Ermənistan hakimiyyətinin yalanları nə ayaq tutur, nə də yeriyir

Ermənistan hakimiyyətinin yalanları nə ayaq tutur, nə də yeriyir Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir olmazın yalanı danışırlar. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyyat danışmaqdan yorulmayan ona görə də ermənilərin “yalanı ayaq" belə "tutub, yeriyib”.
Analitika
1 Oktyabr , 2020 16:17
Ermənistan hakimiyyətinin yalanları nə ayaq tutur, nə də yeriyir

Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir olmazın yalanını danışırlar. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyyat danışmaqdan yorulmayan ermənilərin yalanı hətta “ayaq belə tutub yeriyib”.

Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından hələ də özünə gələ bilməyən Ermənistan hakimiyyəti və onların təbliğat maşınının uydurduqları yalanlar daha çox yuxulu, yaxud aldığı zərbədən sərsəmləyən adamın danışığına oxşayır.

Son günlər beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı atışmanı dayandırmağa çağırsa da, Azərbaycan torpaqlarının işğal altında olduğunu bildirib. Şuranın belə mövqe tutmasını Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə bağlı qəbul etdiyi 4 qətnamənin icra olunması istəyi kimi də anlamaq olar.

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan, prezident Armen Sarkisyan və başqa rəsmilər Azərbaycan və Türkiyəyə qara yaxmaqdan, şər-böhtan atmaqdan yorulmur. Onlar keçirdikləri bütün görüşlərdə, müsahibə və telefon danışıqlarında Azərbaycan və Türkiyənin birlikdə "hücum etdiklərini" bildirirlər. Nikol Paşinyan “Rossia 1” telekanalına müsahibəsində danışdığı yalanla verilişin aparıcısını belə ələ salıb. O deyib ki, guya təmas xəttinə yaxın kəndlərdə “muzdlular” “şəriət qaydaları”nı tətbiq edirlər. O, bununla həm də Rusiya ictimaiyyətinə yalan danışaraq onları bir növ sadəlövh sayıb. Bütün dünya yaxşı bilir ki, işğal altında olan torpaqlar istisna olmaqla Azərbaycan hakimiyyəti bütün əraziyə nəzarət edir və ölkə üzrə bir kənddə belə Nikol Paşinyanın sayaqladığı “şəriət rejimi”ni heç bir muzdlu, yaxud başqa bir cərəyan təmsilçisi tətbiq etməyib və edə bilməz. Paşinyan ölkəsində yaranacaq xaosdan ehtiyat edərək indidən Ermənistan cəmiyyətinə də yalan danışmağa məcbur olub. Onun düşüncəsinə görə, guya Azərbaycanda xaosdur. Nikolun başqa bir yalanı isə “diplomatiya sahəsində böyük qələbə” qazandıqlarını iddia etməsidir. O, iddia edib ki, guya rəsmi Yerevanın səyi nəticəsində beynəlxalq ictimaiyyət “Azərbaycan və Türkiyənin muzdlu terrorçuların köməyi ilə Qarabağda döyüşdüyünə inanıb”. Dünyanın aparıcı dövlətlərindən heç biri Ermənistan hakimiyyəti təmsilçilərinin bu uydurmasını qəbul etməyib. Rusiya, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya, Çin rəsmiləri bu barədə bir söz belə deməyiblər. Dünyanın aparıcı dövlətləri atəşkəslə bağlı bəyanatlar verib, tərəfləri danışqlara çağırıb.

Azərbaycan tərəfi bildirib ki, torpaqlar işğaldan azad edilən kimi atəşkəsi dayandıracaq. Çünki uzun illərdir vasitəçilərin apardığı danışıqlar Ermənistanı işğaldan çəkindirməyib.

Ermənistan prezidenti Armen Sarkisyan isə müsəlman dövlətlərinin başçılarına müraciət edərək onları yalanları ilə aldatmağa səy göstərir. Sarkisyan Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və başqa ərəb dövlətlərinin başçılarına yalan danışaraq Qarabağın işğaldan azad edilməsində Türkiyə hərbçilərinin də iştirak etdiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyət Azərbaycan-Türkiyə əməkdaşlığının beynəlxalq təhlükəsizliyə xidmət etdiyini çox yaxşı bilir. Ermənistan isə müstəqil olduğu tarixdən yalnız bölgədə və dünyada pozuculuq fəaliyyəti ilə məşğul olub. Bu baxımdan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Ermənistan və havadarları beynəlxalq təhlükəsizliyi təhdid edirlər.

Qarabağ Azərbaycan torpağıdır. Bu torpaqlar uğrunda mübarizə Azərbaycan üçün Vətən Müharibəsidir. Azərbaycan hərbçisi, döyüşçüsü öz torpaqlarını sevdiyindən onun azadlığı yolunda əziz canından sevə-sevə keçir. Azərbaycan hərbçisinin, əsgərinin bu fədailiyindən Ermənistan narahatdır. Öz əsgərində, hərbçisində bu sevgi olmadığından Ermənistan rəsmiləri və təbliğat maşını Azərbaycan hərbçisinə şər atır. Erməni KİV yazır ki, guya “Azərbaycan hərbçilərinin hamısının cibindən doza dolu şpris tapıblar”. Bu gülünc və mənasız təbliğat erməniliyin tərbiyəsinin nəticəsidir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində “tezliklə xoş xəbərlər" verəcəyini yazıb. Bu, Paşinyanın arvadı Anna Akopyanın işğalçı erməni silahlılarına ruh vermək üçün Azərbaycan torpaqlarında uzanmasına oxşayır.

Azərbaycan əsgəri indiki şəraitdə bir kəndi belə işğaldan azad etsə, qalibdir. Bu halda stepanyanların yazdıqları cəfəngiyyat və öz vətəndaşlarına yalanı doğru adı ilə sırımasından başqa bir şey deyil.

Azərbaycan bölmələrinin hücumlarına məruz qalan Ermənistanda arxa cəbhədəki hərbçilər döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər. Yəqin Şuşan bu hərbçilərin fəaliyyətini “xoş xəbər” sayır.

Yeri gəlmişkən, Ermənistan monoetnik respublikadır. Bu ölkədə çox az sayda yezidi kürdlər və o qədər ruslar qalıb. Ermənistan hakimiyyətinin diqqətsizliyi səbəbindən onların sayı belə məlum deyil. Uzun illərdir Ermənistanda yezidi kürdlər etnik mənsubiyyətinə görə təqib və təzyiqə məruz qalırlar. İndi Ermənistanın etnik erməni vətəndaşları Qarabağa döyüşməyə getməkdən imtina etdikləri bir vaxtda rəsmi Yerevanın və onun təbliğat maşınının yadına yezidi kürdlər düşüb. Ermənistan hakimiyyəti “könüllülər” adı altında onları Qarabağa işğalçı ordunun tərkibinə toplamağa başlayıb. Bu erməniliyin canını ölkədəki başqa bir entik qrupdan xilas etmək cəhdidir.

Ermənistan nə keçmiş SSRİ-də, nə də guya müstəqil olandan sonra özünü təmin edə bilməyib. Bu ölkənin beynəlxalq iqtisadi layihələrə, proqramlara da bir xeyri yoxdur. Əvvəllər Sovet İttifaqından aldığı maliyyə vəsaitinin hesabına “müttəfiq respublika” olaraq mövcud olmuş Ermənistan indi də Rusiya və xaricdəki havadarlarının yardımı, ermənilərin müxətlif adlar altında keçirdiyi xeyriyyə marafonlarında yığılan ianələrin hesabına yaşayır. Başqa sözlə, Ermənistan dünyada inanələr hesabına mövcud olan bir bölgədir. Belə bir dövlətin güclü ordusunun olması iddiası da nağıldır.

Ermənilər artıq Rusiya, Fransa, ABŞ və başqa ölkələrdən müxtəlif  yardımlar, ianələr toplamağa başlayıblar. Məsələn, Fransanın Marsel şəhərindən 10 ton dərman preparatı və tibbi avadanlıq toplanıb. Yerevanın Moskvadakı səfirliyində də oxşar kampaniya keçirilir.

Beləliklə, Ermənistan rəhbərliyi, bu ölkənin KİV-i baş verənlərlə bağlı yalan yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir. Yalan danışan qarşısındakından çox özünə hörmətsizlik edir. Həya və utanc hissini itirənlər özlərinə hörmət edə bilməz. Belə çıxır, Ermənistan hakimiyyəti bu sayaq insani hisslərdən məhrum olublar. Onların bu vəziyyətini Viktor Hüqonun deyimi ilə belə xarakterizə etmək olar: “İblisin başqa bir adı da yalandır”. Deyəsən, dünyada indiki şəraitdə ermənilərin yalanlarının ayaq açıması yeriməsinə artıq imkan vermir.

Son xəbərlər

Orphus sistemi