Nikol Paşinyanın yeni tapşırığı - Rusiya ilə sərhədçi qalmaqalı böyüyür - ŞƏRH

Nikol Paşinyanın yeni tapşırığı - Rusiya ilə sərhədçi qalmaqalı böyüyür - ŞƏRH Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 21-də Parisə səfəri və keçirdiyi bir sıra rəsmi görüşlər yeni reallıqları ortaya çıxarıb. Təsadüfi deyil ki, o, elə Fransada səfərdə olduğu dövrdə yerli mətbuata müsahibə verərək, Kollektiv Təhlükəsizlik M
Analitika
29 Fevral , 2024 14:32
Nikol Paşinyanın yeni tapşırığı - Rusiya ilə sərhədçi qalmaqalı böyüyür - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 21-də Parisə səfəri və keçirdiyi bir sıra rəsmi görüşlər yeni reallıqları ortaya çıxarıb. Təsadüfi deyil ki, o, elə Fransada səfərdə olduğu dövrdə yerli mətbuata müsahibə verərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu bəyan edib. Həmin bəyanat baş nazirin Yelisey sarayından İrəvana yeni tapşırıqlar qovluğu ilə döndüyünə işarədir. Son günlər Ermənistan hökuməti rəsmilərinin və birbaşa N.Paşinyanın açıqlamalarından da məlum olur ki, Fransanın Ermənistandan qəti tələbi Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna son qoymaqdır. Elə bu səbəbdən də son dövrlər Azərbaycan-Ermənistan şərti sərhədində törədilən təxribatlara, xüsusən də fevral ayının 12-də baş verən Nerkin-And hadisəsinə də bu prizmadan yanaşmaq lazımdır. Təsadüfi deyil ki, sözügedən ərazidə baş verən erməni təxribatından sonra Ermənistan hökuməti birbaşa Rusiyanı günahlandırmağa başladı.

Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan açıqlama verərək bildirdi ki, Nerkin-And ərazisində rusiyalı hərbçilər olsalar da, insidentin qarşısı alınmayıb. Digər erməni rəsmiləri isə daha irəli gedərək, məsələdə yenə Kremli ittiham ediblər, əraziyə Avropa İttifaqı müşahidəçilərinin məhz rus hərbçiləri tərəfindən buraxılmadığını vurğulayıblar. İş orasındadır ki, A.Qriqoryan faktları təhrif edib. Əslində Nerkin-And ərazisində rusiyalı hərbçilər yox, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının postu yerləşdirilib və bu barədə razılaşma tərəflər arasında 2021-ci ildə əldə olunub. Məsələ ilə bağlı hökumətin iclasında çıxış edən Nikol Paşinyan növbəti dəfə biabır olub və savadsızlığını sübuta yetirib. Məsələ burasındadır ki, yuxarıda qeyd edildiyi kimi, RF sərhədçilərinin Nerkin-And ərazisində yerləşdirilməsi 2021-ci ildə erməni hökuməti ilə razılaşdırılıb. Amma N.Paşinyan ya siyasi savadsızlıqdan, ya da Qərbdəki ağalarının təlimatına uyğun olaraq, “hazırda Rusiya sərhədçilərinin iştirakı ilə bağlı heç bir mandat və ya razılaşma yoxdur” kimi fikir səsləndirib. Elə bu fikrin özü də erməni hökumətinin rusiyalı sərhədçilərə qarşı münasibətini bir daha sərgiləyir. Çıxışına davam edən baş nazir bildirib ki, rus sərhədçiləri müdafiə funksiyasını yerinə yetirə bilmirlər və buna görə də müvafiq qərarlar verilməlidir. Çıxan nəticə isə odur ki, yaxın müddət ərzində N.Paşinyan hökuməti rusiyalı sərhədçilərin ərazini tərk etmələri tələbi ilə çıxış edəcəklər və çox güman ki, Avropa İttifaqı müşahidəçilərinin əraziyə girişini təmin edəcəklər. Bununla da təşkilat müşahidəçiləri İranla bağlı kəşfiyyat məlumat toplama işlərini tam sürətlə davam etdirə biləcəklər. Hər zaman “qırmızı xətt”, “şirin quyruğu” kimi fikirlər səsləndirən İran hökuməti isə hələlik susqunluq nümayiş etdirir.

A.Qriqoryan isə Qərbdə oturan ağalarının təlimatlarına uyğun olaraq açıqlama verir, kiminsə xoşuna gəlmək üçün isə ağlasığmaz ittihamlar səsləndirir. Çünki bu məsələdə təxribatın sırf erməni snayperi tərəfindən törədildiyi gün kimi aydındır. Hətta bunu Nikol Paşinyanla görüşdə Fransa prezidenti Emmanuel Makron da etiraf edib və məsələdən təəssüfləndiyini dilə gətirib. Belə olduğu halda, könüllüləri əraziyə toplayan, 50-60 yaşlı qocaların ümidinə qalan N.Paşinyan hökuməti ilk olaraq öz səhvini və günahını etiraf etməli, sonra başqa günahkarlar axtarmalıdır. Beynəlxalq qanun prizmasından yanaşsaq, “Yerkrapa” kimi terror təşkilatının Azərbaycanla şərti sərhəd xəttinə yerləşdirilməsi, birbaşa cinayətdir və erməni hökuməti həm bu məsələyə, həm də təxribata görə məsuliyyət daşıyır. 2020-ci ildən Azərbaycan-Ermənistan şərti sərhəd xəttində növbə çəkən terror qruplaşmasının bu gün 10 minə yaxın üzvü var və belə bir silahlı qruplaşmanın ölkə daxilində olması hökumət üçün əslində təhlükə mənbəyidir. İstənilən siyasi güc bu qruplaşmadan şəxsi maraqları üçün istifadə edə bilər.

Bununla yanaşı, erməni hökumətinin Rusiya sərhədçilərinə qarşı kəskin münasibəti hər gün artır. Məsələn, elə bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvandakı “Zvartnots” hava limanından Rusiya sərhədçilərini çıxarmaq lazımdır. O, N.Paşinyanın komandasında kifayət qədər ranqlı məmurdur və Qərbin inanılmış kadrlarından sayılır. Təbii ki, belə bir açıqlamanın pərdəarxası məqamları var və görünür A.Simonyan da müəyyən direktiv və tapşırıqlar üzrə hərəkət edir. Məqsəd isə aydındır: rusiyalı sərhədçiləri Ermənistan ərazisindən çıxarmaq.

Avropa Parlamenti isə İrəvanda baş verənlərdən həvəslənərək, Ermənistan sərhədindəki monitorinq missiyasını genişləndirmək, müşahidəçiləri Türkiyə ilə sərhədə yerləşdirmək barədə təklif irəli sürüb. Hazırda isə Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilər yerləşdirilib və belə bir təklifin səsləndirilməsinin hansı məqsədə xidmət etdiyi də açıq-aydın görünür. Düzdür, hələlik bu, sadəcə bir təklifdir. Amma yaxın dövrdə erməni hökumətinin rəsmiləri tərəfindən belə bir açıqlamaların veriləcəyi, N.Paşinyanın bu işə qol qoyacağı ehtimalı çox yüksəkdir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova N.Paşinyana və hökumətinə cavab verib. O bildirib ki, “Zvartnots” aeroportu ilə bağlı rəsmi İrəvandan heç bir tələb gəlməyib, erməni rəsmilərinin açıqlamaları isə faktların təhrif edilməsidir. Bununla yanaşı, rusiyalı diplomat N.Paşinyan hökumətinə də mesaj göndərib. XİN rəsmisi açıqlamasında qeyd edib ki, Meğri marşrutuna rusiyalı sərhədçilərin nəzarət etməsi optimal qərar ola bilər. Bu isə o deməkdir ki, Kreml sərhədçilərini Ermənistandan çıxarmaq kimi fikri nəzərdən keçirmir. Əksinə, missiyanı genişləndirərək, daha çox nəzarəti öz üzərinə götürmək fikrindədir. Moskvanın bu cavabı həm erməni hökumətinin baş nazirinə, Fransaya və Aİ müşahidəçilərinə kiçik xəbərdarlıq kimi qiymətləndirilə bilər. Əgər hadisələr başqa məcrada inkişaf etsə, rəsmi İrəvan Rusiya sərhədçilərinə qarşı mənfi münasibət sərgiləsə, çox güman, Kremlin sərt cavabı ilə üzləşəcək.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi