Azərbaycanın 2020-ci ili: pandemiya, islahat və Qarabağ zəfəri

Azərbaycanın 2020-ci ili: pandemiya, islahat və Qarabağ zəfəri Yola saldığımız 2020-ci il Azərbaycan tarixində Mübarizə ili kimi qalacaq.
Analitika
1117
29 Dekabr , 2020 13:11
Azərbaycanın 2020-ci ili: pandemiya, islahat və Qarabağ zəfəri

Yola saldığımız 2020-ci il Azərbaycan tarixində Mübarizə ili kimi qalacaq. Düzdür, Azərbaycan Respublikası yaranan gündən daim mübarizədə, döyüşlərdə olub. Ancaq builki mübarizə o birilərinə bənzəmir.

Azərbaycan əsgəri son 200 ildə ermənilər və havadarlarına Qarabağda çox böyük dərs verdi. Qarabağla bağlı məsələ tam həll olunmasa da, bu savaş ermənilərin məğlubiyyəti ilə nəticələnib. Ona görə də bu ilin yekunlarında əsas hadisə 44 günlük döyüşlər sayılır. Bu döyüşlər nəticəsində Ermənistan ordusu darmadağın olunub, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Xocavənd rayonunun Hadrut qəsəbəsi və əksər kəndləri, habelə Şuşa şəhəri işğaldan azad edilib. General-leytenant Hikmət Mirzəyevin başçılığı ilə Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin müharibədə erməni silahlıları ilə əlbəyaxa döyüşməsi və Şuşanı azad etməsi də Azərbaycanın hərb tarixində ilk hadisə idi.

Müdafiə Nazirliyi dəfn olunan şəhidlərin yeni sayını 2823 nəfər, itkin düşmüş hesab olunan hərbçinin 30 nəfərdən çox, şəxsiyyəti müəyyən olunmayan şəhidlərin isə 50 nəfərdən çox olduğunu açıqlayıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 94 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3 064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu döyüşlər noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə imzaladığı 9 maddəlik Bəyanatla başa çatdı.

İlin əsas hadisələrindən biri də Rusiya ordusunun sülhməramlı missiya ilə Azərbaycan ərazisinə 1960 sayda odlu silahlı hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin yerləşdirilməsidir. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Qeyd edək ki, 1993-cü il mayın 25-də keçmiş SSRİ zamanında Azərbaycanda yerləşdirilən, tərkibində 4 motoatıcı, bir hava-desant diviziyası və 5 hərbi aerodromu olan 4-cü ordu ölkədən çıxarılıb.

Bu ilin ikinci başlıca hadisəsi də döyüşlərlə bağlıdır. İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağa başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Bu döyüş generalın şəhid olması ilə nəticələnən ilk hadisədir. Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutması nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçu da həlak olub. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini də həlak olub. Bu döyüşlər iyulun 23-də başa çatıb. Xəyyam Məhəmməd oğlu Daşdəmirov, Elşad Dönməz oğlu Məmmədov, Vüqar Lətif oğlu Sadıqov, Rəşad Rəşid oğlu Mahmudov, polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, general-mayor Polad İsrayıl oğlu Həşimov, Elçin Arif oğlu Mustafazadə, İlqar Ayaz oğlu Zeynallı, Yaşar Vasif oğlu Babayev, Nazim Əfqan oğlu İsmalıyov, Əziz İzzət oğlu Əzizov 11 günlük savaşda şəhid olublar.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları da dövlətin təməlinə zərbə vuran hadisələrdəndir. Bu baxımdan Azərbaycanda bu istiqamətdə də mübarizə davam edir. Odur ki, ilin başqa bir yaddaqalan hadisəsi Elmar Məmmədyarovun Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsindən azad edilməsidir. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib. XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyənləşib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Məmmədyarovun yerinə Ceyhun Bayramov təyin olunub. Respublikanın çağdaş tarixində ilk dəfə olaraq təhsil naziri xarici işlər naziri vəzifəsinə təyin edilir. O, 2018-ci il aprelin 23-də təhsil naziri təyin olunmuşdu.

 Əbülfəs Qarayev
Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin tutduğu vəzifədən qanunsuz əməllərinə görə azad edilməsi də ilin başlıca hadisələrindən sayılır. Qeyd edək ki, Ə.Qarayev 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifəsində çalışıb. O, 2018-ci ildə mədəniyyət naziri təyin edilmişdi. Dövlət Təhlükəsizliyi Xidməti mayın 12-də mədəni-tarixi irs hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb. Nəticədə mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs olunub. DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər. Aparılan araşdırmalarla Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib. Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb. Nazirin səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Anar Kərimova həvalə olunub. Hazırda araşdırmalar davam etdirilir.

Məmməd Əhməd oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi də ilin hadisəsi sayıla bilər.

 İsmayıl Vəliyev
İsmayıl Vəliyev

2020-ci ildə 6 rayonun icra başçısı vəzifəsindən azad edilib. İmişli Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Vilyam Hacıyev 2020-ci il mayın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittiham edilir. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev fevralın 20-də vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyev və bir neçə digər vəzifəli şəxsi əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlanılıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov martın 5-də vəzifəsindən azad edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov martın 9-da vəzifəsindən azad edilib. O, Milli Məclisinin VI çağırışının deputatı seçilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Mahir Quliyev “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “təkrar rüşvət alma”, “mənimsəmə faktlarına görə” maddələri ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Dekabrın 9-da Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov tutduğu vəzifədən azad edilib. O, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ölkədə pandemiyaya qarşı mübarizə çox sərt aparılır, karantin qaydalarını pozanlara güzəşt edilmir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir qrup şəxs cəzalandırılıb. Həmin hadisə ilə bağlı 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələndilər. Həmin şəxslər polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər. Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, onun xanımı, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olundular.

Dekabrın 10-da Zəfər paradı keçirildi. Bu təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrünün başlamasına işarə oldu. Döyüşlər ərzində Türkiyənin Azərbaycanı dəstəkləməsi buna təkan verdi. Pakistan Azərbaycanın haqq işini müdafiə etməklə əməldə də onun yanında olduğunu sübut etdi. İsrail sübut etdi ki, Azərbaycanla əməkdaşlığa və müttəfiqliyə böyük önəm verir. İran hakimiyyəti Azərbaycanın haqq işini birmənalı olaraq müdafiə etməməklə çaşbaş vəziyyətdə qaldı. Ermənistan ordusunun qənimət olaraq əldə edilən hərbi texnikasının Zəfər paradında nümayiş etdirilməsi erməniliyin və havadarlarının uzun illərdir həyata keçirdikləri anti-Azərbaycan fəaliyyətinin iflasının dəlilləri idi.

Azərbaycanın Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdi. Bu görüşdə dövlət başçısının həmsdərlərə və Anji Kaspişikə dedikləri tərəfsiz olmayan beynəlxalq vasitəçilərə dərs sayıla bilər. “Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb... Sizi dinləyirəm, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var...”, - Prezident İlham Əliyev vurğulamışdı.

Beləliklə, 2020-ci ildə görülən böyük işlər 2021-ci il üçün istiqamətləndirici olacaq. Kadr islahatları, iqtisadi və siyasi sahədə islahatlar, demokratik təsisatların inkişaf etdirilməsi korrupsiya və məmur özbaşınalığına qarşı mübarizə, sosial proqramların icrası, şəhid və qazi ailələrinə diqqət davam edəcək. Qarabağda quruculuq işləri, Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpası, erməni vətəndaşların adaptasiyası və s. istiqamətdə fəaliyyət reallaşdırılacaq. Pandemiyaya qarşı mübarizə davam edəcək, COVID-19-a qarşı vaksinasiya aparılacaq.

Güclü Azərbaycana böyük işlər yaraşır. 21 rəqəmi 3 və 7-nin məhsuludur. Numerologiyada 3 ilahi başlanğıc, 7 isə Yerlə əlaqələndirilir (məsələn, həftənin yeddi günü). Odur ki, 21 rəqəmi ilahi və dünyəvi harmoniyanı daşıyır. Buna görə də qədim zamanlardan bəri 21 rəqəmi xoşbəxtlik və uğurlar simvolu sayılır. Odur ki, qarşıdan gələn 21-ci il bütün mənalarda Azərbaycan üçün 21 olsun.

Son xəbərlər

Orphus sistemi