Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL

Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL Ermənistanın hakim siyasi elitasının atdığı səhv addımlar və verdiyi yanlış qərarlar nəticəsində ölkə hər gün uçuruma sürüklənir. Maraqlıdır ki, səhvlərindən nəticə çıxarmaq əvəzinə hər gün yeni sərsəm bəyanatlar səsləndirilir, daha yanlış qərarların veri
Analitika
16 Aprel , 2024 17:42
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL

Ermənistanın hakim siyasi elitasının atdığı səhv addımlar və verdiyi yanlış qərarlar nəticəsində ölkə hər gün uçuruma sürüklənir. Maraqlıdır ki, səhvlərindən nəticə çıxarmaq əvəzinə hər gün yeni sərsəm bəyanatlar səsləndirilir, daha yanlış qərarların verilməsi müşahidə edilir. Son iki gündür rəsmi İrəvan yeni qalmaqallarla çalxalanır. Bu dəfə isə qalmaqalın mərkəzində baş nazir Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan dayanıb. Məlum olub ki, Paşinyanın gizli sövdələşməsi ölkəni koloniyaya çevirməyə hədəflənib. Akopyan isə erməni dövlətində yeni oliqarxiyanın inşası üçün qollarını çırmalayıb və bir milyon dramlıq, yəni təxminən 26 min dollarlıq şam yeməyi təşkil edib. Hər iki hadisə isə Ermənistanda ciddi rezonansa səbəb olub. Müxalif düşərgə ilə yanaşı, kilsə də baş verənləri sərt şəkildə tənqid edib.

İngiltərənin “The Times” qəzetində dərc olunan məqaləyə əsasən, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Ermənistan, Fil Dişi Sahili, Kosta-Rika və Botsvana ilə müzakirələr aparır. Bu müzakirələrin əsas mövzusu rəsmi Londonun 18 aydır qeyri-qanuni mühacirləri qəbul etməyə hazır olacaq ölkələr axtarışıdır. Qeyd edilir ki, Britaniya hakimiyyəti miqrantların sığınacaq tələblərinə baxana qədər onlar yuxarıda qeyd edilən ölkələrdə yerləşdirilməlidir. Eyni zamanda qeyd edilir ki, Ermənistan bu sövdələşmədən ən azı 290 milyon funt-sterlinq əldə edəcək. Bu xəbərin ortaya sızması isə bir sıra mətləblərdən xəbər verir. İlk olaraq, qeyd etmək yerinə düşər ki, baş nazir çıxışlarının birində qeyd etmişdi ki, 2030-cu ilə qədər Ermənistanda əhalinin sayı 5 milyon olacaq. Nəzərə alsaq ki, erməni dövləti getdikcə sürətlə boşalır və hər gün ölkəni tərk edənlərin sayı artır, deməli, bu bəyanat absurdluqdan o yana keçə bilməz. Ehtimal edilir ki, məhz Britaniya ilə sövdələşmə nəticəsində Paşinyan erməni dövlətində əhali sayını artırmağı planlaşdırır. Aysberqin görünməyən tərəfi isə belə bir müqavilənin imzalanması qərb “qonşumuz”u tezliklə İngiltərənin “qeyri-qanuni mühacirlər” koloniyasına çevrilməsi deməkdir. Əslində bu təklif bir neçə dövlətə təqdim edilib. Mərakeş, Tunis, Namibiya və Qambiya kimi dövlətlər məsələni müzakirə etməkdən belə imtina ediblər. Görünür, həm əhali sayını artırmaq, həm də milyonlarla funt-sterlinq Nikolun yuxusuna haram qatdığı üçün belə bir addıma razılaşıb.

Maraqlı faktdır ki, xəbər mediaya sızandan sonra Ermənistan XİN təkzibəoxşar bir bəyanat yayımlayıb. XİN-in mətbuat katibi bildirib ki, rəsmi İrəvanla London arasında geniş siyasi dialoq gündəliyi var. Amma nəşrin yaydığı konkret məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb. Göründüyü kimi, diplomatın bu açıqlaması nə təkzib, nə də təsdiq sayıla bilər. Geniş gündəm var və məsələ ilə bağlı heç bir danışıq aparılmayıb demək isə gələcəkdə real razılaşmaların olma ehtimalını qüvvətləndirmək üçün ortaya atılan fikirdir. Əgər belə bir danışıq və razılaşma yoxdursa, XİN konkret olaraq inkar etməlidir. Fikri genişləndirərək, geniş dialoqun aparıldığını demək, əslində belə bir məsələnin mövcudluğunu etiraf etmək kimi qəbul edilə bilər.

Rəsmi İrəvanı çalxalayan ikinci qalmaqal isə Anna Akopyanın təşəbbüsü ilə “Uğurlu qadın biznesmenlərə dəstək” adı altında şam yeməyinin təşkili olub. Gecədə iştirak etməyin qiyməti isə 1 milyon erməni dramı, yəni 26 min dollara yaxın bir vəsait olub. Ermənistan mediasının ermənidilli seqmentini diqqətlə izlədikdə isə məlum olur ki, təşəbbüs uğursuz olub. Erməni iş qadınlarından cəmi bir neçəsi bu çağırışa müsbət cavab verib. Onların gecəyə qoşulma səbəbi isə sonradan vergi yoxlaması və digər strukturlar vasitəsilə narahat edilmə ehtimalını ortadan qaldırmaq olub. Biabırçılığın qarşısına keçmək üçün isə hakim partiyanın köhnə və yeni oliqarxları ortaya atılıblar. Siyahıya nəzər saldıqda və iştirakçıların kimliyini araşdırdıqda bu nəticə ortaya çıxır. Məsələn, keçmiş deputat-oliqarx Samvel Aleksanyanın həyat yoldaşı qızlarını, qohumlarını və rəfiqələrini də özü ilə aparıb. “Marianna” süd şirkətinin sahibi, “Vivaro” bukmeker şirkətinin sahibi Vigen Badalyanın həyat yoldaşı da tədbirdə iştirak edib. Eyni zamanda parlamentin spikeri Alen Simonyanın həyat yoldaşı, oğlunun xaç atası sayılan deputat Xaçatur Sukiasyanın qızı, Simonyanın oliqarx dostu Edqar Avaqyanın həyat yoldaşı kimi qadınlar iştirak edib. Göründüyü kimi, bu şəxslərin böyük əksəriyyəti hakim partiyanın dəstəyi ilə oliqarx kimi tanınan iş adamları, deputat və siyasətçilərdir. Qonaqlıqda iştirak edən “Dan-Dessert” şirniyyat firmasının qadın sahibi də diqqət çəkənlərdəndir. Çünki bu yaxınlarda vergi departamenti təzyiq göstərmək üçün bu şirkətə göndərilib. Şoqerina Mkrtçyan təklif edib ki, əgər onlar Anna Akopyanla nahar etmək və şam yeməyində iştirak etmək üçün 1 milyon dram ödəsələr, o zaman bu hakimiyyətə itaətlərini nümayiş etdirəcək və lazımsız problemlərdən qaçacaqlar. Oliqarxiyaya qarşı mübarizə şüarları ilə hakimiyyətə gələnlər beləcə yeni oliqarx yuvası yetişdirirlər.

Zor və güclə “iş qadınları”nı bir yerə yığan Anna sərt tənqidlə üzləşib. Artıq iki gündür ki, erməni mediası maraqlı detallar üzə çıxarır və tədbirin fiasko olduğu barədə palaz-palaz məqalələr yazır. Məlum olur ki, əslində əsas məqsəd yeni oliqarxiya yetişdirmək, hakim partiyanın “qanadları” altında olmayan iş adamlarına təzyiq göstərmək, onları da nəzarətə almaq olub. Bu məqsədlə hətta gecədən əvvəl bir sıra şirkətlərə yoxlamalar göndərilib, təzyiqlər edilib. Həbsxana və əmlak müsadirəsinin qorxusundan isə iş adamları nəinki xanımlarını, hətta qohum və köməkçilərini də məclisə göndəriblər.

Göründüyü kimi, baş nazir həyat yoldaşı ilə birlikdə Ermənistanı despot rejimlə idarə edərək, bütün biznes strukturlarını, iş adamlarını nəzarətə götürmək niyyətindədir. Bu addımlar erməni dövlətini hər gün uçuruma yaxınlaşdırır. Təsadüfi deyil ki, artıq “Freedom House” kimi erməni himayədarı kimi tanınan şirkət rəsmi İrəvanla bağlı hesabatında qeyd edib ki, Ermənistanda demokratiya süquta uğrayır. Bütün bu faktlar isə Paşinyan hakimiyyətinin cılızlığını və korrupsiya bataqlığında boğulduğunu bir daha sübut edir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi