​Müstəqilliyimiz yolunda: Eyni gündə iki hadisə - ŞƏRH

​Müstəqilliyimiz yolunda: Eyni gündə iki hadisə - ŞƏRH Bu yolun yolçularına uğurlar olsun!
Analitika
8 Dekabr , 2015 13:17
​Müstəqilliyimiz yolunda: Eyni gündə iki hadisə - ŞƏRH

Bakı. 8 dekabr. REPORT.AZ/ Bir deyim var: Azadlığı qorumaq onu əldə etməkdən çətindir.

Müstəqil Azərbaycan Respublikası iki yüz illik mübarizənin nəticəsidir.

Bu yolda çoxlu həmvətənimiz və böyüklərimiz öz həyatlarını fəda edib.

2015-ci il dekabrın 4-də Xəzərdə qasırğa nəticəsində "Günəşli" yatağında həyatlarını itirən həmvətənlərimiz də müstəqilliyimizin fədailəridir.

Dekabrın 4-ü yaxın tariximizdə müstəqilliyimizə gedən yolda daha bir önəmli gün olub...

1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Azərbaycanın torpaqlarının qorunması və milli müstəqilliyi uğrunda hərəkatın iştirakçıları keçmiş SSRİ-nin hərbi maşınının yardımı ilə Bakıda o vaxtkı Lenin, indiki Azadlıq meydanından dağıdıldı. Çoxlu sayda yaralanan və tutulanlar oldu.

Həmin vaxt bu aksiya Azərbaycanın indi işğal altında olan Qarabağ bölgəsindəki Topxana meşəsinin ermənilər tərəfindən qırılmasına və qərbi azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından qovulmasına etiraz olaraq keçirilirdi. Sonra ermənilərin bu meşə soyqırımının altında daha nələrin olduğu aşkarlandı. Həmin hərəkat əsl hədəfi uğrunda mübarizə apardı.

Azərbaycan öz müstəqilliyini 71 ildən sonra bərpa edib. 27 il öncə, dekabrın 4-də başlayan hərəkat öz hədəfinin bir hissəsini həll etdi. Bu yolda itkilərimiz də oldu.

İndi müstəqil Azərbaycanın torpaqlarını azad etmə, bütövləşmə yolunda fəaliyyəti davam edir.

Neft-qaz sahəsində çalışanlar da bu yolun əsas yolçularıdır. İlk baxışdan elə görünür ki, onlar dolanışıq xətrinə işləyir. Ancaq əsl həqiqətdə onlar Azərbaycanın başlıca təbii sərvəti sayılan neft və təbii qaz hasilatı edərək, müstəqil dövlətimizin iqtisadiyyatının güclənməsində əsas rol oynayırlar.

Yanaşma fərqli olduğundan, onların fəaliyyətinin bu dərinliyi bəzən gözdən yayınır. Güclü iqtisadiyyatımızın yaranması dövlət quruculuğumuzun indiki mərhələsində bu sahədən çox asılıdır.

Sərhəddə əsgərlərimiz xidməti vəzifələrini həyata keçirdiyi kimi, bu sahənin insanları da iqtisadiyyatımızın dayaqlarıdır, onun keşiyində durub.

Bu hadisə, müstəqilliyimizi bərpa edəndən "Günəşli" yatağındakı ilk hadisədir.

Bu və başqa bənzər faktlara əsasən "Günəşli" yatağında həlak olan həmvətənlərimiz də müstəqilliyimiz uğrunda həlak olanlardandırlar. Hadisə nəticəsində həyatlarını itirənlər həm də müstəqillik yolunda mübarizlər sayılır.

Azərbaycanın müstəqilliyinin qorunması, onun güclənməsi yolunda mübarizə davam edir. Bu yolun yolçularına uğurlar olsun!

Son xəbərlər

Orphus sistemi