“Möcüzələr diyarı”: Bugünkü Ermənistanın "əsrarəngiz" iqtisadi modeli

“Möcüzələr diyarı”: Bugünkü Ermənistanın "əsrarəngiz" iqtisadi modeli Ermənistan iqtisadiyyatı tam iflic vəziyyətdədir.
Analitika
3 Noyabr , 2020 15:06
“Möcüzələr diyarı”: Bugünkü Ermənistanın əsrarəngiz iqtisadi modeli

Ermənistan iqtisadiyyatı tam iflic vəziyyətdədir. İqtisadi prosesləri idarə etməkdə aciz olmaları, məmurların korrupsiyaya qurşanmaları, səmərəli inkişaf proqramlarının olmaması, nəhayət elə ilkin inkişaf potensialının məhdudluğu üzündən bu ölkənin yeganə tutarlı gəlir mənbəyi kreditlərdir.

Ermənistanın xarici borc cədvəlinə nəzər yetirsək bu ölkənin xeyli dərəcədə beynəlxalq maliyyə təsisatların hesabına dolandığını görərik. Belə ki, xarici borcun 23 faizi Dünya Bankının, 10 faizi Asiya İnkişaf Bankının (ADB), 6,5 faizi Beynəlxalq Valyuta Fondunun (IMF) tərəfindən açılan kredit proqramlarının payına düşür. Bütövlükdə beynəlxalq maliyyə təsisatların payına ölkənin xarici borcunun 50 faizi düşür.

Bununla yanaşı xarici borcun 15 faizini ikitərəfli kredit proqramları təşkil edir. O cümlədən Rusiyanın payı 5 faiz, Almaniyanın 4,8 faiz, Yaponiyanın 3 faiz, Fransanın da 1,8 faizdir. Həmçinin qeyri-rezidentlərin aldığı əcnəbi valyutalarda dövlət istiqrazlarının payına 12,4 faiz, dövlət xəzinədarlıq istiqrazlarının payına 0,1 faiz, xarici öhdəliklərinin də payına 0,1 faiz düşür.

Borc həcminin illər üzrə dəyişkənliyinə diqqət yetirdikdə hökumətin böhranlı vəziyyətlərdə daha çox kredit götürə-götürə iqtisadiyyatı fəlakət həddinə gətirdiyi əyani görünür. Bu gün hökumət dövlət borcunun cari ilin sonunda ÜDM-nin 65 faizinə çatdıqdan sonra gələn il “cəmisi” 63,5 faizədək endiriləcəyini sevincək elan edir. Halbuki beynəlxalq maliyyə təsisatlarının qəbul etdiyi normalara görə həmin göstərici 40 faiz həddini aşmamalıdır. Həqiqəti təhrif etmək adətlərinə sadiq qalan ermənilər isə maliyyə təsisatlarının guya onlara güzəştə getdiyini bildirirlər. Gələn ilin dövlət büdcəsi layihəsinə dair parlamentdəki müzakirələr zamanı maliyyə naziri Aton Cancuğazyan bildirib: “Bu, müstəsna vəziyyətə, yəni koronavirus pandemiyasına, sonra da hərbi əməliyyatlara görədir. Amma 2021-ci ildən borc yükü azalacaq”. Nazirini fikrincə, “borcları qaytarmaq üçün gəlirləri səliqəli toplamaq (?! – red.) da vacibdir”.

Həm öz xalqına, həm də bütün dünyaya yalan satmaq erməni başbilənlərinin köhnə şakəridir. Di gəl bu gün Ermənistan iqtisadiyyatı elə acınacaqlı kökə salınıb ki, xarici borcları qaytarmaq bir yana, ən zəruri sosial iqtisadi vəzifələrini belə icra edə biləcəkləri xeyli müəmmalı görünür. Hökumətin də etiraf etdiyi kimi bu il ÜDM əvvəlki ehtimal edildiyi kimi 2,6 faiz yox, 6,8 faiz azalacaq. Qeyd edək ki, avqust ayında 5 faizlik proqnoz verilmişdi. Yəni o proqnozun da azaldılması Qarabağ cəbhəsində döyüşlərin aparılması ilə bağlıdır. Beləliklə, hökumətin müharibəni uduzduqlarını etiraf edib sülh danışıqlarına başlamaq istəməməsi ölkə iqtisadiyyatına, erməni xalqına çox baha oturur. Hazırda dövlət xəzinəsi demək olar, bomboşdur.

Hərçənd baş nazir Nikol Paşinyan ümidini itirmir. Bu günlərdə feysbukdakı ənənəvi videomüraciəti zamanı hökumət başçısı yerli vergi ödəyicilərinin “heyrətamiz” davrandığını irəli sürərək işgüzar dairələrinin birgə səylərilə dövlət büdcəsinin artıq yerinə yetiriləcəyini iddia edib: “Müharibə dövründə çətin iqtisadi vəziyyətə baxmayaraq büdcəmiz əlavə 80 milyon dollar gözləyir. Bu vəsait müharibənin daha da genişləndirilməsi üçün sərf olunacaq”.

Lakin bu cür “iqtisadi möcüzə” söhbətini ortaya ataraq əhalinin başını tovlamağa çalışan Ermənistan hökuməti Qarabağda başladıqları müharibə üzündən iqtisadiyyatın həqiqi bərbad vəziyyətini əks etdirən rəqəmləri açıqlamağa tələsmir.

Yerli ekspertlərin qənaətincə müharibənin artan məsrəfləri üzündən ölkənin xarici ehtiyatları tədricən tükənəcək və onları doldurmaq üçün Mərkəzi Bankın yeni borclar almaqdan başqa çarəsi yoxdur. Eyni zamanda dramın get-gedə devalvasiyaya uğraması, büdcə kəsirinin durmadan artması, üstəlik koronavirusun yeni dalğası üzündən səhiyyə məsrəflərinin daha da artması da borc yükünü daha da artıracaq başlıca amillərdir. Götürülən borcların necə, nəyin hesabına qaytarılıcağı barədə isə hələlik söhbət salan yoxdur. Əvvəllər də dəfələrlə qeyd olunduğu kimi, sabit mədaxili olmayan Ermənistan məmur özbaşınalığı və korrupsiya girdabına o qədər batıb ki, sahibkarların vergi ödəməsi baş nazir üçün “toy-bayram”a çevrilir.

Görünən odur ki, Ermənistan hökumətin işğalçı siyasəti üzündən iqtisadi böhranın defolt həddinə çatması ehtimalı getdikcə daha da artır. Bu girdabdan çıxmaq hətta Ermənistanın güclü himayə/havadarlarının yardımı ilə də asan məsələ olmayacaq.

Qulu Nuriyev, ekspert

Son xəbərlər

Orphus sistemi