​Parisdəki terror gözlənilən effekti vermədi - ŞƏRH

​Parisdəki terror gözlənilən effekti vermədi - ŞƏRH "İslamçı terrorçulara qarşı mübarizə" öz effektini və təsirini itirməyə başlayır
Analitika
12 Yanvar , 2015 15:34
​Parisdəki terror gözlənilən effekti vermədi - ŞƏRH

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 7-də Parisdə yerləşən "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyasına silahlı hücumda yenidən İslam adı altında fəaliyyət göstərən qrupların və müsəlmanların adı hallandı.

Bir çox şərhçilər və sosial şəbəkə istifadəçiləri bunu 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən məlum terror aktı ilə eyniləşdirdi və Parisdəki hadisənin müsəlman dünyasına qarşı yeni nifrət dalğası rolu oynayacağını ehtimal etdi.

Yeri gəlmişkən, 11 sentyabr hadisəsindən sonra Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatına qarşı hərbi kampaniya başladı. İslam adı altında fəaliyyət göstərən bu hərəkat hakimiyyətdən uzaqlaşdırıldı. Həmin vaxt heç bir təşkilat və dövlət "Taliban"ı müdafiə belə etmədi. Bir çox hallarda isə aksiyanı dəstəklədilər.

Dünyanın bir sıra dövlətlərində müsəlmanlara qarşı kin, nifrət istiqamətində təbliğat aparıldı. Amerikalı keşiş Terri Consun "Qurani-Kərim"i yandırması kimi halları buna misal göstərmək olar.

Düzdür, 11 sentyabr hadisəsində də müsəlman dünyası terrorla İslam arasında bağlılığın olmadığını, bu sayaq əməllərin İslama zidd olduğunu bəyan etdi. Ancaq təbliğat müəyyən mənada öz işini gördü.

Ancaq Fransadakı terror hadisəsindən əvvəl (İsveçdə məscidin yandırılması, Almaniyada anti-İslam aksiyaları) və sonra 11 sentyabrdakılar təkrarlanmadı. Başqa sözlə, bu hadisəni törədənlər, yaxud təşkilatçıları Avropa ölkələrinin vətəndaşlarında və dünyanın başqa dövlətlərinin əhalisində İslama qarşı nifrəti sentyabr hadisələrindən sonrakı dərəcədə əldə edə bimədilər.

Əksinə, Almaniyada dini və irqi ayrı-seçkilyə qarşı çoxminlik aksiya keçirildi. Parisdə dünyanın 50 dövlətinin, o cümlədən Türkiyənin baş naziri, Azərbaycanın baş nazirinin müavini və Fələstin muxtariyyətinin başçısı 3,7 milyonluq "Sülh marşı"nda iştirak etdi.

Bu aksiya dinindən asılı olmayaraq, insanların terrorçuluğa qarşı olduğunu bir daha təsdiqlədi.

Fransa prezidenti Fransua Ollandın baş vermiş terror aktının İslamla əlaqəsinin olmadığını da qeyd etmək yerinə düşər.

Hesab etmək olar ki, dünyada "İslamçı terrorçulara qarşı mübarizə" təbliğatı artıq əvvəlki yüz illər boyu verdiyi səmərəni vermir. Bunu dünyanın mədəni cəmiyyətləri anlamağa başlayıb.

Sosial şəbəkələrdə, elə ictimaiyyət arasında haqlı olaraq bu cür suallarla bağlı müzakirələr gedir: "Nədən Qarabağda, Xocalıda, 20 Yanvarda baş verənləri beynəlxalq ictimaiyyət sükutla qarşıladı?", "Nigeriyada "Boko Haram" adlı terrorçu təşkilatın törətdiyi cinayətlər ciddiyə alınmır?", "İraqda baş verən terror aktlarına qarşı niyə qəti tədbir görülmür?", "Yəməndə, Əfqanıstanda dinc əhalinin öldürülməsi niyə bu dərəcədə təsirli deyil?" və s.

Bu kimi suallar varsa, deməli, "İslamçı terrorçulara qarşı mübarizə" öz effektini və təsirini itirməyə başlayır.  

Son xəbərlər

Orphus sistemi