Azərbaycan iqtisadiyyatı COVID-19-a tab gətirəcəkmi?

Azərbaycan iqtisadiyyatı COVID-19-a tab gətirəcəkmi? "ÜDM-dən əlavə istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq"
Analitika
10687
8 İyul , 2020 14:46
Azərbaycan iqtisadiyyatı COVID-19-a tab gətirəcəkmi?

"Koronavirus (COVID-19) pandemiyası davam edir və indi hamını onun nə vaxt bitəcəyi, sosial-iqtisadi həyatın əvvəlki axarına nə vaxt qayıdacağı düşündürür. Bütün ölkələr kimi, pandemiya Azərbaycan iqtisadiyyatına da zərər vurub və hələ ki, onun dəqiq məbləğini hesablamaq mümkün olmayıb. Yalnız o məlumdur ki, hökumət bütün mümkün vasitələrlə makroiqtisadi sabitliyə nəzarət edir, valyuta bazarında dalğalanmaya imkan verməyərək manatının məzənnəsini qoruyur, bunun üçün valyuta ehtiyatlarından bacardıqca az istifadə etməyə çalışır. Amma sabah vəziyyət bundan da pis ola bilər və o zaman növbəti il üçün hər şeyə yenidən baxmaq zərurəti yaranacaq. Bu isə asan məsələ deyil".

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. 

"Hazırda dövlət büdcəsi gəlirləri ikitərəfli təzyiq altındadır: "Doğrudur, “kölgə iqtisadiyyatı”na qarşı keçən ildən bəri atılan addımlar hesabına qeyri-leqal dövriyyədən vəsait cəlbi hələ də davam etməkdədir. Amma artıq, bütün mənbələr üzrə imkanlar tükənir. Yayın növbəti 2 ayını da birtəhər yola verə biləcəyiksə də, mövcud vəziyyət sentyabr-oktyabr-noyabr ayları ərzində də qalmaqda davam edərsə ehtiyatlar təcili şəkildə işə salınmalı olacaq. O da yalnız, bir müddət effektiv xarakter daşıya bilər.

Məsələ bundadır ki, bütün bunlar təkcə bizdə belə deyil. Qlobal iqtisadiyyat özü pis gündədir və onun aparıcı ölkələrinin hər birində vəziyyət eyni ilə bizdəki kimidir. Hətta bizdəkindən bir az daha pis vəziyyətdədir.

Hələ aprelin sonuna yaxın 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Bu, dünya ölkələrinin yarısından çoxu deməkdir. Çünki sözügedən vəziyyət əksər ölkələri ikitərəfli vurur - həm kənardan, həm də daxildən. Kənardan ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, daxildən isə sərt karantin rejiminə görə... Bu, Azərbaycana da aiddir.

Dünyanın bir nömrəli iqtisadi gücünə malik ABŞ hələ cari ilin birinci rübünün yekununda keçən ilin eyni dövrü ilə müqayisədə 5% gerilik əldə edib. Adı çəkilən ölkənin Ticarət Nazirliyinin açıqladığı bu məlumatda əsl geriləmənin hələ qarşıda olduğu vurğulanıb. Yeri gəlmişkən, qeyd olunan tənəzzül ABŞ-da 2008-ci ildə başlamış qlobal maliyyə və iqtisadi böhran zamanı həmin ilin dördüncü rübündə əldə olunan nəticədən sonra ən ciddi rəqəm sayılır.

Ölkə üzrə ÜDM-in 2/3 hissəsini təşkil edən istehlak xərcləri 6,8% enib. Ümumiyyətlə, son illər ərzində ardıcıl olaraq artım nümayiş etdirən ölkə birdən-birə sanki, keçən əsrin 30-cu illərində baş vermiş Böyük depresiya vəziyyətinə düşmək təhlükəsi ilə üz-üzə qalıb ki, buna səbəb milyonlarla vətəndaşın öz iş yerlərini itirmələri və pulsuz yemək əldə etmək üçün növbələrə düzülmə ehtiyacının yaranmasıdır. Bir sözlə, COVID-19-un ABŞ-a vurduğu zərbə bundan ibarətdir... Hansı ki, buna qədər sözügedən ölkə son 11 il idi, fasiləsiz olaraq hər il 2%-dən aşağı olmayan iqtisadi artım göstərirdi. Keçən il ərzində ÜDM 2,3% artmışdı.

Apreldə isə işsizlik rekord həddə - 14,7%-ə çatmaqla, 20,7 milyon iş yeri ixtisar olunub. Konqresin büdcə idarəçiliyi ikinci rübün yekununa görə bu rəqəmin 26 milyona çatacağını, işsizliyin isə 15,1% təşkil edəcəyini bildirib. Üçüncü rübdə isə 15,8% ...

Sözün qısası, koronavirusa görə, ABŞ-da ÜDM bu ilin yekununa 6,5% azalacaq ki, dövlət borcunun səviyyəsi 26 trilyon dollar təşkil etməklə rekordu təzələyəcək.

Bütün bunları qeyd etməklə, nə ABŞ-ın "batacağını" iddia etmək istəyirəm, nə də ölkəmizin iqtisadiyyatı ilə bağlı yaranmış vəziyyəti sığortalamaq. Sözüm ondadır ki, qlobal iqtisadiyyatın bu il 4,9% tənəzzül edəcəyi gözlənilir ki, apreldə bunun 3% təşkil edəcəyi söylənmişdi. Avrozona ölkələri üzrə isə bu rəqəmin 10,2%, bu zonada əsas lokomotiv sayılan Almaniyada isə 7,8% olacağı bildirilib.

Yaranmış vəziyyət və iqtisadiyyata təzyiqlər kifayət qədər təhlükəlidir. Və müddət uzandıqca, məlum bəlanın konkret nə vaxt sovuşacağı bəlli olmadıqca, "özünümüdafiə və sığorta" tədbirləri mövcud imkanlardan istifadəni genişləndirməyi məcbur edir. Başqa sözlə desəm, bütün imkanların səfərbərliyə alınması deyilən bir hal vardır ki, dövlətimiz də məhz buna yaxın vəziyyətdədir.

Bu ilin yanvar-may aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% az ÜDM istehsal edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2%, qeyri neft-qaz sektorunda isə 2,1% az qeydə alınıb. Amma kənd təsərrüfatında 4% yaxın artım qeydə alınıb. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14% artıb, illik inflyasiya 3%-i ötməyib.

Koronavirusla bağlı vəziyyət bir az da davam etsə, karantin rejimi üçüncü və dördüncü rüblər ərzində də fasiləli şəkildə də olsa tədbiq edilsə, ÜDM-dən əlavə istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq. Və tənəzzül tendensiyası özünü girişdə də qeyd etdiyim kimi son nəticədə valyuta bazarında büruzə verə bilər.

Pərviz Heydərov
Pərviz Heydərov

Lakin vəziyyət nə qədər qeyri-müəyyən olsa da qeyri-nikbinliyi əsas yoxdur. Həm də sözümü bir daha ona gətirirəm ki, bəziləri həyata keçirilən tədbirlərin və görülən işlərin yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar ki, sanki, hər şeyi məhz bu həll edir. Və müqayisələr gətirirdilər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur.

ABŞ-da 5-6 trilyon dollar məbləğində maliyyə dəstəyi Federal Ehtiyat Sistemi üçün həm də əlavə emisiya demək idi, o mənada ki, bu izafi nəğd pul kütləsi sonradan beynəlxalq maliyyə qurumlarında yerləşdirilə bilər və elə dolayı məqsədlərdən birini də məhz bu təşkil edirdi. Həmçinin, digər ölkələr üzrə də...

Odur ki, koronavirus pandemiyası ilə bağlı inkişaf etmiş ölkələrin dəstək və kompensasiya tədbirləri ilə bizdəkini müqayisə etmək düzgün deyildi. Azərbaycan hökumətinin sözügedən ölkələr ilə müqayisədə həyata keçirdiyi siyasət və ayırdığı vəsait böyük şücaətdir. Koronavirus pandemiyasının nə qədər zərər vuracağı, bundan qurtulmaq üçün nə qədər vəsait xərclənəcəyi isə təkrar edirəm, hələ bəlli deyil. Digər tərəfdən, postpandemiya dövründə də dəstək siyasəti davam etməlidir və edəcək.

Onsuz da ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin sonunadək müddəti əhatə edir. Əsas odur ki, pandemiya dövrü tez bitsin", - deyə o, qeyd edib. 

"Report" koronavirusun iqtisadiyyata təsiri ilə bağlı yerli iş adamlarının da rəyini öyrənib. 

"Şah" turizm şirkətinin rəhbəri Aqil Ağalarov deyir ki, məşğul olduğu fəaliyyət sahəsi pandemiyanın ən çox təsir etdiyi sahələrdən biridir: "Azərbaycandakı əksər turizm şirkətləri problemlərlə üzləşib, onların bir qisminin bağlanma təhlükəsi də var. Doğrudur, pandemiya ilə əlaqədar şirkətlərə müəyyən dövlət dəstəyi oldu. Amma bu, şirkətlərin problemlərini tam aradan qaldırmadı. Xüsusilə ofislə bağlı problemləri olan şirkətlərə çox böyük ziyan dəyib. Hələ ki, sektorda vəziyyətin düzəlməsi (əvvəlki vəziyyətin bərpa olunması) istiqamətində irəliləyiş yoxdur. Hesab edirəm ki, bu vəziyyət bir qədər də davam etsə, sektor tamamilə çökə bilər.

Aqil Ağalarov
Aqil Ağalarov

Ucuz aviabiletlərin əldə edilməsi baxımından turizm sənayesi üçün vacib olan aşağı büdcəli "Buta Airways" şirkəti fəaliyyətini dayandırıb. Hazırda bilet satışını yalnız "Azərbaycan Hava Yolları" QSC (AZAL) və yalnız internet səhifəsində həyata keçirir. Yəni turizm şirkətləri bu prosesdən kənarlaşdırılıb. Sərnişinlər özləri bilet ala bilər və şirkətlərin bu məsələdə rolu yalnız hansısa formada dəstək göstərməkdir. Açığı, bizim şirkət çarter reyslərinə elə də maraq göstərmir. Çünki bu, bir qədər risklidir. Məndə olan məlumata görə, iyul üçün bilet satışı olsa da, uçuşların təxirə salınması gündəmdədir və bu da problem yaradır.  Buna görə də turizm şirkətlərini ayaqda saxlamaq üçün bir qədər yumşalmaya gedib daxili turlara imkan yaradılmalıdır. Analoji addımı Türkiyə və Gürcüstan atıb, uğurlu olub”.

EKVITA konsaltinq şirkətinin rəhbəri İlqar Mehti də deyir ki, pandemiya digər sahələr kimi onun da məşğul olduğu sahəyə mənfi təsir edib: "Sahibkar gələcəyi proqnozlaşdırmağı bacarmalı və buna doğru fokuslanmalıdır. Çünki gələcək nəzərə alınaraq yatırımlar edilir, işçi heyətinin sayı, onların təlimləri planlaşdırılır və sair. İcarə və sığorta haqları, işçi qüvvəsi və bu kimi digər sabit xərclər vardır ki, bunlar biznes üçün böyük xərcdir. Amma buna rəğmən, işin həcmi azalıb. Həmçinin müştərilər bəzi layihələrini məcbürən dayandırıb. Bu dəqiqə COVID-19-un biznesə qısamüddətli təsiri o qədər də kəskin hiss olunmur. Lakin gələcəyə dair qeyri-müəyyənlik ab-havası formalaşıb.

 İlqar Mehdi
İlqar Mehdi

Azərbaycan hökumətinin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımları yaxından izləyirəm. Amma bu plan yalnız bəzi sahələrə şamil olunur. Bu tip dəstək əsasən turizm, nəqliyyat, yükdaşımalar və s. bu kimi sahələrə aiddir. Biz həmin sahə ilə əhatə olunmuruq deyə, bizə heç bir imtiyaz şamil olunmur. Düşünürəm ki, əslində pandemiya birbaşa, yaxud dolayısı ilə bütün sahələrə mənfi təsir edir. Eyni zamanda başa düşüləndir ki, bunun mənfi təsiri turizmə 100%-dirsə, digər sahələrə, ola bilsin ki, 50%-dən aşağıdır. Ona görə də hökumət resursların məhdud olduğunu nəzərə alaraq bəzi sektorlara yardım elədi, bəzilərinə isə etmədi. Amma uzunmüddətli perspektivdə bu vəziyyətdən çıxış planı yalnız onda görürəm ki, bütün iqtisadiyyata dəstək lazımdır.

Bir məsələni də əlavə etmək istəyirəm: pandemiya dövründə digər hökumətlərin də atdıqları addımları izlədim. Maraqlıdır ki, onlar məhz pandemiya şəraiti ilə əlaqədar dövlət sifarişli investisiyalarının həcmini azaltmadılar, əksinə, artırdılar. Amma Azərbaycan əksinə addım atdı. Düşünürəm ki, bizim hökumət də bu addımı atmalı idi. Çünki real şəraitdə xarici investorun gəlməsi mümkün deyil. Yerli investorun da investisya qoyması çətin mümkün olsun. Əgər bu məqamda dövlət sifarişlərinin və büdcə xərclərinin azaldılması qərarı qəbul edilirsə, bu gələcəyə ümidsizliyi daha da azaldır. Biznesi stimullaşdırmq üçün ehtiyat fondlarından vəsaitlər ayrılmalı, dövlət layihələri artmalıdır.  Biz bunu, onsuz da, etməli olacağıq. Lakin nə qədər tez etsək, iqtisadiyyata təsiri bir o qədər az olar”.

“Müller İnteryer” şirkətinin direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov isə deyir ki, sahibkarlar əsasında araşdırmalar aparılıb və onların pandemiyadan ciddi təsirləndiyi üzə çıxıb: "Bununla belə, hesab edirəm ki, bu, son qiymətləndirmə deyil və onu sentyabr ayında həyata keçirsək, daha yaxşı olar. Görürsünüz ki, karantin rejimi gücləndikcə fəaliyyət dayanır. Sözsüz ki, onun zəncirvari təsiri var. 

Təbii ki, dövlətin etdiyi yardım vaxtında və yerində idi. Amma vaxt uzandıqca əlavə yardımlara ehtiyac yaranır. Bildiyiniz kimi yeni kredit mexanizmi işə salındı. Düşünürəm ki, həmin kredit mexanizmi şirkətlərin qarşıdakı bir ildə ayaqda qalmasına dəstək verəcək. Artıq şirkətlər də bununla maraqlanır. Onu da qeyd edim ki, maliyyə əlçatanlığı problemi əvvəllər də var idi və pandemiya dövründə bu problem daha da qabardı. Biz həmişə bu məsələni qaldırmışıq ki, sahibkarların ən böyük problemi maliyyə əlçatanlığı məsələsidir.

 Vüqar Zeynalov
Vüqar Zeynalov

ASK olaraq bizim hökumətə verdiyimiz təkliflərin, demək olar ki, 90%-i qəbul olundu. Yalnız bir təklifimiz qəbul olunmadı. Bu isə kommunal ödənişlərdə şirkətlərə möhlətin verilməsi ilə bağlı idi. Amma digər təkliflərimizin hamısı qəbul olundu. Eyni zamanda maliyyə əlçatanlığı ilə bağlı məsələni də ortaya qoymuşduq və artıq bu mexanizm də işə düşdü.

Hesab edirəm ki, təklif edilən yeni kreditləşmə mexanizmi özü də bir yardımdır. Çünki burada girovun və faizin bir hissəsini dövlət qarşılayır, eyni zamanda bir ilə qədər güzəştlər var. Hər yeni mexanizm tətbiq eləmək üçün zaman lazımdır. Sahibkarlar isə həmin tətbiq edilən mexanizmdən yararlanmaq üçün innovativ olmalıdırlar. Əgər bütün ehtiyacı olan sahibkarlar bundan yararlansa, əlavə dəstəyə ehtiyac qalmayacaq. Nəticəni bilmək üçün isə zamana ehtiyac var. Məncə, sentyabrda artıq ilkin nəticələr bilinəcək. Təəssüf hissi ilə demək istəyirəm ki, bir çox hallarda sahibkarlar mətbuatı izləmir və bu səbəbdən də yeniliklərdən xəbərsiz olurlar.

Hesab edirəm ki, hamının məlumatlı olması üçün təşviqi daha da gücləndirmək lazımdır. Bir daha təkrar edirəm ki, əgər ehtiyacı olanların hamısı bu kreditlərdən yararlana bilsə, bu zaman əlavə dəstəyə ehtiyac qalmayacaq. Çünki bu, ən obyektiv yanaşmadır. Hazırkı şəraitdə bizim əsas məqsədimiz mövcud müəssisələrin qorunmasıdır. Çünki bir müəssisənin bağlanıb sonradan yenidən yaranması 10 dəfə baha başa gəlir.

Bir məsələnin də əlavə edim ki, iqtisadiyyata təsir edən əsas məsələ pandemiya deyil. Burada ümumi dünyada olan iqtisadi böhran daha böyük rol oynayır. Əgər avqustun 1-dən karantin rejimi ləğv edilsə, yenə də dünyada mövcud olan iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsirini davam etdirəcək. Oxşar hal 2008-ci ildə baş vermişdi. Sadəcə bu dəfə pandemiya ilə bağlı məsələlər gündəmi zəbt etdiyi üçün qlobal iqtisadi böhrana o qədərdə diqqət yetirilmir".

Bir sözlə, görünən odur ki, Azərbaycanda iqtisadiyyatın və biznesin pandemiyadan qorunması üçün dövlətin atdığı addımlar müsbət qiymətləndirilir, sadəcə dəstək tədbirlərinin bir qədər gücləndirilməsinə, sahibkarların isə yeni iqtisadi şəraitə uyğunlaşmasına ehtiyac var.