Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) dünənki protokollarında dolları dəstəkləyən açıqlamalarından sonra investorlar Avropa Mərkəzi Bankının (ECB) bu gün, Bakı vaxtı ilə saat 16:30-da açıqlayacağı protokolları gözləyirlər.
"Report"un analitik qrupu bildirir ki, ECB-nin protokollarında bir müddətdir qoruduğu gözləmə mövqeyini davam etdirməsi gözlənilir.
"Report"un analitik qrupu ECB-nin protokollarında avrozona iqtisadiyyatı və inflyasiya barədə müsbət fikirlər səsləndirməsini gözləmir. ECB-nin monetar stimullaşdırmanı 2019-cu ildə tamamlaması və daha sonra uçot dərəcəsinin yüksəltməsi gözlənilir.
"Böyük ehtimalla, protokollardan sonra avronun məzənnəsi düşəcək. USD/EUR məzənnəsinin hazırkı 1,2270 səviyyəsindən tədricən 1,20 səviyyəsinə qədər geriləməsi mümkündür. Lakin bu, qısamüddətli olacaq. FED, dolların ucuz qalması üçün 2018-ci ildə bütün sözlü və maliyyə alətlərindən istifadə edəcək ki, ABŞ-ın ixracı və inflyasiya hədəf səviyyəyə qədər artsın. Bu səbəbdən, 2018-ci ildə USD/EUR məzənnəsinin 1,20-1,26 diapazonunda dalğalanması gözlənilir", - analitiklər əlavə ediblər.