“Cənubi Qafqazda tammiqyaslı regional əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkan yaranıb. Bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin bir hissəsi - Azərbaycan-Ermənistan sərhədi bərpa olunub. Gürcüstan Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü davamlı olaraq hər zaman dəstəkləyib. Bu əsasda regionun potensialını yeni tərzdə açmaq üçün imkanlar yaranır”.
Bu fikirləri “Report”un yerli bürosuna müsahibəsində Cənubi Qafqaz məsələləri üzrə aparıcı ekspert Valeri Çeçelaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sabitlik və əməkdaşlıq platformasının formalaşdırılmasında vacib rol oynaya bilər: “Bizim Azərbaycanla strateji tərəfdaşlıq, Ermənistanla mehriban qonşuluq münasibətlərimiz var. Bu, iki ölkə arasında illərlə davam etmiş münaqişəyə baxmayaraq, Gürcüstan ərazisində güclü azərbaycanlı və erməni icmaları birgə yaşayıb və yaşayır. Onlar arasında etnik zəmində heç bir qarşıdurma baş verməyib. Yeri gəlmişkən, bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də müsahibələrindən birində toxunmuşdu. O demişdi ki, azərbaycanlılar və ermənilər Gürcüstanda qonşuluqda olduqca dinc şəraitdə yaşayırlarsa, niyə digər yerdə yaşaya bilməzlər? Fikrimcə, bu, çox düzgün və sağlam düşüncədir. Bu cür yanaşmaların üstünlük təşkil edəcəyi halda, regionda daha çox imkanlar yaranacaq”.
V.Çeçelaşvili qeyd edib ki, Gürcüstan regional əməkdaşlığın komponenti ola bilər: "Əlbəttə, bu prosesdə əsas rol Azərbaycan və Ermənistan siyasətçilərinin üzərinə düşür. Cənubi Qafqazın gələcəyi Azərbaycan, Ermənistan və Gürcüstandan asılı olacaq. Ümid edirəm ki, zamanla bölgədə qarşılıqlı münasibətlər həm üç ölkədə sabitlik, rifaha və ümumilikdə regionun tranzit, turizm, investisiya potensialının cəlbediciliyinin artırılmasına yönəldiləcək. Bundan yalnız ölkələr deyil, bütün bölgə böyük fayda görəcək”.