PARÇALA VƏ HÖKM SÜR: Dünyada iqtisadi böhrandan çıxış qeyri-bərabər olacaq

PARÇALA VƏ HÖKM SÜR: Dünyada iqtisadi böhrandan çıxış qeyri-bərabər olacaq Bütün bu proqnoz və hesabatlardan qəribə mənzərə yaranır
Analitika
3 Aprel , 2021 18:01
PARÇALA VƏ HÖKM SÜR: Dünyada iqtisadi böhrandan çıxış qeyri-bərabər olacaq

COVID-19 pandemiyası hələ də dünyanı ovucunun içində sıxsa da, Avropada yeni məhdudlaşdırıcı tədbirlər dalğası “köhnə dünya”nın iqtisadiyyatı üçün növbəti “cəhənnəm dairəsi” olmaq təhdidi yaratsa da, beynəlxalq maliyyə institutları (BMİ) bu ilin perspektivləri barədə müsbət şəkildə danışmağa üstünlük verirlər. Onların fikrincə, ABŞ iqtisadiyyatını dəstəkləyən “Bayden” tədbirlər paketi xammal bazarlarında tələbi tədricən bərpa etməyə kömək edəcək ki, bu da zəncirvari olaraq dünya bazarının digər seqmentlərini də hərəkətə gətirəcək.

Müsbət proqnozlar

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, dünya iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 3,5 trilyon ABŞ dollarından çox vəsait itirib və bu, 2008-ci ildəki böhrandan iki dəfə çoxdur. Onun sözlərinə görə, ekspertlər vəziyyəti İkinci Dünya Müharibəsindən bəri ən böyük qlobal böhran kimi qiymətləndirirlər.

Bu arada, dünyanın müxtəlif yerlərindən olan maliyyə rəsmiləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz iclasları çərçivəsində görüşməyə hazırlaşırlar, əlbəttə ki, virtual olaraq. Aprelin 7-də həmçinin “Böyük iyirmilik” (G20) ölkələrinin maliyyə qurumlarının rəhbərləri bir araya gələcək. “Reuters”in məlumatına görə, BVF koronavirus pandemiyasının dünya iqtisadiyyatında buraxdığı izlər barədə qısa hesabat təqdim edəcək və 2021 və 2022-ci illər üçün artım proqnozlarına yenidən baxacaq. Bu iclaslar zamanı pandemiyadan xüsusilə zərər görən ölkələrə 650 milyard ABŞ dolları ekvivalentində dəstək verilməsi müzakirə ediləcək.

Qeyd edək ki, bu həftə BVF ABŞ-dakı yeni stimullaşdırıcı tədbirləri və COVID-19 əleyhinə peyvəndləmənin irəliləməsini nəzərə alaraq, qlobal iqtisadiyyat üçün 2021 və 2022-ci illər üzrə proqnozlarını yaxşılaşdıracağını açıqlayıb. “Bu amillər cari və növbəti illər üzrə dünya iqtisadiyyatı üçün proqnozu artımla yenidən nəzərdən keçirməyimizə imkan verir”, - BVF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib.

Qeyd edək ki, demək olar, bütün BMİ-lərin analitikləri iqtisadiyyata təxminən 2 trilyon ABŞ dolları həcmində “Bayden” dəstək paketinin və infrastruktur xərclərinin gözlənilən paketinin yalnız ABŞ iqtisadiyyatına deyil, eyni zamanda digər ölkələrin iqtisadiyyatlarına da müsbət təsir göstərəcəyindən əmindirlər. Nəticədə xammal bazarları, istehsal zəncirləri və s. hərəkətə keçəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadiyyatın 2021-ci ildə 5,6% artacağını gözləyir. Bu, əvvəlki proqnozdan 1,4 faiz bəndi çoxdur. 2022-ci ildə qlobal ÜDM 4% artacaq. Ekspertlərin fikrincə, əhalinin COVID-19 əleyhinə aşılanması istiqamətindəki effektiv kampaniyalar və bəzi ölkələrdə əlavə maliyyə dəstəyi tədbirlərinin ayrılması sayəsində qlobal iqtisadiyyatın perspektivləri xeyli yaxşılaşıb. Onlar artıq 2021-ci ilin ortalarına qədər böhrandan əvvəlki səviyyəyə çatmağın mümkün olacağını gözləyirlər.

Dünya Bankı “Avropa və Mərkəzi Asiya (AMA) regionunun iqtisadi icmalı”nın növbəti buraxılışını dərc edib. Orada qeyd olunur ki, bu il regionun inkişaf etməkdə olan iqtisadiyyatlarının 3,6% səviyyəsində artacağı gözlənilir. Bankın analitikləri hesab edirlər ki, ixracatın bərpasın və sənaye məhsullarının qiymətlərinin sabitləşməsi 2020-ci ilin sonunda başlayan pandemiyanın növbəti dalğasının nəticələrini qismən kompensasiya edəcək. 2022-ci ildə pandemiyanın təsirinin tədricən zəifləməsi və ticarət və investisiyaların dinamikasınn yaxşılaşması fonunda regionun artım tempinin 3,8%-ə çatacağı gözlənilir.

Ədalətsiz bölgü

Lakin bu, bütün ölkələrin dərin böhranın nəticələrini belə dostcasına və birlikdə aradan qaldıracaqları demək deyil - əksinə, dünyanın əksər hissəsinin yaxın perspektiv üçün iqtisadi gələcəyi qaranlıq tonlara boyanıb. Bunu nüfuzlu təşkilatlar da gizlətmirlər və səbəbi COVID-19 əleyhinə peyvəndlərin ölkələr arasında ədalətsiz şəkildə bölgüsü halında qeyri-bərabər bərpa prosesləri ilə əlaqələndirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Gebreyesusun dediyi kimi, peyvəndlərin ədalətsiz bölgüsü sadəcə mənəvi biabırçılıq deyil, bu həm də iqtisadi və epidemioloji baxımdan özünəqəsddir.

“Virus hardasa sirkulyasiya, insanlar isə ölməyə davam etdikcə ticarət və səyahət qeyri-təşkilatlanmış vəziyyətdə qalacaq, iqtisadi canlanma vaxtı isə sonraya qalacaq”, - ÜST rəhbəri izah edib.

Bu arada, elə həmin BVF hesab edir ki, Çin istisna olmaqla, bazarları formalaşan və inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən ümumi gəlir 2020-2022-ci illər aralığında pandemiyadan əvvəlki göstəricidən 22% az olacaq, bu da öz növbəsində pandemiyanın başlanğıcından bəri təxminən 90 milyon insanın yoxsulluq həddinə düşəcəyinə gətirib çıxaracaq. “Qlobal iqtisadiyyat üzrə proqnozlar pandemiyadan asılıdır, ona isə hazırda aşılanmadakı qeyri-bərabər irəliləyiş və xüsusilə də Avropada və Latın Amerikada iqtisadi artım perspektivlərini dayandıran virusun yeni ştamları təsir edir”, - Kristalina Georgiyeva ÜST rəhbəri ilə həmfikirdir.

“Saxo Bank”ın analitikləri səlahiyyətli şəxslərin eyni vaxtda üç əsas problemi – qeyri-bərabərlik, yaşıl transformasiya və bir sıra infrastruktur məsələlərini həll etmək səylərinin qlobal iqtisadiyyata baha başa gələcəyini düşünürlər. Bu, inflyasiyaya, kapitalın daha yüksək marjinal qiymətinə və əsas problemlərin eyni vaxtda deyil, növbə ilə həll edilməsinin zəruriliyinin çətin başa düşülməsinə səbəb olacaq.

“Saxo Bank” pandemiyadan sonra qlobal iqtisadiyyata yatırılan pulun koronavirusdan əvvəlki 2019-cu ildəki qlobal ÜDM-in (88 trilyon ABŞ dolları) 20%-dən çoxunu təşkil etdiyini vurğulayır. Bu məbləğin 80%-dən çoxunun inkişaf etmiş bazarların payına düşməsi də bu stimulun bölgüsünü təhrif edir.

DB həmçinin iqtisadiyyatı xidmət və turizm sahəsindən çox asılı olan ölkələrin hamıdan çox zərər gördüyünü hesab edir. Uyğun olaraq, onlar üçün qısa zamanda bərpa perspektivi də yoxdur. Özü də Avropada artıq COVID-19-un üçüncü dalğası və məhdudiyyətlərin sərtləşdirilməsinin növbəti mərhələsi başlayıb. “Morgan Stanley”nin analitiklərinin fikrincə, məhdudiyyətlərin daha bir neçə ay davam etməsi “növbəti itirilmiş yay”a və İspaniya və İtaliyanın ÜDM-nin 2-3% azalmasına səbəb olacaq.

Bir sözlə, bütün bu proqnoz və hesabatlardan qəribə mənzərə yaranır - BMİ-lərin gözləntiləri müsbətdi, amma heç də bütün ölkələr üçün yox. Həmçinin bütün proqnozlar pandemiya və aşılanma ilə bağlı vəziyyətə nəzərən mütləq “qeyri-müəyyənlik” başlığı altındadır. Belə görünür, beynəlxalq analitiklər böyük iqtisadiyyatların proqnozlarına əsaslanan nikbin inkişaf ssenarisini dərc etməyi üstün tuturlar. Ancaq unutmaq olmaz ki, mövcud böhran o qədər dərin və geniş miqyaslı, qloballaşma tendensiyası isə bütün ölkələrin iqtisadiyyatlarını bir-birinə elə sıx bağlamışdır ki, sabitliyi yalnız birlikdə, dünyanın bütün bölgələrində inkişafa dəstək olmaqla əldə etmək mümkündür.

Ekspert Qulu Nuriyev

Son xəbərlər

Orphus sistemi