Qarabağın mərhələli azad edilməsi - sponsorlara naz edən Ermənistan - ŞƏRH

Qarabağın mərhələli azad edilməsi - sponsorlara naz edən Ermənistan - ŞƏRH Dağlıq Qarabağ məsələsi Ermənistanın ictimai-siyasi, iqtisadi həyatının lakmusudur. Artıq 30 ildir Azərbaycanın işğal altında olan torpaqları Moskva–Yerevan cütlüyünün bir-birinə münasibətin göstəricisinə çevrilib.
Analitika
3863
6 May , 2020 11:57
Qarabağın mərhələli azad edilməsi - sponsorlara naz edən Ermənistan - ŞƏRH

Dağlıq Qarabağ məsələsi Ermənistanın ictimai-siyasi, iqtisadi həyatının lakmusudur. Artıq 30 ildir Azərbaycanın işğal altında olan torpaqları Moskva–Yerevan cütlüyünün bir-birinə münasibətin göstəricisinə çevrilib.

Ancaq ermənilərin milli xüsusiyyəti olan cığallıq ucbatından bir-birinə qardaş deyən Rusiya və Ermənistanın əlaqələri zaman-zaman gərginləşir. Bu rəsmi Yerevanın atdığı addımlar nəticəsində baş verir.  

200 ildir Rusiyanın bu etnik qrup üçün etdikləri ən azından ümumerməni kilsəsinə məlumdur. Onların qardaşlıq münasibətinin çanağı həmişə Azərbaycan torpaqlarının başında sınıb. Odur ki, bu qardaşlığın, dostluğun nəyə xidmət etdiyini Azərbaycanda daha yaxşı bilirlər. Bir də 200 ildir ərazisində yaşadıqlarından, süfrəsinin (adam verdiyi çörəyi deməsə də buna məcbur oluruq) çörəyi ilə böyüyüb, əlinin altında formalaşdıqlarından bu etnik qrupun xislətini azərbaycanlılar kimi başqa kimsə tanımır.

Ermənilər onları ağ günə çıxaranlara qarşı tarixən nankorluq ediblər. Son 120 ildə bu özünü onların türklərə münasibətdə etdiklərində daha aşkar göstərib. Birinci Dünya müharibəsi illərində və ondan sonra ermənilərin iştirak ilə baş verənləri yada salmaq yetərli olar. Bu etnik qrupun nümayəndələri Osmanlı dövlətinin kürəyinə bıçaq vuran, Azərbaycan torpaqlarında uşaq, qoca, qadın və köməksizlərə qarşı vəhşiliklər törədənlərdir.

Mətləbi çox uzatmadan son dövrlərdə baş verənləri xatırlamaq istərdik.

Ermənistan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa və ətraf rayonların işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni həyata keçirməkdən imtina edir. Azərbaycan ərazilərinin mərhələli şəkildə işğaldan azad olunması həmin tələblərdən yaranıb.

Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münaqişənin mərhələli həllindən danışdı.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan isə mayın 4-də parlament komissiyasının dinləmələrində bu məsələyə bir daha toxunaraq deyib: “Qarabağ məsələsində Ermənistan birtərəfli güzəştə getməyəcək”. O, Azərbaycan torpaqlarını işğaldan azad etmələrinin Ermənistanın təhlükəsizliyinə ziyan vuracağını iddia edir. Nazir bu məsələnin daxili siyasətə təsiri olduğunu söyləyib. O, 2016-cı ilin Aprel döyüşlərinin təkrarlanmayacağını da əminliklə vurğulayıb.

Ermənistan Azərbaycandan nə istəyir? Onlar Azərbaycanın Qarabağda erməni dövlətinin yaranmasını qəbul etməsindən sonra ətraf rayonlardan çıxacaqlarını bildirirlər. Yəni əvvəlcə onların irəli sürdüyü qanunazidd, ədalətsiz şərtlərinin təmin olunmasını istəyirlər. Azərbaycan tərəfi isə öz ərazisində daha bir erməni dövlətinin yaranmasına imkan və icazə verməyəcəyini dəfələrlə açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni nazirin çıxışına münasibət bildirərkən deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir. Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur”.

Ermənilərin iddiaları ilə şərtləri bir-birinə oxşayır. Azərbaycan torpaqlarını işğaldan azad edib, qonşu dövlətlərlə mehriban yaşamaqdansa, hikkəli davranmaq, təhlükəsizliklərini bəhanə etməklə müstəqil siyasət yürütmədiklərini, daha çox tapşırıq yerinə yetirdiklərini göstərirlər.

Ermənistanın, bölgənin təhlükəsizliyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən, ermənilərin qonşu dövlətlərə qarşı məntiqsiz iddialardan əl çəkməsindən keçir.

Ermənilərin qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyünü nəzərə alsaq, Z.Mnatsakanyanın məntiqsizliyindən belə çıxır ki, Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün qonşuluqda heç bir dövlət olmamalıdır. Azərbaycan torpaqlarının azad edilməsi, əslində, daha çox ermənilərə xeyir gətirəcək. Onda bu ölkə sponsorların və dünya ermənilərinin ianələrinə möhtac qalmayacaq.

Son 10 ilin bir hadisəsini də yada salaq: Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşdırılması protokolu da Yerevanın və dünya erməniliyinin sənəddəki şərtlərə əməl etməməsi, götürdükləri öhdəliyi yerinə yetirməməsi ucbatından həyata keçmədi.

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyənin o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu ilə erməni həmkarı Edvard Nalbandyan arasında imzalanan protokolda iki ölkə arasında sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası istiqamətində Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi nəzərdə tutulmuşdu. Həmin tədbirdə qarant dövlətin nümayəndəsi kimi ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton da iştirak etmişdi. Ancaq 1993-cü ildən Ermənistanın üzünə bağlanan Alican sərhəd qapısı açılmamış qalır. Bu qapı ermənilərin üzünə niyə bağlanıb? Protokol niyə icra olunmadı? Buna kim mane oldu? Türkiyə tərəfi protokolu Ermənistanın 3 iddiadan əl çəkəcəyi şərti ilə imzalamışdı:

1. Ermənistanın saxta soyqırımı iddialarının tanınmasından imtina edir (Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində açıq şəkildə yazılıb: “Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il soyqırımının (?!-S.İ.) beynəlxalq arenada tanınması üçün edilən bütün cəhdləri dəstəkləyəcək”).

2. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanıyır.

3. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edir.

Bu şərtlərə əməl etsəydilər, Alican sərhəd qapısı indi Ermənistanın qurtuluş yolu ola bilərdi. Elə Z.Mnatsakanyanın dövlətinin təhlükəsizliyi ilə bağlı qayğılarına da ehtiyac qalmazdı.

Rəsmi Yerevan onda da tapşırıq yerinə yetirdiyindən götürdüyü öhdəliyə əməl etməyərək beynəlxalq aləmdə etibarsız dövlət olduğunu təsdiqlədi.

Ermənistan sonralar bu qapının Suriyadan qaçqın düşən ermənilərə görə açılmasına çalışdı. Ancaq onların bu hiyləsi baş tutmadı. Türkiyənin ABŞ-da keçmış səfiri Osman Faruk Loğoğlu bu kampaniyanı “Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışan erməni lobbisinin fürsətcil davranışı” olaraq dəyərləndirdi : “Ermənistana mütləq quru yolla getməyə ehtiyac yoxdur. Bu, humanitar məsələni siyasətə alət etmək deməkdir”.

Bundan başqa, Türkiyəyə sığınan suriyalılar arasında kürdlər, ərəblərlə yanaşı ermənilər də var.

Onda Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya məsələləri üzrə mütəxəssisi Oytun Orhan “BBC Azərbaycanca”ya demişdi ki, bir müddət əvvəl Suriyadan etnik çərkəzlər Rusiyaya getmək üçün müraciət etmişdi: “Müharibə başlayandan bu yana çox sayda erməni qaçqın da Suriyanı tərk edərək Ermənistana gedib. Ancaq indi nəyə görə onlar üçün Türkiyə-Ermənistan sərhədinin açılması vacib olub - bunu anlamaq çətindir. Bu proses humanitar məqsəddən daha çox Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüslərinin davamı kimi görünür”.

Yeri gəlmişkən, Suriyada döyüşlər başlayandan bəri 6 mindən çox qaçqın Ermənistana köçüb. Onlara görə BMT və başqa humanitar təşkilatlar Ermənistana yardım verib.

Türkiyə misalında Ermənistan hakimiyyətinin öz iradəsi ilə hərəkət etmədiyi təsdiqləndi. Çünki həmin protokolun icrasına ABŞ qarant dövlət idi. Sənəddəki maddələrə əməl etdiyi halda Ermənistan Rusiyanın nəzarətindən çıxa bilərdi. Odur ki, o vaxtkı prezident Serj Sarqsyan hakimiyyəti “əvvəlcə Türkiyə sonra Ermənistan” bəhanəsi ilə şərtlərə əməl etmədi. Bununla da vasitəçi kimi ABŞ pis vəziyyətdə qaldı. S.Sarqsyan bir daha sübut etdi ki, Ağ Evin deyil, Kremlin sözünə baxır.

İndi Ermənistanda vəziyyət qeyri-müəyyəndir. Ermənistanda çıxan “İrates” qəzeti hakimiyyətin baş nazir Nikol Paşinyanın əlindən sürüşüb getdiyini yazıb: “O, komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb. N.Paşinyanın arxasında “kölgə hökuməti” fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları cinayət işlərinin qarşısını arzu edilən səviyyədə ala bilmirlər”.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskva ilə münasibətləri normallaşdıra bilmədiyindən ölkə iqtisadiyyatı böhrana doğru yuvarlanır. Hakimiyyətin keçmiş nümayəndələri həbsla hədələnir, yaxud həbs olunur. Mayın 4-də “Ucom” “IT” şirkəti direktorlar şurasının sədri, Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçaturyanın oğlu Qurgen Xaçaturyanın həbsi ilə bağlı xəbər yayılıb. Bir neçə saatdan sonra isə Ermənistan Milli Təhlükəsizlik Xidməti şirkət rəhbəri barəsində axtarış elan etdiyini açıqlayıb.

Bu “İrates”in yazdığını təsdiqləyir: “Paşinyan keçmiş hakimiyyət nümayəndələrinin son qəpiyini müsadirə etməklə vəziyyətdən çıxmağa çalışır. Ermənistan baş nazirinin yaxın günlərdə keçmiş vəzifəlilərə qarşı yeni cinayət işi başlayacağı gözlənilir”.

Ermənistan təbii qazın qiymətinin aşağı salınması məsələsində Rusiya ilə razılığa gələ bilmir. Bu baxımdan ehtimal edilir ki, Nikol Paşinyan aprelin 28-də İran prezidenti Həsən Ruhani ilə Ramazan ayının başlaması ilə bağlı telefon danışığında “mavi yanacağın” qiymətində razılaşıblar. 

Koronavirusa qarşı mübarizə ilə bağlı ABŞ-ın Ermənistana əlavə 25 milyon dollar yardım edəcəyi Vaşinqtonun N.Paşinyan hökumətinə münasibətinin göstəricisi sayıla bilər. Ehtimal etmək olar ki, baş nazir və komandası özünü yaxşı aparacağı halda (Moskvadan uzaqlaşmanı sürətləndirərsə) müxtəlif adlar altında yardımlar arta da bilər.

Yerevanın belə davranışı, təbii ki, Moskvanın xoşuna gəlmir. Elə keçmiş maliyyə nazirinin oğlunun həbsinə cəhd də bu münasibətin göstəricisi sayılır. Başqa sözlə, N.Paşinyan korrupsiya və başqa cinayət adı altında həm də Rusiyanın Ermənistandakı adamlarını aradan götürür. Bu vəziyyətdə Moskva Yerevana ən güclü kart olan Dağlıq Qarabağ problemi ilə təzyiq edə bilər. Ermənistan isə bu məsələdə indi tutduğu mövqe ilə, əslində, Rusiyaya qarşı çıxmağa səy göstərir.

Çünki Ermənistanın nə sərhədi açmağa, nə də təhlükəsizlik kimi məsələni bəhanə etməyə gücü çatar. Ermənilər 200 ildir Qafqazda böyüklərinə göstərdikləri qulluğu davam etdirirlər. Z.Mnatsakanyan, N.Paşinyan və daha başqaları tapşırıqların icrası üçün o torpaqlarda qurulan dövlətə başçılıq edirlər.

İndiki Ermənistan Dağlıq Qarabağ münaqişəsinin üzərində mövcuddur. Elə onun sponsorları da Cənub Qafqazın işlərinə bu dövlətə görə müdaxilə edə bilirlər. Qarabağ münaqişəsinin həlli bölgədə yeni, daha təhlükəsiz, etibarlı şərait yaradar. Belə vəziyyət isə nə “bulanıq suda balıq tutan” sponsorlara, nə də bu balıqdan yiyən ermənilərə sərf edir.

Orphus sistemi