Putinin Kim Çen Inla görüşü - imperializmə qarşı mübarizə aparan Pxenyan - ŞƏRH

Putinin Kim Çen Inla görüşü - imperializmə qarşı mübarizə aparan Pxenyan - ŞƏRH Rusiya keçmiş SSRİ-nin qurduğu rejimlərdən yararlanmağa çalışır. Koreya Xalq Demokratik Respublikasının (KXDR, Şimali Koreya) qurulmasında onun rolu danılmazdır. Koreya yarımadasının ikiyə bölünməsi Sovetlərlə Qərbin ziddiyyətinin nəticəsidir. Bu gün SSRİ
Analitika
13 Sentyabr , 2023 14:32
Putinin Kim Çen Inla görüşü - imperializmə qarşı mübarizə aparan Pxenyan - ŞƏRH

Rusiya keçmiş SSRİ-nin qurduğu rejimlərdən yararlanmağa çalışır. Koreya Xalq Demokratik Respublikasının (KXDR, Şimali Koreya) qurulmasında onun rolu danılmazdır. Koreya yarımadasının ikiyə bölünməsi Sovetlərlə Qərbin ziddiyyətinin nəticəsidir. Bu gün SSRİ-nin varisi sayılan Rusiya bu blokla qarşıdurmadadır. Ona görə də Moskva indiki vəziyyətində qurduqlarının imkanlarından faydalanmağa, siyasi-hərbi yardım almağa çalışır. KXDR lideri Kim Çen Inın Rusiyaya səfərinin əsasını da bu kimi məsələlərin təşkil etdiyi istisna olunmur.

Rusiya Prezidenti Vladimir Putin onu Koreya yarımadasına yaxın ərazidə, Amur vilayətində, “Şərq” (“Vostoçnıy”) kosmodromunda qarşılayıb. Görüş “Soyuz 2” kosmik raket kompleksinin mühəndis korpusunun zalında keçirilib.

Yeri gəlmişkən, Vladimir Putin 2002-ci ildə Kim Çen Inın atası Kim Çen İr, 2011-ci ildə Rusiyanın ovaxtkı Prezidenti, Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, 2019-cu ildə isə RF-nin indiki lideri ilk dəfə Kim Çen Inla görüşüb. Inın babası, ölkənin lideri olmuş Kim İr Sen keçmiş SSRİ və Şərqi Avropa ölkələrinə daha çox səfər edib. KXDR-in indiki lideri isə çox səyahət etməyən təsiri bağışlayır.

Səfər zamanı Kim Çen Inı ən vacib və etibarlı adamları - bacısı Kim Yo Çjon, Xalq Ordusunun komandanı Li Pyon Çxol, onun iki nömrəli adamı Pak Çon Çxon və hərbi sənaye departamentinin direktoru Ço Çun Ryon müşayiət edib. Vladimir Putin isə yaxın ətrafından xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə Vladivostoka səfər edib.

Ehtimal etmək olar ki, Kim Çen Inla Rusiya Prezidentinin görüşünün kosmodromda keçirilməsi tərəflər arasında baş tutan görüşün gündəliyindən də xəbər verir. Şimali Koreya RF-nin nüvə silahına malik, ballistik raket sınaqları keçirən, kosmik tədqiqatları inkişaf etdirmək istəyən azsaylı müttəfiqlərindən, tərəfdaşlarındandır. KXDR-in iki kəşfiyyat peykinin uçuş sınağı uğursuz olub. V.Putin bu sahədə onlara yardım edəcəyini söyləyib. Bu baxımdan müzakirə edildiyi ehtimal olunan məsələlərdən biri kosmosa aid olub. Rusiya ilə Şimali Koreya arasında raket mübadiləsi və ya hava hücumundan müdafiə sisteminə dair razılaşmanın olduğu da istisna edilmir. Qeyd edək ki, KXDR-in sovetdən qalma və ya onun üzərində modernləşdirilmiş “Xvason-5” (SSRİ-nin “R-17” raketinin analoqu), “Xvason-6” (“Xvason-5”in vurma mənzili uzadılan modernləşdirilmiş modeli), “Nodon” (iki variantda - “Nodon-1” və “Nodon-2”), “Musudan” (SSRİ-nin “BRPL R-27” modeli əsasında hazırlanıb), “Tepxodon” tipli ballistik raketləri var. Bu, Rusiya üçün onlardan istifadəni asanlaşdıra bilər.

Putinlə görüş başlamazdan bir az əvvəl, ilk dəfə Kimsiz iki raket buraxılmışdı. Bunu da Şimali Koreyanın raketinin reklamı kimi də dəyərləndirmək olar. Nüvə başlığına gəldikdə isə Şimali Koreyanın 60-dək belə silahının olduğu ehtimal olunur. Qeyd edək ki, dünya üzrə 9 ölkədə 12,7 min nüvə başlığı var: Rusiya 5 977, ABŞ 5 428, Çin 350, Fransa 290, Böyük Britaniya 225, Pakistan 165, Hindistan 160, İsrail 90, Şimali Koreya 20.

Rusiya rəsmilərinin son zamanlar taktiki nüvə silahı ilə bağlı verdiyi açıqlamalar Şimali Koreya lideri ilə bu istiqamətdə də danışıqların getdiyini ehtimal etməyə əsas verir. Məsələn, Sergey Şoyqu bir müddət əvvəl Şimali Koreyaya səfər edib. Odur ki, Moskva ilə Pxenyan arasında keçən son görüşün daha çox bu istiqaməti əhatə etdiyini demək mümkündür. Şimali Koreya region dövlətlərindən və bölgədə marağı olan xarici qüvvələrdən qorunmaq üçün daima Rusiya və Çinin hərbi-siyasi yardımından yararlanır. Yarımadaya səfəri zamanı Şoyqu Kim Çen Ina Rusiya, Çin və Şimali Koreyanın iştirakı ilə birgə hərbi təlim keçirmək təklifini verib. Bu da Moskvanın Pxenyanla əməkdaşlığı gücləndirmək istəyindən xəbər verir.

Rusiya Ukraynada müharibə aparır. Onun bu savaşı uğurla davam etdirib başa vurması üçün siyasi, hərbi dəstəyə ehtiyacı var. Bu məqsədlə Kreml özünə daha yaxın bildiyi və Qərblə münaqişədə olan gücləri ətrafında birləşdirməyə cəhd göstərir. Şimali Koreya və İran bu tip güclərdən sayılır. Xatırladaq ki, ABŞ Tehran və Pxenyan hakimiyyətlərini “şər bucağı” adlandırır. Rusiya da bu “bucaq"dan ABŞ başda olmaqla NATO-ya, yaxud onun təəssübkeşlərinə qarşı istifadə etməyə çalışır. Vladivostokdakı ikinci görüşdə Ukrayna məsələsi aşkar şəkildə vurğulanmasa da, bu istiqamətdə üstüörtülü eyhamlar sızılıb. Rusiya lideri bununla bağlı suala cavabında “bütün məsələləri müzakirə edəcəyik” deyib. Odur ki, Rusiya Şimali Koreya ilə siyasi baxımdan da eyni mövqedə olduğunu nümayiş etdirir. KXDR lideri görüşdə Vladimir Putinə deyib: “Biz həmişə Prezident Putini dəstəkləyəcəyik... Biz imperializmə qarşı birgə mübarizə aparacağıq”. O, Putinin bütün qərarlarını dəstəklədiklərini vurğulayıb.

Nəhayət, iki liderin görüşü Uzaq Şərqdə də perspektivdə Qərb bloku üçün gərginliyin yarana biləcəyini deməyə əsas verir. Başqa sözlə, Rusiyanın Qərb cəbhəsində uğursuzluğu artarsa, o zaman Şimali Koreya yerləşdiyi regionda “imperializmə qarşı” mübarizəni gücləndirə, yaxud təhlükəsizliyi, sabitliyi təhdid edə bilər. Deməli, Rusiya “imperialistlər”ə qarşı Qərbdə cəbhə açıb “təhlükəsizliyini təmin etmək istədiyi” üçün müharibə apardığı kimi, Uzaq Şərqdə də onları Şimali Koreyanın dəstəyi ilə qarşılaya bilər. Bu, Belarusun Qərblə qarşıdurmada oynadığı rola oxşayacaq. Cənubda isə ABŞ və müttəfiqlərinə qarşı dura biləcək Suriyadakı rejim, İran hakimiyyəti kimi qüvvələr var. Rusiya bununla həm də keçmiş imperiya ərazilərini və maraqlarını qorumağa çalışır. Kim Çen In isə daima qapalı bir ölkədə yaşadığından “imperializm” sözünün artıq işlənmədiyindən, köhnəldiyindən, deyəsən, bixəbərdir. İndi hamı Leninin 120 il əvvəl “imperializm ölməkdə və çürüməkdə olan kapitalizmdir” adlandırdığı imperializmin yanında yer almağa çalışır. Yer verilməyəndə isə Rusiya-Şimali Koreya dostluğu yaranır. Onların arxasında isə Çin var...

Son xəbərlər

Orphus sistemi