Yuxarı

​Orta Şərq: olmuşlar, nəticələr, gözləntilər - ŞƏRH

Vəziyyətin müsbətə doğru dəyişməsi güclərin bir-birinə münasibətlərindən asılıdır

Bakı. 24 dekabr. REPORT.AZ/ Beş il öncə Afrikanın şimalında işsizlik, ərzaq qiymətlərinin bahalaşması, söz, fikir və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, hakimiyyətlərin əhali üçün yaratdığı müxtəlif problemlərə qarşı etiraz aksiyaları sərhədini genişləndirərək silahlı münaqişələrlə davam etməkdədir.

2015-ci il başa çatmaqdadır. İlin son günlərində dünya mediasında yayılan informasiyalar əsasında Orta Şərqdə baş verən vəziyyətə nəzər yetirək.

Misir, Tunis və Liviyada başlayan "ərəb baharı" İraq, Suriya, Yəməndə davam etməkdədir.

Bu il Yəməndə legitim hakimiyyətə qarşı husilərin qiyamı başladı. Ölkə prezidenti Abdrabbu Mansur Hadinin səlahiyyətlərinin icrasını bərpa etməsi və husi qiyamçılarına qarşı mübarizə aparılması məqsədilə Səudiyyə Ərəbistanının başçılığı altında ərəb dövlətlərindən ibarət koalisiya yaradılıb. Artıq Yəməndə qanadlı raketlərin vurulduğu, düşdüyü barədə xəbərlər yayılır.

Düzdür, 2016-cı il fevralın 21-dək atəşkəs rejiminin uzadılması haqda münaqişə aparan tərəflər arasında razılıq əldə edilsə də, bu ölkədəki vəziyyət 2015-ci ilin əvvəlindəkindən də ağırdır.

İraqda da ciddi dəyişikliklər baş verməyib. Baş verən yeganə dəyişiklik hökumət başçısı Heydər əl-İbadinin Türkiyəyə qarşı çıxışlarıdır. Bu hökumət ölkənin Başika

 şəhərində uzun illərdən bəri yerləşən Türkiyə əsgərlərinin oradan çıxmasını tələb edir. İraq hökuməti İranla müttəfiq olduğundan, Moskva-Tehran ittifaqına da qoşulmağa can atır.

Ölkənin şimalındakı muxtar hökumət isə müstəqillik əldə etməyə addım-addım yaxınlaşır.

İran və Rusiyanın hərtərəfli dəstəyi Suriyada Bəşşar Əsəd rejiminin siyasi səhnədən getməsinə imkan vermir. Bu il öz torpaqlarından didərgin salınan türkmənlərin sayı çoxaldı. Suriyada kürdlərin sıx yaşadığı bölgələrə bu etnik qrupun silahlıları nəzarəti ələ keçirdi.

Rusiyanın Suriyada gedən hadisələrə açıq-aşkar müdaxiləsi bölgə üçün ən önəmli hadisə sayıla bilər.

2015-ci ildə də İraq, Suriya, Yəmən, Liviyada silah səsləri eşidilir, hakimiyyət yox dərəcəsindədir, ərazi bütövlüyü pozulub.

Misirdə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn general Sisi seçki keçirərək hakimiyyətini legitimləşdirdi. Rusiyaya məxsus sərnişin təyyarəsi partladıldı. O biri müsəlman dövlətlərdə olduğu kimi, Misirin də terrorçuluğa qarşı mübarizədə aciz olduğu təsdiqləndi.

Tunisdə isə proseslər həmin qonşuları ilə müqayisədə daha sakit davam etməkdədir.

Son illər üçün nadir hadisələrdən biri də Türkiyə sərhədini pozduğu üçün Rusiya döyüş təyyarəsinin vurulmasıdır. Bunu belə də dəyərləndirmək olar, Türkiyə bölgə dövləti olmaqla yanaşı, oradakı oyunların iştirakçısıdır. Rusiyaya isə həmin ərazilərdə yer yoxdur.

Kreml sərhədi pozan hərbi təyyarəsi vurulandan sonra Türkiyəyə qarşı sanksiya tətbiq etdi və s.

İranın atom-nüvə problemi üzrə beynəlxalq vasitəçilərlə Tehran arasındakı razılaşma da bölgənin önəmli hadisələrindən sayıla bilər. İslam Respublikasında Azərbaycan türklərinin təhqir edilməsinə qarşı etiraz aksiyası da il üçün yaddaqalan hadisələr sırasındadır. Onlar bu aksiya ilə milli haqqı təmin olunmayan etnos odluqlarını dünyanın diqqətinə yenidən çatdırdılar.

Türkiyə-İsrail münasibətlərində buzun əriməsi Orta Şərqdəki siyasi-iqtisadi və ictimai proseslərin vacib elementlərindən sayıla bilər.

Orta Şərq dövlətlərindəki qarma-qarışıqlıq, hərc-mərclik, hikkə, kin, iddialar milyonlarla adi, dinc sakinlərin öz evlərini tərk etməsi ilə müşayiət edilib. Prose

s davam etməkdədir.

Əvvəlki illərdən fərqli olaraq Avropa qorxduğu və ehtiyatlandığı "qaçqın axını" silahının hədəfinə çevrilib. BMT-nin məlumatına görə, Avropaya sığınan qaçqın və miqrantların sayı bir milyonu ötüb. Bu sosial təhlükənin qarşısını almaq məqsədilə Avropa İttifaqı Türkiyə ilə üzvlük məsələsinə dair danışıqları bərpa etdi. Hətta qurum Türkiyə vətəndaşlarının Avropa İttifaqına üzv dövlətlərin ərazisinə vizasız gedə biləcəkləri vədini verib. Suriya və İraqdan olan qaçqınları ərazisində saxlamaq üçün Avropa İttifaqı Türkiyəyə 3 milyard avro yardım verəcəyinə boyun olub.

34 müsəlman dövlətinin terrorçuluğa qarşı birgə mübarizə aparması haqda razılığı da bölgənin önəmli hadisələrindən saymaq mümkündür.

Baş verənlərdən göründü ki, terrorçu təşkilatların maliyyələşməsi, silahlanması və əlavə insan qüvvəsi ilə təmin olunmasının qarşının alınması üçün təkmil mexanizm və nəzarət sistemi ortaya qoyulmadı.

Maraqların təmin olunmasında terrorçu qruplaşmalardan istifadə edilməsinin konturları aydın göründü. Buna örnək olaraq İŞİD-in nəzarət etdiyi ərazilərdən nefti Suriyadakı rejimə satmasına dair faktları göstərmək olar və s.

İŞİD, "Hizbullah", "əl-Qaidə", PKK kimi terrorçu təşkilatlar əvvəlki illərdə olduğu kimi, fəaliyyətlərini davam etdiriblər, onların törətdikləri cinayətlərin qarşısı bu il də alınmayıb.

2015-ci ildə əsasən İraq və Suriyaya nəinki sülh gəlmədi, vəziyyət ötən illə müqayisədə daha da ağırlaşdı. Yəməndə isə hakimiyyət boşluğu yarandı.

Cari ildə baş verənlərə nəzər saldıqdan sonra müəyyən qənaətləri və qarşıdan gələn il üçün gözləntiləri belə sıralamaq mümkündür:

- Dünyanın sivil dövlətləri terrorçuluğa qarşı mübarizədə aciz göründü;

- İŞİD Suriya və İraqda fəaliyyətini davam etdirdi;

- Kürdlərin dövlət qurması yolunda "yaşıl işıq"lar yandı;

- Türkmənlər yenə qaçqın düşdü;

- Suriya və Yəməndə qanadlı raketlərin atılması və başqa silahların tətbiq edilməsi terrorçuluğa qarşı mübarizədən daha çox müharibənin getdiyini deməyə əsas verdi;

- Bölgədə hibrit savaş gücləndi;

- Rusiya daxili problemlərdən yayınmaq, eləcə də SSRİ-dən sonra itirilən mövqeyi bərpa etmək məqsədilə Orta Şərqdəki proseslərə fəal və açıq şəkildə qoşuldu;

- İranda da milli məsələnin həll edilmədiyi bir daha dünyaya duyuruldu;

- Keçmiş müttəfiqlərin (Türkiyə və İsrail) münasibətlərini bərpa etməsi yolunda ciddi addımlar atıldı;

- Dünyanın aparıcı gücləri arasında terrorçuluğa qarşı mübarizədə vahid cəbhə və mövqe olmadığından bölgədə silahlı münaqişə davam edəcək;

- İŞİD-in Liviyada və ya Yəməndə də səhnədə olması ehtimalı artacaq;

- Türkiyə-İsrail münasibətləri müqavilələrin imzalanması ilə inkişaf edəcək;

- Dünyanın siyasi xəritəsində yeni bir dövlətin yaranması prosesi sürətlənəcək;

- İran və Rusiya bölgədəki hadisələrə daha çox cəlb ediləcək;

- Suriya və İraqda yeni qüvvələrin ortaya çıxması ehtimalı artacaq;

- Siyasi, ictimai, iqtisadi qarşıqlıqla müşayiət edilən proseslərin başqa ərəb dövlətlərinə keçməsinə əsaslar hazırlanacaq;

- 2016-cı ildə Orta Şərqdəki vəziyyətdə müsbət mənada ciddi dəyişiklik olmayacaq və s.

Beləliklə, etiraf olunmasa da, bəhs etdiyimiz bölgədə terrorçulara qarşı mübarizə adı altında gedən III Dünya savaşı gələn ildə sürəcək. Vəziyyətin müsbətə doğru dəyişməsi güclərin bir-birinin maraqlarına münasibətdən asılıdır. Çünki onlar öz ərazilərində deyil, maraqlarının mübarizəsini başqa dövlətlərin ərazisində aparırlar...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi