Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı Tamara Beruçaşvili ilə birgə brifinqdə bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli əməkdaşlığı üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum, eləcə də TANAP kimi mühüm layihələr mövcuddur.
Onun sözlərinə görə, üç ölkə birlikdə bu layihələrin həyata keçirilməsi üzərində işləyir. O, həmçinin Gürcüstanla münasibətlərin vacibliyini vurğulayıb, eləcə də bildirib ki, iki ölkə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasını yaradır. M.Çavuşoğlu Gürcüstanın ərazi bütövlüyünü Türkiyənin dəstəklədiyini də vurğulayıb.
T.Beruçaşvili göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirərək, Xəzər regionundan Avropaya qazın nəqli üzrə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin vaxtında reallaşmasının vacibliyindən danışıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olub.
Tərəflər Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparııb.
Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.
Qeyd edək ki, görüşün yekununda Qars Bəyannaməsi imzalanıb. Bəyannamədə Ermənistanın qonşu dövlətlərin sərhəd toxunulmazlığına hörmət edəcəyi halda bu qrupa qoşulması arzulanıb.
Nazirlərin növbəti görüşü isə Gürcüstanda keçiriləcək.
M.Çavuşoğlu özünün “tvitter” səhifəsində bildirb ki, Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı gücləndirmək,TANAP və Bakı-Tbilisi-Qars kimi layihələrdə əməkdaşılığı davam etdirmək niyyətindədir.
Görüşdən sonra mətbuat konfransı keçirilib. M.Çavuşoğlu Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha vurğulayıb.
Nazirlərin bəyanatlarından göründüyü kimi, "Üçlük" Bakı-Tbilisi-Ceyhandan başlayan əməkdaşlığı müxtəlif layihələrdə genişləndirir, mövcud münasibəti davam etirmək niyyətindədir. Heç şübhəsiz, dünyada və "Üçlüy"ün təmsil olunduğu bölgədə baş verənlər Türkiyə, Azərbaycan və Gürcüstanı biri-birinə daha da yaxınlaşdırır. Bu baxımdan tərəflərin danışıqlarda üstünlük verdiyi layihələr də diqqətçəkicidir. Ərazi bütövlüyü məsələsinin bir daha vurğulanması "üçlər"in əməkdaşlığının xoşməramlı olduğunu sübut etməklə yanaşı, bölgədə pozuculuq fəaliyyətindən əl çəkəcəyi halda, Ermənistanın da regional layihələrə qoşula biləcəyinin mümkünlüyünə işarə sayıla bilər.
Beləliklə, Qars görüşü "üçlər"in münasibətinin inkişafında irəliyə doğru bir addımın atılması üçün başlanğıc olduğu qənaətinə gəlməyə imkan verir.