OPEC+ çərçivəsində qəfil qərar

OPEC+ çərçivəsində qəfil qərar Azərbaycan ötəri qazanc əldə etməkdən daha çox bazarda dayanıqlı tarazlıq və sabitliyə bağlıdır
Analitika
379
5 Mart , 2021 20:40
OPEC+ çərçivəsində qəfil qərar

OPEC+ formatı iştirakçılarının mövcud hasilat həcmini aprel ayında saxlamaq barədə dünənki görüşdə çıxarılan qərar qəfil qərar olaraq dəyərləndirilir. Yalnız Rusiyanın gündəlik hasilatı 130 min barel, Qazaxıstanın da 20 min barel artırıla biləcək, Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı əlavə olaraq 1 milyon barel azaltmaq barədə könüllü götürdüyü öhdəliyi aprel ayında da davam edəcəyi qərarlaşdırıldı.

Ehtiyatlı nikbinlik

Əslində isə OPEC+ formatının iştirakçısı ölkələri hasilat həcmini aprel ayından başlayaraq 500 min barel artırmağı müzakirə etmək niyyətində olub. Belə ki, bir çox ölkələrdə koronavirus pandemiyasına qarşı məhdudiyyətlərin qüvvədə qalmasına baxmayaraq peyvəndləmə miqyasının və əhatəsinin artması dünya bazarında tələbatın əvvəlki səviyyəyə qayıtmasına dair nikbin proqnozlara rəvac verdi. Hərçənd OPEC+ Müştərək Nazirlər Monitorinq Komitəsinin (Joint Mibnisterial Monitoring Committee, JMMC) 3 mart tarixində keçirilən 27-ci iclasında koronavirusun son vaxtlar sayı artan mutasiyaları və peyvəndləmənin ləng getməsi üzündən bazarda vəziyyətin qeyri-müəyyən olduğu üçün “ehtiyatlı nikbinlik” ifadəsilə kifayətlətməyi üstün tutdu. Həmçinin yazda adətən dünya boyu neftayırma müəssisələrində aparılan təmir işləri də tələbatın azalmasına səbəb olur. Görünür, məhz bu amillər OPEC+ iştirakçılarını böhrandan sonrakı tarazlığı qorumağa sövq etdi.

Rusiya və Qazaxıstana verilən güzəştə gəlincə, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın dediyi kimi, bunun səbəbi hər iki ölkədə mövsümi tələbat və onu ödəmək üçün neft emalını artırmaq zərurətidir.

Qiymətlər “qızır”

“OPEC plus"ın qərarı hökumətlərin qarşıdakı dövrdə neftə tələbatın həcminə çox ehtiyatla yanaşdığını göstərir”, – deyən “Wood MacKenzie” araşdırma mərkəzinin eksperti Ann Luis Hettl 2021-ci ildə dünya boyu neftə tələbatın 6,3 milyon barelə çatmasını, “Brent” markalı neftin də aprel ayında 70-75 ABŞ dollaradək bahalaşmasını gözlədiklərini bildirib.

Əslində OPEC+ qərarından dərhal sonra elə həmin “Brent” markalı neft 5 %-dən artıq bahalaşaraq 67 ABŞ dollarına çatdığına görə qeyd etdiyimiz proqnoz həqiqətdən uzaq deyil. Hərçənd hasilat artımının tərəfdarlarını narahat edən də elə bu məsələdir, çünki bazarda qiymət hərarətinin artması neft ölkələrinin büdcəsini daha da doldursa belə, heç də müsbət hadisə sayılmır. Belə ki, neft ölkələri hasilatda sərbəstlikdən “məst” olaraq hasilatı artırmaqla bazara əlavə neft çıxarır, nəticədə qiymətlər kəskin azalır.

Amma Səudiyyə Ərəbistanı enerji naziri Əbdüləziz bin Salman bu kimi şübhələri əsassız sayıb: “OPEC+ qərarı baxımdan neft qiymətləri yox, satılacaq ehtiyatların həcmi əhəmiyyət daşıyır”. Bununla da vəziyyətin nəzarət altında olduğuna işarə vuruldu. Bundan əlavə OPEC+ formatının iştirakçısı bəzi ölkələrə hasilatın ixtisarına dair əvvəllər yerinə yetirmədikləri öhdəliklərlə bağlı “borc”larını iyul ayının sonunadək silmək icazəsi verildi ki, bu da bazara çıxarılacaq neft həcmini tənzimləmək baxımdan mühümdür.

Rusiya Baş nazirinin müavini A.Novak isə qiymətlərin artmasını bazarın dirçəlməsinə dair nikbinlik üçün tutarlı əsas kimi yozub: “Bazarda qıtlıq varsa, yaxşıdır, çünki artıq qalıqları azaldır”.

Bununla yanaşı araşdırma mərkəzləri artıq qiymətlərin artmasına dair proqnoz verməyə başladı. Məsələn, “Goldman Sachs” “Brent” markalı neftin qiymətinə dair üçüncü rüb üçün proqnozunu 5 ABŞ dolları artıraraq 80 ABŞ dollara çatdırıb. Həmçinin “JPMorgan”, “Australia & New Zealand Banking Group”, “Citigroup” da “Brent”lə bağlı proqnozlarını artırıblar. “Fitch” də bazarda qıtlığın davam edəcəyini, bununla da qiymətlərin 60-70 ABŞ dolları səviyyəsində qalacağını açıqlayıb.

Azərbaycan tarazlıq və sabitlik tərəfdarıdır

Sözsüz ki, hazırkı vəziyyət ölkəmizə də əl verir. Neftin bahalaşması nəticəsində dövlət büdcəsinə gələn əlavə vəsaitlər istər işğaldan azad olunmuş Qarabağda aparılacaq quruculuq işləri, istərsə də koronavirusla bağlı tətbiq olunmuş karantin üzündən yaşanan iqtisadi durğunluğa əncam çəkmək baxımdan kara gələcək. Yeri gəlmişkən, “Azeri LT CIF” markalı neftimiz dünən 2,95 ABŞ dolları (4,56 %) bahalaşaraq 67,7 ABŞ dollarından satılıb.

OPEC+ iclasında da çoxluğun qərarını tam dəstəkləyən Azərbaycan aprel ayında da gündəlik hasilatı birinci rübdəki kimi 595 min barel səviyyəsində saxlayacaq. Eyni zamanda əldə edilən razılaşmalara münasibət bildirən energetika naziri Pərviz Şahbazov neft bazarında nisbi tarazlıq yaransa da, müəyyən risklərin davam etdiyini bildirərək tənzimləmə məsələsində ehtiyatlı yanaşmanın vacibliyini qeyd edib: “Neft qiymətlərinin cari artımı tələbat həcmindən daha çox dünyadakı konyunkturla bağlıdır. Ona görə də hasilat həcmini dəyişdirməyi bir qədər təxirə salmaq faydalı olacaq”.

Beləliklə, Azərbaycan Respublikası ötəri qazanc əldə etməkdən daha çox bazarda dayanıqlı tarazlıq və sabitliyə bağlı olduğunu rəsmi səviyyədə ifadə etdi. Şübhəsiz ki, bununla iqtisadiyyatı gücləndirərək həm qısamüddətli məqsədlər qoyaraq həyata keçirmək, həm də qarşıdakı illər ərzində iqtisadi inkişafla bağlı planlar qurmaq mümkün olacaq.

Qulu Nuriyev, ekspert

Son xəbərlər

Orphus sistemi