Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH Qərb, xüsusən də rəsmi Vaşinqton Cənubi Qafqazdakı siyasətini həyata keçirmək üçün qurduğu müxtəlif planları zaman-zaman işə salır. Bu işdə əsasən Ermənistandan, xüsusən də Nikol Paşinyan hakimiyyətindən istifadə edilir. Qərbdəki ağalarının bütün istəklər
Analitika
18 Aprel , 2024 16:17
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Qərb, xüsusən də rəsmi Vaşinqton Cənubi Qafqazdakı siyasətini həyata keçirmək üçün qurduğu müxtəlif planları zaman-zaman işə salır. Bu işdə əsasən Ermənistandan, xüsusən də Nikol Paşinyan hakimiyyətindən istifadə edilir. Qərbdəki ağalarının bütün istəklərini qeyd-şərtsiz yerinə yetirmək erməni baş nazir üçün artıq rituala çevrilib.

Son dövrlər Cənubi Qafqazda vəziyyətin dəyişməsi isə ABŞ və rəsmi Brüsselin tələsdiyini, regionda hegemonluq qurma arzusunu yerinə yetirmək üçün konkret addımlar atdığını göz önünə sərir. Məsələ burasındadır ki, Bayden administrasiyası noyabrda keçiriləcək seçkilərdə Demokratların qələbə şansının böyük olmadığını yaxşı bilir. Birləşmiş Ştatlarda keçirilən rəy sorğularında Trampın başçılıq etdiyi Respublikaçıların üstünlüyünün olması üzə çıxıb. Bu səbəbdən də seçkilərdən əvvəl demokratlar öz elektoratına “qələbə” nümayiş etdirməlidir. Ukrayna-Rusiya müharibəsində planları suya düşən rəsmi Vaşinqton nəzərini Cənubi Qafqaza çevirir, Ermənistan və Gürcüstanın “qərbləşməsi”ni isə qələbə kimi təqdim etməkdən, bu iki dövləti Rusiyanın pəncəsindən qoparmaqdan başqa çarə görmür.

Elə bu səbəbdən də son günlər Birləşmiş Ştatlarda artan aktivlik bu məqsədə xidmət edir. Məsələn, konqresmen Bred Şerman bəyan edib ki, Qarabağdan köçən ermənilərə yardımı artırmaq, Azərbaycana isə bütün yardımları azaltmaq lazımdır.

Dövlət departamentinin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması ilə bağlı bəyanatı da məhz bu məqsədə xidmət edir. ABŞ rəsmisi Vedant Patel bəyanatında ötən ilin sentyabr ayında baş verən hadisələrə istinad edərək rus hərbçilərini günahlandırmaqdan belə özünü saxlaya bilməyib və Kremli etibarsız tərəfdaş adlandırıb.

Bəyanatdan göründüyü kimi, rəsmi Vaşinqton rus kontingentinin Azərbaycanı tərk etməsindən narazıdır. Bunu Ermənistana xəyanət və etibarsız tərəfdaş kimi qəbul edir. Maraqlıdır ki, bu günə qədər ABŞ heç bir halda Rusiya sülhməramlı kontingentinin mövcudluğunu qəbul etməyib. Məsələn, 2014-cü ildə Ukraynada Rusiya sülhməramlı fəaliyyəti ilə bağlı məsələ gündəmə gələndə rəsmi Vaşinqton buna kəskin etiraz edib. Məsələnin ciddi sanksiyalara səbəb olacağı bildirilmişdi. Elə 2017-ci ildə Ukraynanın şərqinə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bir neçə dəfə danışıq aparılsa da, tərəflər razılığa gələ bilməyiblər. Bu misalları artırmaq mümkündür. Vəziyyət Gürcüstan, Osetiya və Dnestryanı ölkələrdə də eyni olub. Ağ Evin bu dəfə başqa ritorika sərgiləməsi, az qala rus sülhməramlılarının Azərbaycandan çıxarılmasına təəssüflənməsi anlaşılmazdır.

İlk olaraq, onu demək lazımdır ki, Birləşmiş Ştatlar hələ ötən ildən Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətini büruzə vermişdi. Bununla da regiondakı təhlükəsizlik mexanizmlərini məhv etmək, Moskvanı qarşıdurmaya çəkmək cəhdi də var idi. Hazırda rus kontingentinin Qarabağdan çıxarılması belə bir imkanı məhdudlaşdırır. Ermənistandakı 102-ci bazada isə belə bir planın həyata keçirilməsi o qədər də real görünmür.

Ağ Ev Rusiyanın Ermənistandakı dayaqlarını zəiflətmək, iki dövlət və müttəfiq arasındakı gərgin münasibəti daha da gərginləşdirmək niyyətindədir. Məhz dövlət departamentinin bəyanatında etibarsız tərəfdaş termininə və sentyabr hadisələrində sülhməramlıları fəaliyyətsizlikdə günahlandırmaq fikrinə bu səpkidən yanaşmaq lazımdır.

Qərb uzun müddətdir ki rəsmi İrəvanın KTMT və Aİİ kimi qurumları tərk etməsinə, Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına nail olmaq istəyir. Bu səbəbdən də yuxarıda səslənən bəyanatın bu məqsədə xidmət etməsini düşünmək olar. Bu isə ABŞ-yə hazırda Yaxın Şərq münaqişəsində hava və su kimi lazımdır. Ermənistanda hərbi mövcudluğunu qurmağı hədəfləyən Ağ Ev bunu İrana qarşı istifadə etmək niyyətini güdür. Rusiyanın regionda zəifləməsi isə İranın təklənməsi sayıla bilər.

Eyni zamanda, Vaşinqton Cənubi Qafqazda Azərbaycanın güclənməsi, Bakı-Ankara münasibətlərinin möhkəmlənməsini, türk dünyasının inkişafını da qəbul edə bilmir. Bu səbəbdən də Ermənistanı dəstəkləmək məsələsində türk dünyasının birləşməsini və inkişafını ləngitmək hədəfləri sezilir.

Bir neçə gün ərzində bir sıra konqresmenin yenidən qondarma erməni soyqırımı məsələsini gündəmə gətirməsinə də bu prizmadan yanaşmaq lazımdır. Qarşıdakı seçkilərdə erməni elektoratın səslərini qazanmaq üçün hər zaman işlədilən oyundan başqa bir şey olmayan bu açıqlamalar sadə erməni vətəndaşı üçün nəzərdə tutulub.

Göründüyü kimi, son hadisələr və bəyanatlar rəsmi Vaşinqtonun Ermənistanın başının altına yastıq qoymaqla çirkin niyyətlərini icra etməyə tələsdiyindən xəbər verir. Eyni zamanda, Gürcüstandakı vəziyyəti də bu sıraya daxil etmək olar. Artıq bir neçə gündür ki Tiflisdə qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin etiraz aksiyaları keçirilir və əsasən “Rusiya qanunlarına yox” plakatları qaldırılır. Hakim partiyanın təklif etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müxalifəti qəzəbləndirib. Bu da əsassız deyil. Qarşıdan gələn parlament seçkilərindən əvvəl Qərb qrantları hesabına fəaliyyət göstərən müxalifət mediası, xeyriyyə, insan haqları və digər təşkilatlar “xarici agent” hesab edilə bilər. Gürcüstan hakimiyyətinin ölkəni Qərbin peykinə çevirmək istəməməsi və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışması ABŞ tərəfindən artıq bu layihənin tənqidinə məruz qalıb.

Avropa İttifaqına (Aİ) gəldikdə isə onun Ermənistanda bir sıra maraqları var və o, bu maraqların təmini üçün tələsir. İlk olaraq, onu qeyd etmək lazımdır ki, yanvarın 29-da Brüsseldə Aİ-Mərkəzi Asiya nəqliyyat kommunikasiyası investorlarının konfransı keçirilib və bu konfrans zamanı məlum olub ki, Avropa İttifaqı Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin yaradılması üçün 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Bu dəhliz Zaqafqaziyadan Türkiyəyə keçməlidir. İstər Transxəzər dəhlizi, istərsə də Zəngəzur dəhlizi adlanan layihə hazırda Qərb üçün hava və su kimi vacibdir. Çünki Yaxın Şərqdə elə bir vəziyyət yaranıb ki, şərqdən qərbə, şimaldan cənuba gedən nəqliyyat marşrutları üçün təhlükəli vəziyyət yaranıb. Bu geosiyasi qarışıqlıqda isə yuxarıda adı sadalanan marşrutlar ən təhlükəsizi hesab edilir. Həm logistika, həm də enerji daşıyıcıları kanalları üçün bu, ən optimal variantdır. Son dövrlər isə Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinə qarşı çıxması, özünün adını “Sülhün kəsişməsi”nə dəyişdirdiyi “Erməni qovşağı” layihəsini ortaya atması görünür artıq Avropanın bəzi siyasi kulislərində etirazlara səbəb olub. Çünki son vaxtlar “Freedom House” təşkilatının erməni dövlətində demokratiyanın zəifləməsi, məhkəmə və güc strukturlarında hökm sürən anarxiya barədə hesabatları da Nikol Paşinyana kiçik qulaqburması kimi dəyərləndirilməlidir. Bəlkə də bu səbəbdən artıq bəzi ekspertlər müxalifətin etirazlarının arxasında Qərbin dayandığı fikrini israrla təkrarlayırlar. Artıq inqlab ssenarisinin yenidən həyata keçirilməsi üçün daha bir cəhdin ediləcəyi istisna edilmir.

Hakimiyyət isə Aİ-yə üzvlük məsələsini artıq əlçatmaz arzu hesab edir. Bu yaxınlarda hakim partiyanın bir nömrəli gündəliyi, sessiyalarının əsas mövzusu Aİ-yə üzvlük olsa da, artıq müzakirələrin dayandırıldığı məlum olub. Hətta baş nazir bu məsələni müzakirə etmək üçün bir neçə dəfə parlamentdə qapalı iclasda iştirak edib.

Partiya üzvləri artıq dərk ediblər ki, Ermənistan Qərb üçün o qədər də vacib və vazkeçilməz dövlət deyil. Hansısa ciddi plan uğrunda qurban verilməsi an məsələsi ola bilər. Eyni zamanda, Aİ ilə yaxınlaşmanın yaxın qonşusu İranda da qıcıq yaratdığını söyləmək yerinə düşər. Son günlər Aİ missiyasının genişləndirilməsi, kanadalı ekspert Aleksandr Qruşevskinin missiyaya rəsmi şəkildə qoşulması artıq rəsmi Tehranı narahat etməyə başlayıb və rəsmi İrəvanın bu addımı İslam Respublikasında heç də xoş qarşılanmayıb.

Son olaraq vurğulamaq yerinə düşər ki, Cənubi Qafqazın söz sahibi Azərbaycandır və hər zaman Qərbin məkrli planlarının qarşısı rəsmi Bakı tərəfindən alınıb. Bu dəfə də vəziyyətin eyni olacağını əminliklə söyləmək olar.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi