Nikol Paşinyan baş nazir oldu - revanşistlər pusquda - ŞƏRH

Nikol Paşinyan baş nazir oldu - revanşistlər pusquda - ŞƏRH Ölkə müxalifəti hədəfinə doğru addım-addım irəliləyir
Analitika
8 May , 2018 15:29
Nikol Paşinyan baş nazir oldu - revanşistlər pusquda - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Son bir həftə ərzində Ermənistan parlamenti ikinci dəfə baş nazir postuna yeganə namizəd Nikol Paşinyana səs verib. Əslində, bunu demokratik hadisə saymaq olmaz. Çünki ölkə müxalifətinin lideri inqilab nəticəsində hökumət başçısı olub. Bu müddət ərzində isə parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasından olan deputatların mövqeyindəki böyük dəyişikliyi demokratik hadisə, yaxud dəyər saymaq sadəlövhlükdür. Deməli, bu partiya təməl prinsiplər üzərində deyil, hakimiyyət maraqları, yaxud xarici razılıqlar əsasında yaranıb və fəaliyyətdədir. Hər halda Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”a dəstək də oxşar cəhətlərdəndir. Başqa sözlə, daxili narazılıq, hakimiyyət maraqları, xarici dəstək bu etiraz aksiyasının məqsədinə doğru irəliləməsinin başlıca şərtləri olub.

Əslində, ölkədə etiraz aksiyaları həmişə keçirilirdi və narazılıq getdikcə artırdı. Lakin etirazçıların tələblərini qarşılamaqdansa, hakimiyyət onları susdurmağa çalışırdı. Bu isə Serj Sarqsyanın komandasından, hakimiyyətindən bezənlərin sayının artması ilə müşhidə olunurdu. Cəmiyyətin fəal hissəsinin yarısından çoxunu etirazçı və ya narazılar təşkil edirdi. Serj Sarqsyan özünün baş nazir seçilməsi ərəfəsində müsahibələrindən birində bildirmişdi ki, Ermənistan cəmiyyətinin 60 faizi narazıdır. Bu narazıların da mütəşəkkil etiraz aksiyası təşkil olundu, xarici və daxildəki narazı qüvvələr isə şəraiti düzgün dəyərləndirə bildilər. Nəticədə Serj Sarqsyan hakimiyyəti devrildi. O, bir həftə (aprelin 17-dən 23-dək) baş nazir olmaqla özünəməxsus antirekord vurdu.

Məlum olduğu kimi, Serj Sarqsyan 2008-ci il martın 1-də qan töküb prezident olmuşdu. Ancaq aprel aksiyalarının iştirakçılarına qarşı güc tətbiq edilmədi. Belə görünür, xarici qüvvələr bu məsələdə razılaşmışdı. Başqa sözlə, Rusiya və diaspor aksiya iştirakçılarına qarşı güc tətbiqinə razılıq vermədi. Ola bilsin ki, on il əvvəlki hadisələrdən Moskva çəkindi. Aksiyanın zor tətbiqi yolu ilə yatızdırılması Ermənistanda Kremlə qarşi nifrət hissini yaradar, yaxud onu gücləndirə bilərdi. Çünki Ukraynada belə bir səhv addım atılmışdı. Onu da ehtimal etmək olar ki, yenidən hakimiyyətə gəlmək üçün üz yeri qoyulub.

Beləliklə, müxalifət düşərgəsi birlik nümayiş etdirə bildi. Müxtəlif təkliflərə baxmayaraq, müxalifət hədəfinə doğru addım-addım irəliləyir. Yeri gəlmişkən, onların bir neçə addımı hələ qalır. Əgər ilk addım Serj Sarqsyanın hakimiyyətdən getməsi, ikinci addım özlərinin dediyi kimi xalqın namizədinin baş nazir olmasıydısa, növbəti addımlar növbədənkənar parlament seçkilərinin keçirilməsi, yeni baş nazirin seçilməsi və hökumətin formalaşması, konstitusiyada yenidən islahat (müxalifət iddia edir ki, baş nazirin səlahiyyəti çoxdur və prezidentin səlahiyyətləri artırılmalıdır), yenidən prezident seçkisi. Əks təqdirdə “məxməri inqilab” məqsədlərinə çatmamış sayılır. Bu isə yenisinin əmələ gəlməsi üçün zəmin hazırlaya bilər.

Ermənistanda imkanlı iş adamları etiraz aksiyalarını gec də olsa dəstəklədi. Məsələn, milyarder, “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentdəki “Tsarukyan” blokunun başçısı Qaqik Tsarukyanın tərəfdarları aksiyaların sonuncu günü yürüşə qoşuldu. Bu da Serj Sarqsyanın hakimiyyətdən getməsini sürətləndirdi. Heç şübhəsiz, aksiyaların maliyyələşməsi əsas məsələlərdəndir. Burada qeyri-adilik axtarmağa ehtiyac yoxdur. Çünki inqilabın baş verməsi üçün maliyyə vəsaiti qoyulmazsa, hədəfinə çata bilməz. Axı, bu, hansısa həmkarlar təşkilatının sosial tələblərlə keçirdiyi etiraz aksiyası deyil. Maliyyə məsələsi perspektivdə Nikol Paşinyan üçün problemə çevrilə bilər. Amma o, bunun qarşısını almaq üçün "Facebook" səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib. Aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 6 mln. 74 min 350 dram (təxminən, 12 min 500 ABŞ dolları) təşkil edib. Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarının açıqlanmasını istəməyib, bir qism insanın isə yalnız adları göstərilib. İsveç, ABŞ, Almaniya, Rusiyada yaşayan onlarla erməninin adı var. Onların arasında məşhur şahmatçı, Rusiyanın müxalifətçilərindən sayılan Harri Kasparovun da adı var. O, etiraz hərəkatına 10 000 dram (təxminən, 20 dollar) pul ayırıb. Toplanan maliyyə vəsaitləri bayraqların alınmasına, yeməyə və mitinqin keçirilməsi üçün texniki vasitələrə xərclənib. Ancaq Ermənistan KİV-i yazırdı ki, ölkə bayrağının rənglərindəki parçaları dükan sahibləri həmin günlər pulsuz verirmiş, dərzilər də havayı tikirmiş. Deməli, bayrağa iddia edildiyi kimi elə də pul xərclənməyib. Bundan başqa, etiraz aksiyası iştirakçısı azından aprelin 13-dən mayın 1-dək həm də işləməyib. Onların ailələrinin 20 günlük xəclərini kim verib? Bu baxımdan, digər maliyyə yardımlarının da olduğu istisna edilmir. Nikol Paşinyan maliyyə məsələsində şəffaf olmağa çalışıb. Ancaq aksiyaya ianələrin verilməsi məsələsi “Mənim addımım” hərəkatını gələcəkdə vurmaq üçün bir alət ola bilər. Ehtimal etmək olar ki, bu aksiyaları Qagik Tsarukyan, Samvel Aleksanyan, Xaçatur Sukiasyanla yanaşı, xaricdəki başqa imkanlı ermənilər, yaxud ermənisevərlər də maliyyə vəsaiti ilə dəstəkləyiblər. Bu maliyyə məsələsi indi deyil, bir müddət sonra Nikol Paşinyan komandası üçün başağrısı ola bilər. Hər halda bunu gələcək göstərəcək.

2016-cı il aprel döyüşlərindən sonra Ermənistan cəmiyyəti, hakimiyyəti pərən-pərən düşmüşdü. O vaxt Serj Sarqsyan həmyerlisi, müdafiə naziri Seyran Ohanyanı günah keçisi kimi qurban verməklə vəziyyətdən çıxmağa çalışdı. Ancaq görünür, bu, diaspor və Ermənistan ictimaiyyətini qane etmədi. Bu dəfə Azərbaycan vətəndaşları olan Qarabağ mafiyasının üzvlərinin hakimiyyətdən getməsinə fitva verilmişdi və bu həyata keçdi. Onları Kreml belə müdafiə edə bilmədi. Odur ki, aprel aksiyaları Ermənistan cəmiyyətinin toparlanmasına yardım etdi. Yeni hökumət ölkədə dağılan cəmiyyəti birləşdirməyə çalışacaq. Çünki Nikol Paşinyan hakimiyyətin keçmiş təmsilçiləri ilə haqq-hesab çürütməyəcəyini bildirib. O, başçılıq edəcəyi hökumətdə oliqarxın təmsil olunmayacağını da vurğulayıb. Nikol Paşinyan Ermənistan cəmiyyətini narahat edən inhisarçılığa qarşı olacağını, hökumətin açıq rejimdə fəaliyyət göstərəcəyini bildirib. Müxalifət nümayəndələri iddia edir ki, düşmənləri əl-qollarını sallayıb dayanmayacaq. Ona görə də bu qüvvələr “Öz ölkəmizin sahibiyik!” şüarını həyata keçirmək niyyətindədirlər. Heç şübhəsiz, bu, ilk nöbədə Rusiyaya aiddir. Rusiya rəsmiləri Ermənistanla münasibətlərin əvvəlki əsaslarda davam edəcəyini vurğulasalar da, Rusiyanın siyasi-ideologiyasının başlıca təmsilçilərindən sayılanlar Ermənistana qarşı çıxışlar edirlər. Rusiyanın “Birinci kanal”ının “Odnoko” proqramının aparıcısı, hazırda “Rosneft”in vitse-prezidenti və mətbuat katibi olan Mixail Leontyev Ermənistandakı “məxməri inqilab”ı “fahişəlik” adlandırıb. Mixail Yuryev isə Ermənistanı müstəqil dövlət saymadığını deyərək hadisələri “qurberniyada qiyam” adlandırıb: “Rusiyanın zəif inkişaf etmiş xalqı özünə birləşdirmək hüququ var. Yerevana iki alay göndərib “məxməri inqilab”ı qanda boğmaq lazımdır”. Belə çıxışlar deməyə əsas verir ki, Rusiya Ermənistandan nə belə asanlıqla əl çəkəcək, nə də çıxacaq. Düzdür, bu dəfə alay göndərməyəcək. Serj Sarqsyan hakimiyyətdə olmadığından siyasi elitada onları dəvət edəcək qüvvə də görünmür. Parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyası isə bu məsuliyyəti üzərinə götürəcək gücdə deyil. Odur ki, kremlyönlülərin revanşı növbədənkənar parlament seçkilərinə qalıb. Həmin müddətədək Respublikaçılar Partiyası bütöv qalıb gücünü qoruya bilsə, onda seçkilər yolu ilə onların yenidən hakimiyyətə gəlməsi ehtimalı qalır. Bunun baş verməməsi üçün “inqilabçı qüvvələr” keçmiş hakim partiyanın bütün resurslarını ya dağıtmalı, ya neytrallaşdırmalı, ya da özününküləşdirməlidir. Əks halda, paşinyançılara rusiyayönlülərin qarşısını almaq çətin olacaq. Növbədənkənar seçkilərdə isə revanşistlərlə “addımçılar"ın kəskin və sərt mübarizəsinin gedəcəyi istisna edilmir. Bu, Ermənistanın gələcəyini də müəyyənləşdirəcək.

Beləliklə, Nikol Paşinyan baş nazir oldu. Onun və təmsil etdiyi qüvvələrin hakimiyyəti nə qədər sürəcək? Bu sualın cavabı keçiriləcəyi halda növbədənkənar seçkilərdə veriləcək. Əgər seçki keçirilməzsə, o zaman ölkədə hökumət böhranı yarana bilər. Bu isə inqilabçıların məğlubiyyəti deməkdir. Ona görə də addım-addım hədəfə çatmaq üçün Ermənistandakı “inqilabi” proses davam edir, revanşistlər isə pusqudadır.

Son xəbərlər

Orphus sistemi