Paşinyanın Zəngəzur yoluna gəlişi - Ermənistanın sponsor axtarışı - ŞƏRH

Paşinyanın Zəngəzur yoluna gəlişi - Ermənistanın sponsor axtarışı - ŞƏRH Rəsmi Bakının təkliflərini İrəvan gec də olsa qəbul edir. Bu gecikmə ilə Ermənistan çox bilmişlik etmək istəsə də, ləngiməklə özünə ziyan edir. Belə bir vəziyyət həm də Cənubi Qafqazda təhlükəsizliyi təhdid edir, əməkdaşlığa problemlər yaradır. Rəsmi İrəv
Analitika
15 Yanvar , 2024 15:09
Paşinyanın Zəngəzur yoluna gəlişi - Ermənistanın sponsor axtarışı - ŞƏRH

Rəsmi Bakının təkliflərini İrəvan gec də olsa qəbul edir. Bu gecikmə ilə Ermənistan çoxbilmişlik etmək istəsə də, ləngiməklə özünə ziyan edir. Belə bir vəziyyət həm də Cənubi Qafqazda təhlükəsizliyi təhdid edir, əməkdaşlığa problemlər yaradır. Rəsmi İrəvan bu davranışı ilə ona etibarın və etimadın yaranmasını da əngəlləyir.

Həftəsonu bu ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan da İran kimi eyni şərtlərlə Naxçıvana quru kommunikasiyalarını təmin etməyə hazırdır.

Bu, rəsmi İrəvanın Zəngəzur yolunun açılması ilə bağlı yeni “təklifidir”. Çünki bir müddət əvvəl Ermənistan hökuməti bu yolda gömrük və keçid-buraxılış məntəqəsi qurmağı iddia edirdi. Paşinyanın məlum açıqlamasını Ermənistan hakimiyyətinin mövqeyindən geri addım atması kimi də qiymətləndirmək mümkündür.

Yeri gəlmişkən, o, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsindən sonra bildirib. Prezident həmin çıxışında Ermənistan rəsmilərinin bu və ya başqa iddialarına cavab verib, yeni ismarışlar göndərmişdi. Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırıb: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. İlham Əliyev qeyd edib ki, əks halda, Ermənistan əbədi dalan kimi qalacaq: “Dediyim marşrut (Zəngəzur dəhlizi - red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”.

Bu, rəsmi İrəvana və havadarlarına çox qəti ismarış hesab edilir. Ona görə də baş nazir İrandan keçən yolun statusunu Zəngəzur yoluna da şamil edilməsi fikrini söyləyib.

ABŞ-nin də bu fikri dəstəklədiyi bildirilir. Bu, Ermənistan hakimiyyətinin taleyüklü məsələyə təkbaşına qərar vermək qabiliyyətində olmadığını da göstərir. Ehtimal etmək olar ki, Zəngəzur yolu ilə bağlı icazəni İrəvan Vaşinqtondan alıb. Ötən ilin dekabrında Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-yə səfər etmişdi. Görünür, bu təklifi Ağ evdə keçirdiyi görüşlərdən birində veriblər. Halbuki, bu da Azərbaycan tərəfi üçün yenilik deyil. Çünki Nikol Paşinyandan 10 gün öncə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir: “Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq”.

Bu baxımdan, Nikol Paşinyan yenilik etməyib, sadəcə rəsmi Bakının təklifini təsdiqləyib.

Belə qənaətə gəlmək olar ki, hökumət başçısı Azərbaycanla sülh sazişinin imzalanması, normallaşma prosesinin davam etməsi və s. məsələlər üzrə əməkdaşlığa dair qərar verməkdə çətinlik çəkir. Belə hal Ermənistanın müstəqilliyinə şübhə yaranmasına əsas verir. Halbuki, bu tip məsələlər daha çox Azərbaycan və Ermənistan dövlətinin, cəmiyyətinin marağının təmin olunması üçündür. Təkliflər regionda marağı olanların istəkləri ilə reallaşarsa, bu, indi də olmasa, perspektivdə həmin qüvvələrin xeyrinə olacaq. Bu baxımdan, həyati vacib məsələlər, ilk növbədə, iki tərəfin müzakirəsindən sonra qüvvəyə minə bilər.

Ermənistan hakimiyyətinin ənənəvi olaraq özünə kənarda “böyük”, “ağsaqqal”, “sponsor“ axtarışı ziyanlı nəticələrə də səbəb olur. Bunu tarixi faktlar Ermənistan adlı dövlət yaranan gündən dəfələrlə təsdiqləyib.

O da aydındır ki, bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Baş nazir bu qüvvələrin adlarını açıqlamır. O, həm də rəsmi İrəvanın bu istiqamətdə addım atmağa siyasi iradəsinin olmadığını, ən yaxşı halda isə az olduğunu etiraf edib. Çünki sülh sazişi və ya müqaviləsi iki ölkə arasında imzalana bilər. Bu anlaşmalar Azərbaycan və Ermənistan dövləti üçün lazımdır. Nəzərdə tutulan məsələlərin də, ilk növbədə, onların maraqlarını təmin etməsi vacibdir. Bu halda kənar qüvvələrin marağı sülhə və əməkdaşlığa zərbədir.

Azərbaycan Prezidenti məlum müsahibədə sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyac olmadığını, bunun iki suveren dövlət arasında imzalanacaq sənəd olacağını vurğulayıb: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

İlham Əliyev bu açıqlaması ilə Ermənistan hökumətinin düşdüyü vəziyyəti xarakterizə edib. Nikol Paşinyan Zəngəzur yolu və sülhlə bağlı açıqlamaları ilə bunu təsdiqləyib. Baş nazirin bu istiqamətdə açıqlaması rəsmi İrəvanın sülh və Zəngəzur yolu ilə bağlı gecikmələrinə də müəyyən aydınlıq gətirib. Belə anlaşılır ki, Ermənistan Azərbaycanla danışıqları vasitəçisiz aparmağa qadir deyil. Başqa bir tərəfdən, belə ehtimal etmək olar ki, İrəvan bu yolla həm də onun üçün uyğun zaman və şəraitin yetişəcəyini gözləyir.

Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın da marağından kənar qərar qəbul etmək üçün sərt addım atmır. Ona görə də bu gecikmə taktikası ilə Cənubi Qafqazda ABŞ, Avropa İttifaqı, hətta bir sıra hallarda İranı belə Moskvanın maraqlarına qarşı qoymağa çalışır. Rusiyanın XİN başçısı Sergey Lavrov ötən ayın sonunda verdiyi müsahibədə bildirmişdi: “Rusiya hesab edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”.

Odur ki, bu tip “oyunbazlığa” Moskvanın cavabı sərt ola bilər. Başqa sözlə, “çoxbilmiş quş dimdiyindən tələyə düşər”.

Son xəbərlər

Orphus sistemi