Belarus və Ermənistanın iddiası - Aİİ-də təbii qaz partlayışı - ŞƏRH

Belarus və Ermənistanın iddiası - Aİİ-də təbii qaz partlayışı - ŞƏRH SSRİ dağılandan sonra onun yerinə yaradılan birliklər beynəlxalq aləmdə təsiredici gücə malik deyil. Belə qurumlardan ən güclüsü MDB-dir. Onun da üzvlərinin sayı azalıb. 2008-ci ildə Gürcüstan, on il sonra isə Ukrayna bu birlikdən çıxdı.
Analitika
20 May , 2020 16:12
Belarus və Ermənistanın iddiası - Aİİ-də təbii qaz partlayışı - ŞƏRH

SSRİ dağılandan sonra onun yerinə yaradılan birliklər beynəlxalq aləmdə təsiredici gücə malik deyil. Belə qurumlardan ən güclüsü MDB-dir. Onun da üzvlərinin sayı azalıb. 2008-ci ildə Gürcüstan, on il sonra isə Ukrayna bu birlikdən çıxdı.

1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), 2015-ci ildə isə Avrasiya İqtisadi İttifaqı (Aİİ) qurulub. Bu təşkilatlarda çoxlu sayda problemlər var. Bunu təşkilatdaxili demokratiya kimi qələmə verməyə çalışsalar da, əslində, bu həmin qurumların təsiretmə imkanlarının zəfliyi, yaxud avtoritetin azlığı ilə əlaqədardır. Məsələn, bir anlığa sovetlərin himayədarlığı ilə mövcud olmuş Qarşılıqlı İqtisadi Yardım Şurası, Varşava Müqaviləsi Təşkilatı ilə müqayisədə KTMT və Aİİ yox dərəcəsindədir.

MDB, KTMT və Aİİ yarandığı gündən ziddiyyətlərlə doludur. Bu qurumlara üzv dövlətlərin əksəriyyəti NATO və Avropa İttifaqı ilə sıx şəkildə əməkdaşlıq edir. Hər iki blok daha çox sovetlərin varisi olanlara qarşı rəqib rolunda çıxış edir. Bu da ziddiyyətin əsasında dayanan amillərdəndir.

Mayın 19-da Aİİ-nin onlayn sammiti keçirilib. Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Üzv dövlətlər bərabərhüquqlu olduqlarını iddia etsələr də, de-fakto təşkilatın əsas sponsoru Rusiyadır. Odur ki, bir çox hallarda təşkilatdaxili problemlərlə bağlı məsələlərə də rəsmi Kreml aydınlıq gətirir. Ermənistan və Belarus öz ölkələrinin iqtisadi, eləcə də enerji daşıyıcılarına olan tələbatlarının ödənilməsi ilə bağlı problemlərini Rusiyanın hesabına həll etməyə çalışır. 

Toplantıda rəsmi Minsk və Yerevan təmsilçiləri Rusiyadan aldıqları təbii qazın qiyməti ilə bağlı təklif irəli sürdülər. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan aldıqları təbii qazın qiymətində illərdir qarşılıqlı razılığa gələ bilmədiklərini bildirib. Onun sözlərinə görə, məsələnin aktuallığı daha da kəskinləşir. Ermənistan hökumətinin başçısı da Aİİ-də enerji daşıyıcıları ilə bağlı vahid qiymət bazarının yaradılmasını təklif edib.

Vladimir Putin onların təklifinə cavab olaraq deyib ki, təbii qazla bağlı eyni tarif vahid bazar şəraitində qəbul edilə bilər. 70 il bir yerdə, SSRİ-nin tərkibində olmuş respublikaların Aİİ daxilində inteqrasiyasının olmadığı təsdiqlənib. Rusiya prezidenti deyib: “Aİİ daxilində hələ də bu inteqrasiya yaranmayıb. Hamımız bunu çox yaxşı bilirik. Qiymətlər xərclər, tədarükçünün sərmayəsi nəzərə alınmaqla bazar konyunkturası əsasında formalaşmalıdır”.

Hələ 2006-cı ildə Rusiya Belarusa 21 mlrd. kubmetr təbii qazın min kubmetrini 47 ABŞ dollarına satırdı. Bu razılaşma çərçivəsində Belarus Rusiyadan 19,5 mln. ton neft tədarük edib. Sonrakı illərdə Belarusa satılan “mavi yanacağ”ın qiyməti bahalaşdı. 2018-19-cu illərdə 110-111 ABŞ dolları təşkil edib. Bundan başqa, Rusiya 6 mln. ton nefti bu ölkəyə güzəştli satıb. Həmin həcmdə neftin gömrük rüsumu Belarusun dövlət büdcəsinə köçürülüb. Qiymət ucuzluğundan belaruslu istehlakçı faydalanmasa da, rəsmi Minsk büdcəyə daxil olan maliyyə vəsaitindən istifadə edib. 2020-ci ildə Belarusa neft güzəşti ilə satılan qazın min kubmetrinin qiyməti 16 ABŞ dolları bahalaşaraq 127 ABŞ dolları təşkil edib. Bu qiymət rəsmi Minski qane etmir. Aleksandr Lukaşenko cari ilin fevralında Aİİ-nin təmsilçisi ilə görüşdə bu məsələyə etiraz olaraq bildirmişdi: “Bu qiyməti bizim üçün rifah sayırlar. Polşa hazırda ABŞ-dan 90 dollara təbii qaz alır. İndi necə edək, oradan boru çəkək? Biz rusiyalılara qiymətin ötənilki səviyyədə qalmasını təklif edirik. Ötən il biz neftlə bağlı güzəştlə birlikdə min kubmetr təbii qazı Rusiyadan 110-111 ABŞ dollarına alırdıq. Rusiya isə 127 dollarda israr edir. Birjada isə artıq 100 dollara satırlar”. 2010-cu ildə müsahibələrindən birində də Aleksandr Lukaşenko Rusiyanın satdığı “mavi yanacağı”n qiymətindən gileylənmişdi. O bildirmişdi ki, Qətər və Norveç bu yanacağın min kubmetrini Avropada 174-176 ABŞ dollarına satır: “Bizə isə onu 230 ABŞ dollarına satmağa çalışırlar”.

Ermənistan da Rusiyanın təbii qazın qiyməti ilə bağlı siyasətindən narazılığını bildirir. Onlar iddia edirlər ki, Rusiya Avropaya “mavi yanacağ”ın min kubmetrini sərhəddə orta hesabla 87 ABŞ dollarına satır. Bu enerji daşıyıcısını isə Rusiya Ermənistana 165 ABŞ dollarına tədarük edir. Rusiya prezidenti sammitdə bildirib ki, Yerevan və Minsk Aİİ ölkələri üçün təklif edilən ümumi qiyməti qəbul etmək istəmir. Onun sözlərinə görə, Moskvanın irəli sürdüyü qiyməti Qazaxıstan və Qırığız Respublikası dəstəkləyir. 

Ermənistanda siyasi hakimiyyət dəyişikliyi, Avropa İttifaqı və ABŞ-ın Belarusa etdikləri jestlər problemin təbii qazın qiymətində olmadığını ehtimal etməyə əsas verir. Nikol Paşinyan müxalifətdə olduğu zaman Aİİ-nin mənasız qurum olduğunu bildirib, bu ittifaqa qarş çıxış edib. Ermənistan parlamentində bu iqtisadi birliyə qarşı olan çoxlu deputat var. Başqa sözlə, Paşinyan Ermənistanın Aİİ-dən çıxması təklifini irəli sürdüyü vaxt parlamentdə səs çoxluğu qazana bilər. Bu ərazinin Rusiya üçün Qafqazda, o cümlədən Cənub Qafqazda oynadığı rol da az əhəmiyyətli deyil. Bunu rəsmi Yerevan da yaxşı bilir. Ona görə də hakimiyyət dəyişikliyindən sonra Paşinyan Aİİ ilə bağlı mövqeyini 180 dərəcə dəyişərək ittifaqı tərifləməyə başladı. Bu, bir daha sübut etdi ki, Ermənistanın dövlət olaraq vahid xarici siyasəti və dövlət marağı yoxdur. O, hakimiyyətə gələn qüvvələrə uyğunlaşır. Bir ayağı Qərbin, biri Kremlin qapısında olan Yerevan təmsilçiləri hər iki tərəfdən daha çox vəsait qoparmağa çalışırlar. Rusiya Ermənistan hakimiyyətinin taktikasını bildiyi üçün bu ölkəyə satdığı təbii qazın qiymətini 2019-cu il yanvarın 1-dən 150 ABŞ dollarından 165 dollarınadək bahalaşdırdı. Moskvanın bu addımı Yerevan üçün müəyyən mənada gözlənilməz oldu. Bundan sonrakı dövrdə Nikol Paşinyan və komandasının "mavi yanacağ"ın qiyməti üzrə Rusiya ilə apardıqları danışıqlar nəticəsiz qalıb.

Belə görünür, Rusiyadan əlavə güzəşt əldə etmək üçün Ermənistanla Belarus təbii qaz məsələsi ətrafında Aİİ-də birləşib. Son zamanlar Avropa İttifaqı və ABŞ-ın Belarus istiqamətində atdığı addımlar Aİİ-də təbii qazla bağlı yaranan mənzərənin daha da aydınlaşmasına yardım edir. 2020-ci il fevralın 1-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında görüşdə əldə edilən razılığın nəticəsi olaraq artıq rəsmi Minsk Vaşinqtondan neft tədarük etməyə başlayıb. ABŞ neftinin tədarükü Belarus neft emalı kompleksinin 2020-ci il və sonrakı dövrdə sabit işləməsini təmin etmək və mənbələrin şaxələndirilməsi baxımından dövlət strategiyasının bir hissəsidir. Bildirilib ki, Belarus tərəfi ABŞ-la tərəfdaşlığın gücləndirilməsi maraqlarına uyğun fəaliyyət göstərməyə davam etdirəcək. Rəsmi Minsk iddia edir ki, bu, Avroatlantik və Avrasiyadakı ziddiyyətlərin aradan qaldırılması üçün ümumi səylərə töhfədir. 

Belarus bununla Rusiya ilə Qərb arasında tarazlıq yaratmağa çalışdığını göstərməyə çalışır. Ancaq vəziyyətə əsasən, demək olar ki, Minsk bacardıqca Moskvanın nüfuz dairəsindən uzaqlaşmağa üstünlük verir. Aİİ-də baş verənlər ilk hadisə deyil. Belarus prezidenti əvvəllər də Rusiya ilə aralarında olan fikir ayrılığını gizlətməyib. O, Rusiyanın bir əyaləti olmadıqlarını dəfələrlə bildirib. Qeyd edək ki, ABŞ-ın Texas ştatının Bomont limanından Belarusa 80 min ton neft gətirən ilk tanker Litvanın Klaypeda limanına iyunun əvvəlində çatacaq.

Qərblə Minskin əlaqələrinin genişlənməsinə dair başqa bir fakt. Avropa İttifaqı Belarus vətəndaşlarına viza rejiminin sadələşdirilməsi barədə sazişi təsdiqləyib. Xatırladaq ki, Avropa İttifaqı ilə Belarus arasında sadələşdirilmiş viza verilməsi haqqında saziş 2020-ci il yanvarın 8-də imzalanıb. Viza razılaşması vətəndaşların geniş kateqoriyası üçün viza prosedurlarının qarşılıqlı qaydada sadələşdirilməsini və rüsumun azaldılmasını nəzərdə tutur. Mayın 14-də Avropa Parlamenti Avropa İttifaqı ilə Belarus Respublikası arasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri təsdiq edib. Sənədə əsasən, vizaların verilməsi qarşılıqlı olaraq 60 avrodan 35 avroya düşəcək. Vətəndaşların qalma müddəti isə iki dəfə artırılacaq - ildə 180 gün. Sənəd qüvvəyə mindikdən sonra AB ölkələrinin belaruslulara daha uzunmüddətli vizalar verəcəyi də gözlənilir.

Nikol Paşinyan bu günlərdə keçirdiyi mətbuat konfransında Rusiyadan aldıqları qazın qiymətindən danışmaq üçün indi uyğun vaxt olmadığını deyib. Qeyd edək ki, “Qazprom Armeniya” şirkəti Rusiyanın “Qazprom” şirkətinin törəməsidir və Ermənistanda bu sahə onun inhisarındadır. Şirkət təbii qazın tarifinin bahalaşması ilə bağlı hökumətə müraciət edib. Avropa İttifaqı ilə Ermənistan arasında yaxınlaşma çoxdan başlayıb. Təxminən bir il əvvəl Brüsseldə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr edilən yubiley tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan Aİ ilə əməkdaşlıq haqqında sazişi imzalamış ölkə başçısı qismində iştirak edib. Aİ ilə Ermənistan arasında münasibətlər "Hərtərəfli və geniş tərəfdaşlıq haqqında" saziş əsasında qurulur. Saziş Brüsseldə 2017-ci il noyabrın 24-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini tərəfindən imzalanıb və 2018-ci il iyunun 1-dən müvəqqəti olaraq tətbiq edilir. 2013-cü ildə Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmağa üstünlük verərək Aİ ilə Assosiasiya Sazişini imzalamaqdan imtina etmişdi.

2018-ci ildə hakimiyyət dəyişikliyi rəsmi Yerevanın Avropa İttifaqı ilə Rusiya arasında seçim məsələsinə də təsirsiz ötüşməyib. İqtisadi cəhətdən Rusiyadan asılı qalan Ermənistanın Qərbə meyillənməsi üçün tələbatının ödənilməsi başlıca şərtdir. Ancaq Nikol Paşinyanın Moskva ilə münasibətə daha çox üstünlük verməsi qərblilərdə müəyyən tərəddüd yaradır. Paşinyan Aİİ-də Belarusun da narazlığından sui-istifadə edərək təbii qazın qiyməti ilə bağlı məsələdə hay-küy sala bilib. Avropa İttifaqı hələ ötən il Ermənistanda əsaslı islahatlar və insan haqlarının müdafiəsi məqsədilə 176 milyon avro ayırmışdı. Bu il koronavirusa qarşı mübarizə çərçivəsində Almaniya bu ölkəyə 90 mln. avro, Beynəlxalq Valyuta Fondu isə 28 mln. ABŞ dolları ayırıb. Avropa İttifaqı hələ ötən il Ermənistana bildirmişdi ki, nə qədər çox islahat aparsa, Brüsseldən bir o qədər çox yardım alacaq.

Yeri gəlmişkən, hələ ötən il rəsmi Yerevan Aİ ilə əməkdaşlıq üzrə 13 proqramdan ibarət “yol xəritəsini” təqdim edib. Ermənistanın xarici ticarətinin 22 faizə yaxını bu qurumun payına düşür. Odur ki, Rusiyaya qarşı çıxış da bu ölkənin xarici siyasət kursu ilə bağlı islahat sayıla bilər. Deməli, Ermənistan hökumətinə verilən maliyyə dəstəyi artdıqca Yerevanın Moskvaya qarşı etiraz çıxışları da artıb. Aİİ-nin sammiti bunun görüntülərindəndir. Bu kimi faktlar Minsk və Yerevan rəsmilərinin Aİİ-dəki cığallığının səbəblərinə aydınlıq gətirir.

Beləliklə, Qərbin Rusiya ilə bağlı yeni və daha incə planı həyata keçməyə başlayıb. Bunun üçün, ilk növbədə, Ermənistan və Belarusun timsalında keçmiş sovet respublikalarının Rusiyanın enerji daşıyıcılarına olan ehtiyacından qurtulması vacibdir. Təbii qazın qiyməti ilə bağlı Aİİ-də yaranan mübahisə bunun ilk görüntüsüdür. Belə düşünmək olar ki, Belarus ABŞ-dan neft idxalını Rusiyaya alternativ olaraq nümayiş etdirir. Eləcə də təbii qaza alternativ isə Polşa xətti ola bilər.

Bu il Aleksandr Lukaşenko Böyük Vətən Müharibəsinin 75-ci ildönümü tədbirini də ayrıca keçirdi. Qərb əvvəllər Belarus liderinə qarşı sərt mövqe nümayiş etdirirdi. O, bu halda daha çox Rusiyaya və onun yaratdığı qurumlara, o cümlədən Aİİ-yə sığınırdı. Görünür, Avropa İttifaqı və ABŞ bu davranışın düzgün olmadığını anlayaraq Ukrayna və keçmiş Baltikyanı ölkələrin qonşusu ilə daha mülayim davranmaq taktikasını seçiblər. Cari il avqustun 9-da Belarusda prezident seçkisinin keçiriləcəyi gözlənilir. Bu, Belarusun gələcəyinə aydınlıq gətirə bilər. Həmin siyasi kampaniyadan sonra ölkə ərazi itkisi ilə də üzləşə bilər...

Ermənistan da Rusiyadan asılılığını azaltmağa çalışır. O, İranı bu istiqamətdə alternativ görür. Tehran Moskva ilə müttəfiqliyinin pozulacağından ehtiyatlansa da, arxa planda rəsmi Yerevanın əlini sıxır. Ötən ay İranın yanacaqdaşıyan avtomobillərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində görünməsi də bunu təsdiqləyir. Belə qənaətə gəlmək olar ki, “əl sıxmaya” İran Ermənistana Qarabağdakı separatçılara yardım edəcəyini də vəd verib. Bunun qarşılığında Yerevan Qərblə İslam Respublikası rəhbərlərinin münasibətlərinin qurmağı boyun ola bilər.

Ermənistan Aİİ-də saldığı hay-küyü KTMT-də qaldırmışdı. Nə qədər təəccüblü olsa da, o zaman onları Belarus nümayəndəsi əvəzlədi. Hərbi təşkilatda onlar bir-birini əvəzləsə də, Aİİ-də bir mövqedən çıxış etdilər.

Nəhayət, təbii qazın qiyməti Aİİ-də ətrafı qaranlığa bürüyəcək partlayış yarada bilər. Bu da, öz növbəsində, başqa oxşar tərkibli təşkilatlar üçün domino effekti yaşadar.

Son xəbərlər

Orphus sistemi