədəniyyətsizlikdir. Digər tərəfdən, həmin qüvvələrdən istifadə edən, silah satışlarını genişləndirmək və artırmaq üçün müharibə ocaqlarını alovlandıran, təşkil edən dövlətlər, qurumlar və qruplardır. Yaxın Şərqdə, xüsusilə Avropada yaranmış belə vəziyyətdən və İslam kartından sui-istifadə edərək hakimiyyətə gəlmək istəyən qüvvələr də meydandadır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi