Paşinyanın Moskva səfəri - boş qalan qaz balonu - ŞƏRH

Paşinyanın Moskva səfəri - boş qalan qaz balonu - ŞƏRH Görünür, Kreml yeni ildə Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələrə soyuq başla düşünməyi tapşırıb
Analitika
28 Dekabr , 2018 13:45
Paşinyanın Moskva səfəri - boş qalan qaz balonu - ŞƏRH

Bakı. 28 dekabr. REPORT.AZ/ Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi bir çox deyilməyən və ya göz yumulan mətləblərə aydınlıq gətirdi. Bu ölkənin Rusiya tərəfindən idarə edildiyi ifşa edildi. Kremlin indiyədək ermənilərin istəklərini atalıq qayğısı ilə yerinə yetirdiyi bir daha məlum oldu. Ermənistanda indiyədək müstəqil hakimiyyətin olmadığı aşkarlandı. Bu ölkəyə rəhbərliyin kənardan, lap elə keçmiş SSRİ-də olduğu kimi, Moskvanın təyin etdiyi öz təsdiqini tapdı. Bir sözlə, Rusiyanın hər cəhətdən Ermənistanı himayə etdiyi inkaredilməz faktdır. Bu ölkədə hakimiyyətə gələn yeni siyasi qüvvələrin gördüyü ilk iş isə öz şefinə, onu qurana qarşı çıxış etmək oldu. Hadisələrin inkişafı göstərir ki, yeni siyasi qüvvələr Rusiyaya alternativ tapa bilməyib. Bu isə çoxsaylı problemlərin yaranmasına səbəb olub. Rəsmi Yerevan dekabrın 9-da keçirdiyi növbədənkənar parlament seçkilərindən sonra Moskva ilə münasibətlərdə yaranan çatları aradan qaldıracağına ümid edirdi. Ancaq Rusiya sözə baxmayan nadinc uşağı tərbiyə edirmiş kimi, rəsmi Yerevana ata qayğısını göstərir, bəzən onu tətbiq belə edir.

Deməli, dekbarın 27-də Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfər etdi. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. KİV-in məlumatına əsasən, ehtimal etmək olar ki, səfər uğurla başa çatmayıb. Belə güman etmək olar ki, Kreml Ermənistana “atalıq” qayğısını davam etdirmək üçün Nikol Paşinyanın qarşısında həll ediləsi vacib tapşırıqlar verib. Yeri gəlmişkən, Vladimir Putinlə Nikol Paşinyanın görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri arasında görüş olub. Həmin görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı ilə çəkdirdiyi foto münasibətin göstəricisi sayıla bilər. Nikol Paşinyan “Facebook” səhifəsində Moskvada Vladimir Putinlə keçirdiyi görüş barədə məlumat verib. O bildirib ki, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edib. Paşinyan görüşün müsbət təəssürat bağışladığnı bildirsə də, vacib məsələlərdən birində razılıq əldə edilməməsi onun iddiasının əksini ehtimal etməyə əsas verir. Ermənistan hökumətinə başçılıq edən deyib ki, Moskva görüşündə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir müzakirə olmayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibinin təyinatı məsələsinə toxunmayan Nikol Paşinyan vurğulayıb ki, qurumla bağlı çox qısa müzakirə açıblar. Bu isə onu göstərir ki, Kreml KTMT məsələsində Ermənistanın irəli sürdüyü təkliflərə elə ciddi yanaşmır.

Əslində, Ermənistanın narahatlıqla gözlədiyi vacib məsələ Rusiyanın satdığı təbii qazın qiyməti ilə bağlı idi. Paşinyan bu məsələ haqqında danışarkən deyib: “təbii qazla bağlı heç qərar qəbul edilmədi. Müzakirə işçi qaydada davam edəcək”. Yeri gəlmişkən, cari ilin payızında Rusiya Prezidentinin Yerevana planlaşdırılan səfəri təxirə salındı. Bu ziyarətin 2019-cu ilin əvvəlində reallaşacağı ehtimal olunur. Nikol Paşinyan görüşdə Vladimir Putini Ermənistana dəvət edib. Azından, təbii qazın qiymətində razılaşmanın olmaması Moskva görüşünün uğursuz keçdiyini deməyə əsas verir. Qeyd edək ki, Ermənistan Rusiyadan idxal etdiyi təbii qaza alternativ olaraq İranın “mavi yanacağ”ını qoyur. İran-Ermənistan qaz kəmərinin uzunluğu 140 km-dir. Xəttin 100 kilometrlik hissəsi Güney Azərbaycanın Təbriz şəhərindən İran-Ermənistan sərhədinə qədər davam edir. Ermənistan hissəsi isə Meğridə bitir. Boru xəttinin radiusu 700 mm-dir. Bu kəmərin 220 milyon dollara başa gəldiyi iddia edilir. İki ölkə arasında təbii qazın nəqlinə dair 20 illiyə müqavilə imzalanıb. İrandan alınan hər bir kubmetr təbii qaz üçün Ermənistan İrana 3 kilovatt/saat elektrik verir. Boru xəttinin açılışı 2007-cı il martın 19-da reallaşıb. Hazırda İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara satır. Rusiya isə əvvəl bu yanacağı 150 dollara satırdı. Maydakı hakimiyyət çevrilişindən sonra Ermənistan bu rəqəmin azaldılacağını güman edirdi. Bunun üçün Kremlə müxtəlif istiqamətdə təzyiqlər göstərməyə çalışırdı. Rusiya Baş nazirinin müavini Dmitri Kozak Ermənistan hökumətinə, konkret olaraq, erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin min kubmetrinin qiymətinin 215 dollar olacağını və bu qərarın müzakirə olunmayacağını bildirib. Rusiyaya görə, Ermənistanın İranla əlaqəsinə ABŞ-ın göz yumacağını da ehtimal etmək olar. Bu yaxınlarda Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyan bildirib: “ABŞ-ın Ermənistanla Tehran-Yerevan əlaqələrinə dair apardığı danışıqlarda İranla münasibətimizin bizim üçün çox əhəmiyyətli olduğunu amerikalılar anladılar. Ermənistan İrandan daha çox təbii qaz idxal etmək niyyətindədir”. Səfir yaxın zamanda iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artacağına ümidvar olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında bu istiqamətdə göstərici 200-250 milyon dollardır, ancaq tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir.

İslam Respublikası ilə Ermənistan arasında sövdələşmə reallaşması elə də inandırcı görünmür. Çünki İran Ermənistan bazarından ölkə iqtisadiyyatına güclü müsbət təsir göstərəcək, elə böyük xeyir götürmür. Əgər Rusiyanın maraqlarını tapdayıb Yerevanla təbii qaz və başqa sahələrdə əməkdaşlığı genişləndirərsə, Moskvanın sərt münasibətinə tuş gələ bilər. Bu, indki şəraitdə İranın maraqlarına uyğun sayılmır. Nəzərə almaq lazımdır ki, ABŞ hər iki ölkəyə qarşı sanksiyalar tətbiq edib. Bu təzyiq onları bir-birinə daha yaxın edir. Ermənistan Rusiyaya da iqtisadi baxımdan sərfəli deyil. Bu ölkə Kremldən ancaq yardımlar və güzəştli şərtlərlə məhsullar alıb. Ermənistan Rusiyaya regional maraqlarını qorumaq, gücünü göstərmək, keçmiş SSRİ məkanında əsas söz sahibi olmaq kimi qüdrətini, Cənub Qafqazın təhlükəsizliyinin ondan asılı olduğunu nümayiş etdirmək, beynəlxalq arenada siyasi ambisiyasını təmin etmək və s. bu kimi məsələlər üçün lazımdır. Ona görə də Ermənstanın davranışına dözür, Yerevana möhlət verir. 

Hər halda görüş zamanı Vladimir Putinin Nikol Paşinyana müraciətini Rusiyanın Ermənistanın həyatında oynadığı başlıca rol və rəsmi Yerevan qarşısında qoyduğu şərt kimi də dəyərləndirmək olar. 

“Münasibətimizi xarakterizə etməyə ehtiyac yoxdur. Bu, doğrudan da çox əhatəli müttəfiqlik münasibətidir. Xarici dövlətlərin Ermənistanla iqtisadi sahədə əməkdaşlığına görə Rusiya birinci yerdədəir. Ermənistanda Rusiyanın 2 min 200-dən artıq müəssisəsi Ermənistanda fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi, demək olar ki, 30 faiz artıb. Cari iln ilk on ayında bu rəqəm 17,5 faiz təşkil edib. Fikrimcə, bu, yaxşı nəticədir. Onu qorumaq lazımdır”.

Nikol Paşinyan cavab nitqində deyib: “Mən xarici siyasi liderlər arasında Rusiyaya ən çox səfər edənlərdənəm. Daha dəqiqi, ilk üçlükdəyəm. Mən əminəm ki, bu münasibətin dinamikasını qoruyub inkişaf etdirəcəyik”.

Ermənistanın hökumət başçısı Rusiya ilə bütün istiqamətdə əlaqələri inkişaf etdirəcəklərini də vurğulayıb.

Nikol Paşinyanın Moskvaya səfərindən iki gün əvvəl bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib. Ermənistan Avropa Partiyasının təşəbbüsü ilə keçirilən piketdə Rusiya hərbçilərinin davranışının Ermənistanın təhlükəsizliyini təhdid etməsini mühakimə edilib. Onlar Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı şüarlar irəli sürüblər. Onların ardınca elə həmin ərazidə Ermənistandakı kommunistyönlü qüvvələr “Ermənistanda antirusiya təxribatına yox!” və “Rusiya ilə əbədi!” şüarları altında aksiya keçiriblər.

Hətta 2008-ci il martın 1-də Yerevanda prezident seçkilərinin nəticələrinə etiraz aksiyasına çıxanlara divan tutulmasında Rusiyanın məsuliyyət daşıdığı barədə yazılar da yayıldı. Səfərqabağı belə aksiyalar və təbliğat kampaniyası ilə Nikol Paşinyanı dəstəkləyənlər Rusiyaya təzyiq edərək daha böyük güzəştlər əldə etmək istəyirdilər. Yerevan Moskvaya göstərmək istəyir ki, Ermənistanda həm Avropaya inteqrasiyanın qatı tərəfdarları, həm də Rusiya ilə əbədi bir yerdə olmağı istəyənlər və s. bu yönümlü siyasi baxışların daşçıyıcıları, təşkilatlar var. Nikol Paşinyan isə özünü Rusiyaya hər ikisini birləşdirə biləcək yeganə qüvvə olaraq təqdim etmək istəyir. Moskva onu bu rola hələlik uyğun görmür.

Görünür, Kreml yeni ildə Nikol Paşinyana və onu dəstəkləyən siyasi qüvvələrə soyuq başla düşünməyi tapşırıb.Təbii qazın qiyməti ilə bağlı məsələni həll etməməklə Rusiya onlar üçün qışda hər cür şərait də yaradıb. Odur ki, Moskva səfərindən Paşinyan boş qaz balonu ilə dönüb.

Son xəbərlər

Orphus sistemi