Proqnoz: Neft, qızıl və avro ucuzlaşacaq

Proqnoz: Neft, qızıl və avro ucuzlaşacaq ​FES-in son protokolları qlobal maliyyə bazarlarına ciddi təsir edib
Analitika
19 May , 2016 17:07
Proqnoz: Neft, qızıl və avro ucuzlaşacaq

Bakı. 19 may. REPORT.AZ/ Dünən açıqlanan ABŞ Federal Ehtiyat Sisteminin (FES) protokolları qlobal maliyyə bazarlarında ciddi dəyişikliklər yaradıb. "Report" xəbər verir ki, protokollarda FES-in iyun ayında uçot dərəcəsini artıra biləcəyi ehtimallarının gücləndiyi qeyd olunub. Sənədə əsasən, iyunun 13-14-də keçiriləcək növbəti iclasa qədər hər hansı bir neqativ iqtisadi amil açıqlanmasa, monetar siyasətdə sərtləşmənin həyata keçirilməsi mümkündür. Qeyd edək ki, ABŞ-da bir sıra önəmli iqtisadi göstəricilərin aprel ayında müsbət tendensiya göstərməsindən sonra FES-in protokollarında belə bir qərar öz yerini alıb. Belə ki, apreldə ABŞ-da pərakəndə satışın baza indeksi 0,5%-lik artım proqnozuna qarşı 0,8%, pərakəndə satışın həcmi 0,8%-ə qarşı 1,3% artıb. İnflyasiya isə proqnozun (0,3%) əksinə olaraq 0,4% təşkil edib. Yeni evlərin inşasının həcmi 6,6% yüksəlib. Qeyd edək ki, iyunun 13-14-dək ABŞ-da önəmli iqtisadi göstəricilərin açıqlanması gözlənilmədiyindən, investorların FES-in uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalları bir neçə gün əvvəlki 12%-dən 32%-ə yüksəlib.

Ehtimalların artması dolların qlobal valyuta bazarında məzənnəsini yüksəldib. Avronun cari məzənnəsi dünən 1% azalaraq 1,12 USD/EUR səviyyəsinə enib. Qızılın unsiyası isə 1,6% ucuzlaşaraq 1 255 dollara düşüb. Çin və Cənubi Koreya kimi inkişaf etməkdə olan bir çox ölkənin valyutası dollarla müqayisədə ucuzlaşıb. Neftin qiyməti 4%-ə yaxın ucuzlaşaraq 47,70 dollar/barel təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, qlobal maliyyə bazarlarında neqativ əhval-ruhiyyənin yaranması FES-i gözlənilən qərardan vaz keçirə bilər: "Lakin FES-in uçot dərəcəsini artırması hər zaman qlobal maliyyə bazarları tərəfindən neqativ qarşılanacağı üçün artıq bu amil önəmini itirməyə başlayıb. Uçot dərəcəsinin artması dünya fond birjaları indekslərinin, neftin, qızılın və s. əmtəələrin qiymətinin düşməsinə, dolların isə digər valyutalara qarşı möhkəmlənməsinə gətirib çıxaracaq. Neftin qiyməti 40 dollar/barelə qədər, qızılın unsiyası 1 150 dollara qədər, avronun məzənnəsi isə 1,08 USD/EUR-a qədər azala bilər".

Son xəbərlər

Orphus sistemi