Yuxarı

​Minsk görüşü Qərbə inteqrasiyanın çətinliyini yenidən təsdiqlədi - ŞƏRH

RF-yə qarşı yeni sanksiyaların həm Avropa, həm də ABŞ tərəfindən tətbiq ediləcəyi qaçılmaz görünür

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 11-də Minskdə "Normand dördlüyü"nün sammiti başa çatdı.

"Report"un məlumatına görə, görüşdən sonra Rusiya prezidenti Vladimir Putin danışıqların nəticəsi ilə bağlı mətbuat konfransında qeyd edib ki, sənəd təmas qrupu səviyyəsində imzalanacaq. Onun sözlərinə əsasən, Almaniya kansleri, Fransa, Ukrayna və Rusiya prezidentləri münaqişənin tənzimlənməsi haqda yekun bəyanatla çıxış ediblər. Bundan başqa, fevralın 15-də saat 00.00-dan Ukraynanın şərqində atəşkəsə dair razılıq əldə edilib.

Fevralın 6-dan Ukraynadakı vəziyyət dünyanın ən aparıcı mövzusu idi. Bu məsələ hətta İŞİD və "Taliban" kimi terrorçuların fəaliyyətini də kölgədə qoymuşdu.

Təəssüf ki, bir həftəyə yaxın müzakirələrin nəticəsində tərəfləri razı salacaq əsaslı sənəd imzalanmadı. Danışıqların gedişatı və əldə edilən razılıqlar aşağıdakı qənaətlərə gəlməyə imkan verir:

- Ukraynanın ərazi bütövlüyünün təmin olunması "təxirə" (Donbas və Luqansk vilayətlərinin statusu ilə bağlı tərəflər razılığa gəlmədi) salındı;

- Avropa Birliyi və NATO ərazisində münaqişədə olan dövlətləri üzvlüyə qəbul etmədiklərindən bu ölkənin Avropa və Avroatlantik məkana tam inteqrasiyası qeyri-müəyyən müddətə qaldı;

- Ukraynanın ərazisinin işğaldan azad edilməsi üçün beynəlxalq ictimaiyyət yeni üsullar tətbiq edəcək;

- Ukrayna ordusunun müdafiə qabiliyyəti gücləndiriləcək;

- Bu ölkə ilə həmsərhəd olan Avropa İttifaqına üzv dövlətlərdə NATO, o cümlədən ABŞ hərbi mövcudluğunu artıracaq;

- ABŞ-ın Avropa İttifaqının üzvü olan dövlətlər üçün önəmi artacaq;

- ABŞ Avropada öz mövqeyini gücləndirəcək;

- Rusiya Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyən daha bir dövlətin qarşısında səd qoya bildi.

Qeyd edək ki, fevralın 12-də Brüsseldə Avropa İttifaqı dövlət və hökumət başçılarının sammitinin keçirilmə saatı "Normand dördlüyü"nün görüşünə görə ləngidilib. Məlumatlara əsasən, Rusiyaya qarşı yeni sanksiyalar hazırdır. Bunu Minskdə keçirilən görüşün nəticələrinə uyğun olaraq elan edəcəklər. Odur ki, RF-yə qarşı yeni sanksiyaların həm Avropa, həm də ABŞ tərəfindən tətbiq ediləcəyi qaçılmaz görünür.

Nəhayət, Minsk görüşünün nəticələrini Ukrayna üçün xeyirli saymaq olmaz. Bu görüşü ərazi bütövlüyü pozulan dövlətləri dəstəkləməyin vacibliyi baxımından Qərbə bir dərs də hesab etmək olar. Başqa sözlə, onunla bir yolu getmək istəyənlərin, Qərbə inteqrasiyaya üstünlük verənlərin maneələri aşmasının asan olmadığı bir daha təsdiqləndi. Bu baxımdan Ukraynadakı münaqişənin tənzimlənməsi, ölkənin ərazi bütövülüyün təmin olunmasına dair Qərbin təşəbbüsü ilə keçirilən Minsk görüşü onlar üçün uğursuzluqla nəticələndi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi