Pakistan demokratiya sınağı ilə üz-üzə - İslam Respublikasının nicatı həmrəylikdədir - ŞƏRH

Pakistan demokratiya sınağı ilə üz-üzə - İslam Respublikasının nicatı həmrəylikdədir - ŞƏRH Pakistanda parlament seçkilərinin nəticələri açıqlanıb. Birinci yeri keçmiş Baş nazir, hazırda həbsxanada olan İmran Xanın başçılıq etdiyi Ədalət Uğrunda Hərəkat Partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, parlamentin Aşağı Pa
Analitika
12 Fevral , 2024 15:06
Pakistan demokratiya sınağı ilə üz-üzə - İslam Respublikasının nicatı həmrəylikdədir - ŞƏRH

Pakistanda ötən həftə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. Keçmiş Baş nazir, hazırda həbsxanada olan İmran Xanın başçılıq etdiyi Ədalət Uğrunda Hərəkat Partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, parlamentin Aşağı Palatasında - Milli Assambleyadakı 336 yerdən 96-sını bu partiya qazanıb, 101 yeri müstəqil namizədlər tutub. 75 yeri Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlmanlar Liqası, 54-ünü Bilavala Bhutto Zardarinin lideri olduğu Pakistan Xalq Partiyası qazanıb. Parlamentdəki 70 yerdən 60-ı ənənəvi olaraq qadınlar, 10 yer isə qeyri-müsəlman olmayanlar üçün ayrılıb.

Səslərin sayılmasına 60 saatdan artıq lazım olub. Heç bir siyasi partiya və ya blok hökuməti təkbaşına formalaşdırmaq üçün 169 yeri əldə edə bilməyib. Nəvaz Şərif seçkidə uğur əldə edə bilməsə də, koalisiya hökuməti yaratmağa cəhd göstərəcəyini bildirib.

Pakistanın Ali Məhkəməsi və Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 14 il müddətinə azadlıqdan məhrum edilmiş İmran Xanın lideri olduğu Ədalət Uğrunda Hərəkat Partiyasının üzvləri bu siyasi kampaniyada müstəqil namizəd kimi iştirak edə bilər, onlara siyasi təşkilatın rəmzlərindən istifadə etmək qadağan olunub.

Ədalət Uğrunda Hərəkat Partiyasının nümayəndəsi Əli Xan Nəvaz Şərif və Bhutto ilə koalisiya yaramaqdan qəti şəkildə imtina edib. Onların müstəqil namizədlərlə birlikdə hökumət qurmaq şansları da var.

Ona görə daha çox Nəvaz Şəriflə Bilavala Bhutto Zardarinin birgə hökuməti formalaşdıracağı ehtimal olunur.

İmran Xan istefa verdikdən və həbs edildikdən sonra hökuməti Nəvazi Şərifin tərəfdarları formalaşdırdı. Hətta onun qardaşı Şahbaz Şərif 2022-ci il aprelin 11-dən 2023-cü il avqustun 13-dək Baş nazir olub. Parlament seçkiləri təyin edildikdən sonra Ənvərül Haq Kakar ölkənin müvəqqəti baş naziri oldu. Yeri gəlmişkən, əslən Bəlucistandan olan 52 yaşlı müvəqqəti Baş nazir etnik puştundur. O, Bəlucistanın Avami partiyasının üzvüdür. Müvəqqəti hökumət başçısı vəzifəsində qarşıdan gələn seçkilərin azad və ədalətli keçirilməsinə cavabdeh idi. Ənvərül Haq Kakar səlahiyyətlərinin icrasını seçkilər baş tutana və daimi Baş nazir təyin olunanadək davam etdirəcək.

İmran Xanın və onun başçılıq etdiyi siyasi partiyanın bir sıra aparıcı üzvlərinin siyasi fəaliyyəti məhdudlaşdırıldıqdan sonra Nəvaz Şərifin və onun partiyasının nüfuzu artdı. Bir çoxları ehtimal edirdi ki, o, ordudakı nüfuzundan istifadə edərək seçkilərin nəticələrinə təsir göstərəcək. Düzdür, səsvermədən sonra müxalifətlə hökumət qüvvələri, o cümlədən polis və hərbçilər arasında müəyyən toqquşma baş verib. Ancaq sonradan polislər və hərbçilərin təzyiqi azalıb, bir sıra hallarda isə sakitləşib.

Pakistan İslam Respublikası bir çox xüsusiyyətlərinə görə unikal ölkədir. Demokratik dövlət kimi özünü təsdiq edən Pakistanda builki seçkilər təkcə daxili siyasi gərginliklə deyil, həm də qonşu ölkələrlə münasibətlərin kəskinləşdiyi fonunda keçirilib. Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra İslamabadla aralarında müəyyən problemlər yaranıb. İki ölkə arasında sərhəddə gərginliklər yaşanıb. Hindistan Ali Məhkəməsi isə Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunu dəstəkləyib. Ardınca da parlament bu ştatların xüsusi statusunu ləğv edib. Nəticədə, bölgənin digər ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi olmayacaq. 2019-cu ildə bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olmuşdu.

Bu il yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun (Sepah) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə aviazərbələr endirib. Yanvarın 18-də isə Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə cavab verib.

Bu, İslam Respublikası demokratiyasına görə də unikaldır. Məsələn, hökumət başçıları ya terror, ya da həbs edilir. Əvvəlkilərlə müqayisədə keçmiş baş nazirlər Nəvazi Şərif və İmran Xan həbs olunublar. Yeri gəlmişkən, 2018-ci ildə o, Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad zavodunun alınmasına bəyan edilməmiş vəsait yatırmaqla bağlı korrupsiyada təqsirli bilinmişdi. İslamabad Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini 7 illik həbsə məhkum etmiş və 2,5 milyon dollar cərimələmişdi. 2023-cü ilin dekabrında İslamabad Ali Məhkəməsi ona bəraət vermişdi.

Gərginliyin azalması və xarici pozucu qüvvələrə birgə müqavimət göstərilməsi üçün Pakistanda demokratiya, həmrəyliyi çıxış yolu saymaq olar. Hərbçilərin siyasi hadisələr, o cümlədən hökumətin formalaşmasına müdaxiləsi ölkədə demokratiya, iqtisadi, siyasi və ictimai inkişafa problem yarada bilər. Çünki hərbi çevrilişlər tez-tez olan, yaxud ümumiyyətlə belə hadisə baş verən ölkələrdə sadaladığımız sahələr geriləyir. Bu həm də dövlətin müdafiə qüdrətinə, beynəlxalq aləmdə nüfuzuna da mənfi təsir göstərir.

Pakistan İslam Respublikası olaraq demokratik yolla inkişafı islam adı altında mövcud olan dövlətlərin də gələcəyinə təsir göstərə bilər. Siyasi, ictimai, dini, hərbi liderlərinin həmrəyliyi bu ölkənin nicatıdır. Əks halda daha bir müsəlman ölkəsində xaos qaçılmaz ola bilər. Pakistan demokratiyanın daha bir imtahanı ilə üz-üzədir. Uğurlar arzulayırıq.

Son xəbərlər

Orphus sistemi