"Bərabər tərəfdaşlıq münasibətlərinə yönələn hər bir əməkdaşlıq proqramı Azərbaycanın mənafeyinə uyğundur".
Bunu “Report”a MDB Hökumət Başçıları Şurası tərəfindən təşkilat çərçivəsində sərbəst ticarət zonasının yaradılmasının gündəmə gətirməsinə dair fikir bildirən politoloq Tofiq Abbasov deyib.
Politoloq dünyada mövcud olan bir sıra regional iqtisadi əməkdaşlıq formatlarının sırf bir ölkənin və ya bir neçə ölkənin mənafeyini qalanlardan üstün tutması üçün pozulduğunu qeyd edib: “İndi də bunu biz hələlik sağlam, şəffaf inteqrasiyanın mükəmməl nümunəsi hesab edilən Avropa İttifaqının (Aİ) timsalında görə bilirik. Lakin elə ki, Aİ-nin sıraları genişləndi, dərhal üzv ölkələrin liderlər, ikinci dərəcəlilər, geri qalanlar kimi qruplara bölünməsi başlandı. Baltik və Balkan ölkələrinin vəziyyəti Aİ-nin başbilənlərinin ilk növbədə öz mənafeyini güdərək üzv ölkələr arasında ayrı-seçkilik saldıqlarına, sərmayələrə kəskin möhtac olan yeni üzv ölkələrin müraciətlərini, tələbatlarını arxa plana atdıqlarına əyani misaldır”.
MDB çərçivəsində adıçəklilən əməkdaşlıq formatını şərh edən politoloqun fikrincə, nəzəri cəhətdən təqdirəlayiq olsa da, əməkdaşlığın bütün iştirakçılar üçün sərfəli, şəffaf şəklini tapmaq mühüm əhəmiyyət kəsb edir. Həmçinin ekspert qeyd edib ki, MDB barədə söhbət açarkən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü də unutmaq olmaz.
“MDB məkanında közərən münaqişə ocağı varsa, Ermənistan tərəfi məsələni yeni müharibə dərəcəsinə çatdırmaq üçün sülh danışıqlarına qəsdən mane olursa, MDB-nin rəhbər qurumları ilk növbədə işğalçı dövlətin ipini yığmalıdır. Yəni BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi yerinə yetirilməli, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalı, məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalı, bundan sonra isə erməni milli azlığa Azərbaycan Respublikası dövlətçiliyi çərçivəsində muxtariyyət verilməsi də daxil olmaqla, bütün digər məsələlər müzakirəyə çıxarılmalıdır. Elə bu günlərdə Prezident İlham Əliyev işğalçı ölkəni bir daha xəbərdar etməklə hər hansı möcüzənin baş verməyəcəyini, Qarabağ ermənilərinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət ala biləcəklərini, Ermənistan bu məsələni daha da yubatmağa çalışsa, son dövrlərdə dünyada get-gedə daha çox irəli çıxarılan güc amilinin işə salına biləcəyini açıqladı. Əslində öz-özünün ziyanına çalışan Ermənistan dərin sosial iqtisadi və siyasi böhrana düçar olmaqla get-gedə daha çox ətalət girdabına yuvarlanır. Ermənistan cəmiyyətində mövcud dayanıqsızlıq ab-havası, o cümlədən Qarabağdakı separatçı rejimin sona yaxınlaşması bu ölkənin qaldıra bilmədiyi yükü üzərinə götürdüyünə və artıq taqətsiz düşdüyünə dəlalətdir”, - deyə politoloq qeyd edib.
Dağlıq Qarabağ probleminin beynəlxalq gündəmdə başlıca yerlərdən birini tutduğunu dilə gətirən ekspertin fikrincə, MDB dövlətləri də Azərbaycanı fəal, qabiliyyətli, bir çox beynəlxalq proqram və layihələrin iştirakçı ölkəsi qismində qəbul edərək Qarabağ münaqişəsini qulaqardına vura bilməzlər.
“Bizim doğrudan da, çoxşaxəli xarici siyasətimiz var və bu, səmərəsini də verir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların az qala hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək bununla da Ermənistana beynəlxalq siyasətində tutduğu yeri, qaba gücdən və siyasi hoqqalardan, hansısa təcrübələr aparmaqdan uzaq durmalarını sezdirirlər. Çünki bu kimi hərəkətlər heç bir nəticə verməyərək Qafqaz və Xəzər regionlarında onsuz da nəzərəçarpan təhlükələri daha da artırır. Odur ki, iqtisadi əməkdaşlığın maksimum dərəcədə şəffaf olması, hər hansı bir ölkənin böyük qardaş vəzifəsini mənimsəməsinə yol verilməməsi MDB-də qayda olaraq qəbul edilsə, Azərbaycan faydalı əməkdaşlıq əlaqələrindən əsla boyun qaçırmaz. Üstəlik, bizim Avropa İttifaqı ilə, Qərb və sair ölkələr ilə səmərəli əməkdaşlıq sahəsində geniş təcrübəmiz var. Bizim regionda isə bircə Ermənistan sabitsizlik yaradaraq normal iqtisadi düzənin qurulması yolunda əngəllər törədir", - politoloq fikrini tamamlayıb.