Yuxarı

​Mif dağılır: Ermənistan ordusuna ərzaq toplanır - ŞƏRH - FOTO

Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlamağa hüquqi, siyasi, tarixi, mənəvi əsası olmadığı kimi, maddi imkanı da yoxdur

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aprelin 2-də gecə Ermənistan tərəfindən atəşkəsin pozulması ilə başlayan və bu günə kimi davam edən gərginlik erməni silahlılarının təcihizatı ilə bağlı ciddi problemlərin olduğunu bir daha üzə çıxardı.

Ermənistan KİV-in ordusu barədə yaratdığı mifin yamaq-yumağı açıq aydın görünməkdədir.

4 günlük hərbi əməliyyat nəticəsində məlum olub ki, erməni silahlılarının ilkin tələbat mallarına ehtiyacları var. Ermənilərin sosial şəbəkələrdə yaydığı plakatlarda orduya lazım olan ərzaq və başqa ləvazimatların toplanmasına başlanıb.

"Report"un məlumatına görə, yayılan elanlarda bildirilib ki, orduda ilkin tibbi yardım çantalara, yataq ləvazimatlarına, ədyal, su üçün qab, corab, alt paltarları, içməli su, şirələr, kolbasa, çay, kofe, konservləşdirilmiş ət və s. ehtiyac var.

Qeyd edək ki, yayılan məlumatda pul toplamaq üçün Əmanət bankının kart nömrəsi də plakatda göstərilib.

Əslində, Ermənistan ordusu, habelə onun Dağlıq Qarabağdakı qolunun vəziyyəti daha acınacaqlıdır. Bu ölkədə hakimiyyətə gələnlər Dağlıq Qarabağdan istifadə edərək, illər uzunudur ABŞ, Rusiya, Fransa və Çindən müxtəlif layihələr adı altında maliyyə vəsaiti və başqa yardımlar alırlar. Erməni ekspertləri isə dəfələrlə bu yardımların başqa məqsədlərə sərf edildiyini bəyan ediblər.

"Transparency International"ın Antikorrupsiya Mərkəzinin bu ilin fevralında yaydığı hesabat da bunu təsdiqləyir. Həmin hesabatda bildirilirdi ki, keçirilən yoxlama zamanı Ermənistanın Müdafiə Nazirliyində böyük məbləğdə maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi məlum olub: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud aksiyalarda payları var".

Bu səbəbdən ölkənin müdafiə naziri Seyran Ohanyanın istefaya gedəcəyi də ehtimal edilirdi. Məlumatda bildirilirdi ki, nazirin ailə üzvləri, yaxınları yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər.

Beləliklə, Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlamağa hüquqi, siyasi, tarixi, mənəvi əsası olmadığı kimi, maddi imkanının da olmadığı özünü aşkar şəkildə büruzə verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi