Orlando hadisəsi - supergüc də terror qarşısında acizdir - ŞƏRH

Orlando hadisəsi - supergüc də terror qarşısında acizdir - ŞƏRH Bu hadisə Barak Obama hakimiyyətinin üç istiqamətdə gücsüz olduğunu aşkara çıxardı
Analitika
13 İyun , 2016 16:25
Orlando hadisəsi - supergüc də terror qarşısında acizdir - ŞƏRH

Bakı. 13 iyun. REPORT.AZ/ Terrordan və ya istənilən ektremist hərəkətdən heç bir cəmiyyət, dövlət sığortalanmayıb. Belə hadisələr dünyanın supergüclü, yaxud zəif dövlətlərində də törədilə bilər. Çünki istənilən cəmiyyətdə daxili və xarici maraqlar mövcuddur. Həm də nəzərə almaq lazımdır ki, bu tip bütün aksiyalar idarə olunandır.

Ötən gün dünyanın supergücünün, ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda törədilən terror hadisəsi nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Hadisəni Ömər Mətin adlı ABŞ vətəndaşının törətdiyi barədə də xəbər yayılıb. Hadisə yerində keçirilən əməliyyat nəticəsində onun da öldürüldüyü haqqında məlumat yayılıb.

Məlumata görə, o, Florida sakini olsa da, əfqan əsillidir. 

Terrorçunun atası Seddik Mətin NBC telekanalına müsahibəsində bu hadisədə dini motiv axtarmağın yersiz olduğunu bildirərək oğlunun törətdiyi cinayətə görə hamıdan üzr istəyib.

Keçmiş həyat yoldaşı Sitorə Yusifi jurnalistlərə deyib ki, Ömər Mətinin psixoloji problemləri olub. O, keçmiş ərinin onu döydüyünü və qohumlarına zəng etməyi qadağan etdiyini də söyləyib. S.Yusifinin sözlərinə görə, 2009-cu ildə Ömərlə ailə qurub, 2011-ci ildən isə onunla əlaqəni kəsib.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, Ö.Mətin hadisəni törətməzdən əvvəl "911" təcili xidmətinə zəng edərək, terrorçu İŞİD qruplaşmasına mənsub olduğunu bildirib. FTB-nin açıqlamasına görə, Ö.Mətin radikal qruplaşmalarla əlaqəsi olduğu üçün 2013-cü ildə 2 dəfə, 2014-cü ildə isə bir dəfə bu qurum tərəfindən sorğu-suala cəlb edilib: "Sorğu-sualdan sonra onun təhlükəli olmadığı qənaətinə gəlindi və sərbəst buraxıldı".

Məlumata görə, o, gecə klubunda istifadə etdiyi silahı bir həftə əvvəl alıb.

ABŞ prezidenti Barak Obama Orlandodakı hadisəni "terror hücumu" adlandıraraq ölkədə birgünlük matəm elan edib.

Respublikaçılar Pariyasından ABŞ prezidentliyinə namizəd olmağa iddiaçı Donald Tramp ölkəsində silah əldə etmənin asan olduğunu vurğulayaraq, Barak Obmanın istefa verməsini istəyib. O, "Twitter" səhifəsində cinsi azlıqların klubunda baş verən hadisənin "radikal islam terrorçuluğu"nun təzahürü kimi qiymətləndirib.

Donald Tramp müsəlmanlara qarşı sərt çıxışları ilə də tanınır. O, ötən ilin noyabrında Parisdə törədilən terror aktından sonra müsəlmanların ABŞ-a gəlişinin qadağan olunmasını istəmişdi.

Hadisənin İŞİD tərəfindən törədildiyi haqda məlumat yayılıb.

Orlandodakı hadisəyə münasibət bildirməzdən öncə qeyd edək ki, bu il sentyarbın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilən terror hadisəsinin 15-ci ili tamam olacaq. Həmin hadisəni terrorçu "əl-Qaidə"nin törətdiyi bildirilmişdi. Bu hadisə nəticəsində 2 977 nəfər ölüb, 24 nəfər itkin düşüb, 6 300 nəfər də yaralanıb.

Dünyanın müxtəlif ölkələrində terrorçuluğa qarşı mübarizə aparan ABŞ-da son 15 ildə iki səs-küylü terror hadisəsi törədilib. Sentyabrın 11-dəki hadisədən sonra Əfqanıstanı idarə edən "Taliban" hərəkatına qarşı beynəlxalq miqyasda hərbi əməliyyat başlandı və 2001-ci ildə bu terrorçu qruplaşmanın hakimiyyəti sona çatdı.

Orlando hadisəsi isə ABŞ-da keçiriləcək prezident seçkisinə 5 ay qalmış törədilib. Yenə də "islamla" bağlı olduğu iddia edilən bir terrorçu qruplaşmanın - İŞİD-in adı hallanır.

Ona görə də müsəlmanların ABŞ-a girişini qadağan etmək istəyən qüvvələr bu hadisədən öz məqsədləri üçün istifadə edə bilərlər. Başqa sözlə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmağa iddiaçı Demokratlar Partiyasından olan rəqibinə qarşı istifadə etmək üçün əlavə imkan qazanıb.

Dünyada terrorçuluğa qarşı mübarizəni əsas hədəflərindən biri elan edən ABŞ bu bəla ilə öz ölkəsində üzləşib. Bu, həm də perspektivdə ölkəyə müsəlmanların miqrasiyasında problem yarada bilər. Avropa ölkələrinin mühacir axınına qoyduğu sədləri perspektivdə ABŞ-ın tətbiq edəcəyi ehtimalı istisna olunmur.

Prezident Barak Obama ABŞ-da sərbəst silah satışını qadağan etməyə çalışsa da  buna nail ola bilmədi. Onun Respublikaçılar Partiyasından olan rəqibləri silah satışının qadağan olunmasını məqsədəuyğun saymır.

Qeyd edək ki, ABŞ-da bu sahəyə daha çox respublikaçılar və ya onların müdafəçiləri nəzarət edirlər.

B.Obama ölkəsində cinsi azlıqların hüquqlarının müdafiəçisi kimi də tanınır. O, cəmiyyətin bu təbəqəsinin hüquqlarının müdafiəsini prezidentliyinin uğuru da adlandırmışdı.

Bu baxımdan Orlando hadisəsi Obama hakimiyyəti, yaxud Demokratlar Partiyasının üç istiqamətdə gücsüz olduğunu aşkara çıxardı: terrorçuluğa qarşı mübarizə, sərbəst silah satışının qadağan etdirilməməsi və cinsi azlıqların haqlarının qorunmaması.

Beləliklə, Orlandodakı terror bir daha sübut etdi ki, bu sayaq hadisələr qəflətən və ya nizamsız baş vermir. Terror aktlarını törədənlər konkret şəxslərdir. Deməli, terrorları idarə edən, bu tip hadisələrlə maraqlarını təmin etmək istəyən qüvvələr də var. Ancaq bundan hələ də nəticə çıxarılmır. Çünki güclərin terrora və terrorçuya baxışı fərqlidir...

Son xəbərlər

Orphus sistemi