Ermənistanın qaytara bilmədiyi borc - Metsamor AES təhlükəsi - ŞƏRH

Ermənistanın qaytara bilmədiyi borc - Metsamor AES təhlükəsi - ŞƏRH Ermənistanı payızda energetika sahəsindən də imtahan gözləyi
Analitika
288
10 İyun , 2020 14:42
Ermənistanın qaytara bilmədiyi borc - Metsamor AES təhlükəsi -  ŞƏRH

Ermənistan yarandığı gündən təhlükə mənbəyidir. Başqa sözlə, bütövlükdə Qafqazda bu ərazidə qurulmuş dövlət bölgədən xaricdəki maraqları təmsil edib, həmin maraqlara işləyib. İndiki Ermənistan qonşu Azərbaycanın ərazisi hesabına yaradılıb. Buna qane olmayan ermənilər Azərbaycan torpaqlarını işğal altında saxlayır, qonşu başqa dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edirlər. Bununla da regionda təhlükəsizliyi təhdid edir, sabitliyin davamlılığına və inkişafa mane olur. Ölkədə iğtişaşların baş verməsi, dövlət məmurlarının parlamentdə terror olunması, polis əməkdaşlarının girov götürülməsi və başqa amillər onun gerçək bir təhlükə mənbəyi olduğunu təsdiqləyir.

Ermənistan bölgənin ekoloji təhlükəsizliyi üçün də fəlakət ocağıdır. Bu ölkədəki Metsamor Atom Elektrik Stansiyası bölgə üçün Çernobıl faciəsi yaşada bilər. Ermənistan hökuməti bu stansiyanın təmiri üçün Rusiyanın ayırdığı 270 mln. ABŞ dolları məbləğində kreditdən imtina etməsi diqqətin bu müəssisəyə yenidən ayırılmasına səbəb olub.

Ölkənin ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan parlamentdəki çıxışında bildirib ki, Ermənistan hökuməti Rusiya kreditindən imtina etdi və stansiyadakı işləri dövlət büdcəsi hesabına başa çatıdıracaq: “Artıq yetərincə genişmiqyaslı işlər görülüb. Ancaq bir sıra obyektiv və subyektiv məsələlərə görə modernləşdirmə proqramının reallaşmasında gecikmə var”. Onun sözlərinə görə, Rusiya ilə kreditin ödənilməsi müddətinin uzadılmasında razılıq əldə edə biməyiblər: “Qalan işləri Ermənistan öz vəsaitləri hesabına maliyyələşdirəcək. Modernləşdirmə üzrə baş podratçı “Rusatom servis”lə müqavilə qüvvədə qalır“. Nazir deyib ki, 2019-cu ilin sonunda Rusiya ilə Ermənistan arasında kreditin ödənilməsi müddətinin 2020-ci ilin sonunadək uzadılması barədə razılıq əldə edilmişdi. Yeri gəlmişkən, Rusiyadan alınmış kreditin 15 illik müddətə ödənilməsi barədə razılıq əldə edilmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan da ödəniş müddətinin daha bir il uzadılması üçün Rusiya ilə danışıqlar aparıldığını vurğulamışdı.

Deməli, AES-də 2018-ci ildə başlayan təmir zamanı generatorlu turbinlər dəyişdirilirdi. Növbəti il ərzində reaktorun metal divarlarını bərkitmək planlanırdı.Təmir nəticəsində Metsamor AES-in istismar müddəti 2026-cı ilədək artırılacağı nəzərdə tutulub. Kreditin 15 faizə yaxını radioaktiv tullantılar və işlənmiş nüvə yanacağı saxlanması sistemlərinin təmirinə sərf olunub. Suren Papikyan təmir işləri başa çatdıqdan sonra stansiyanın enerji blokunun ömrünün 2026-cı ilə qədər uzadılacağını söyləsə də, ancaq onun 2036-cı ilə qədər də istismar edilə biləcəyini vurğulayıb. AES-in modernləşdirilməsi üzrə layihənin Rusiya tərəfdən rəhbəri Yuri Sviridenko cari ilin fevralında bildirmişdi ki, 270 mln. ABŞ dollarlıq kreditin istifadə müddəti ilə bağlı məsələ həll olunmayıb: “Əsas işlər 2021-ci ilə planlaşdırılıb. Büdcə müzakirə olunur. Yekun qərar yoxdur. Ötən illərdə artıq 200 mln. ABŞ dolları xərclənib”. Qeyd edək ki, 2014-cü ildə Rusiya ilə Ermənistan arasında AES-in 2026-cı ilədək istismar müddətinin uzadılması üzrə hökumətlərarası razılaşma imzalanıb. 2015-ci ilin fevralında isə 270 mln. ABŞ dolları həcmində dövlət krediti və 30 mln. ABŞ dollarının təqdimatına dair razılıq əldə edilib.

Yeri gəlmişkən, SSRİ dağıldıqdan sonra bu stansiyanın istismarı da gündəlik məsələlərdən oldu. Qeyd edək ki, AES-in birinci enerji bloku 1976, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra bu proses dayandırılmışdı. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul olunmuş, iki il sonra 2-ci enerji bloku istimara verilmişdi. Hazırda AES-in yalnız ikinci enerji bloku fəaliyyət göstərir. 2003-cü ildə Yerevan Moskvaya uran yanacağına görə yaranmış 53 mln. ABŞ dolları borcuna görə AES-in idarə edilməsini Rusiyanın “İnter RAO” şirkətinə həvalə etmişdi. Stansiyanın idarəçiliyi 2012-ci ildə yenidən Ermənistan dövlətinin nəzarətinə verilmişdi. 

Stansiyanın radioaktiv tullantılarının daşınmasında da problem yaranıb. Tullantının miqdarı çox olduğundan onun ölkə ərazisindən çıxarılaraq Rusiyaya daşınması əsas məsələ olaraq qalır. Tullantıların təyyarə ilə daşınması mümkün deyil. Gürcüstan üzərindən quru yolla daşınması bir sıra səbəblərə görə reallaşdırmaq olmur. Ona görə də tullantıları ölkə ərazisindəki keyfiyyəti məlum olmayan quyularda saxlanılır. Bu isə bölgə dövlətləri üçün təhlükə yaradır. AES Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. Ermənistanın elektrik enerjisi tələbatının təxminən 40 faizini bu AES ödəyir. Ancaq müəssisənin bölgə ölkələri  üçün təhlükəsi azalmayıb. Maliyyə vəsaiti çatışmazlığı olduğu halda stansiyanın təhlükəsiz istismarının mümkün olmadığı ehtimalı da az deyil.

Çernobılın izləri Cənubi və Şimali Qafqazadək gəlib çıxmışdı. Metsamorun Qafqaz regionunda yerləşdiyini nəzərə alsaq, onun yaratdığı, yaxud yaradacağı təhlükənin miqyası ağıla gəlməzidi. Türkiyə və İrana yaxın ərazidə yerləşdiyindən Mestamorun regiondan çıxaraq dünya üçün təhlükə yaradacağı ehtimalı artır. Bu həm də Orta Şərqin şüalanmaya məruz qalması deməkdir. Bu bölgə beynəlxalq şəffaflıq tam təmin edilmədiyindən İranın atom-nüvə təhlükəsindən haqlı olaraq ehtiyatlanır. Ermənistanla müqayisədə İslam Respublikası bu sahədə daha güclü və iqtisadi-maliyyə cəhətdən daha qüdrətlidir. Ancaq beynəlxalq ictimaiyyət yenə də İranın atom-nüvə sahəsinə etibar etmir. Bununla bağlı müxtəlif şübhəli məqamların olduğu bildirilir. Bu ölkədəki radioaktiv tullantıların da daşınması problemi tam həllini tapmayıb. Onun ölkə ərazisində basdırıldığı quyularda beynəlxalq müfəttişlər tərəfindən monitorinq aparılmayıb və s. İrandan sayılmayacaq və deyilməyəcək dərəcədə zəif Ermənistanda bölgə və dünya üçün təhlükə mənbəyinə çevrilən Metsamor stansiyasının bağlanmasına beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ hələ də etinasız yanaşır. Ermənistanın enerji ehtiyacını ödəyir deyə bu stansiyanın radiusunda yaşayan insanlar və ətraf mühitin təhdid edilməsinin məsuliyyəti həm də beynəlxalq ictimaiyyətin üzərinə düşür.

Hələ bir neçə il qabaq ABŞ dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən o vaxtkı energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imzalamışdılar. Onda səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının atom stansiyasının 2016-cı ilədək dayandırılacağı mövqeyini bölüşür. Belə çıxır, başqa sahələrdə olduğu kimi, Ermənistan hakimiyyəti AES-lə bağlı götürdüyü öhdəliyi yerinə yetirmir. Əks halda stansiya 4 il nəzarətsiz işləməzdi.

AES-lə bağlı siyasi məsələni də nəzərdən keçirmək istərdik. Son illər Ermənistanla Rusiya arasında iqtisadi sahələrə dair çox anlaşılmazlıqlar yaranıb. Bunların çox Ermənistanın energetika təchizatı ilə bağlıdır. Rusiya Ermənistanın əsas təbii qaz təminatçısıdır. 2019-cu ildə Rusiya bu enerji daşıyıcısının min kubmetrinin qiymətinin 150 dollardan 165 dollaradək bahalaşdırdı. Moskva cari il də bu rəqəmi 200 ABŞ dollarınadək bahalaşdırmaq istəyirdi. Tərəflər arasında danışıqlar davam etsə də, Rusiya bu rəqəmi Ermənistan hakimiyyəti üçün təzyiq vasitəsi olaraq saxlayır. Düzdür, rəsmi Yerevan bu istiqamətdə İranı Rusiyanın alternativi olaraq görmək istəyir. Ancaq qiymət məsələsində Tehran hələ razılıq verməyib. Bununla belə, onun Ermənistana görə Rusiyaya saymazlıq edəcəyi inandırıcı görünmür.

Rusiyanın 270 milyonluq kreditlə bağlı Ermənistana güzəştə getməməsi də Nikol Paşinyan hökumətinə qarşı tətbiq edilən təzyiqdir. Əslində, bu, Rusiya üçün elə də böyük rəqəm deyil. Ancaq Ermənistan elə gündədir ki, bu məbləği ödəməkdə də acizdir. Moskva kredit məsələsində daha çox Ermənistanın enerji təchizatına problem yaradır. Rusiya bir tərəfdən təbii qazın min kubmetrinin qiymətini yenidən bahalaşdırmaq istədiyini bildirir, digər tərəfdən isə AES-ə ayrılan kreditin müddətini uzatmaq istəmədiyini açıqlayır. Ermənistan isə bu tədbirlər qarşılığında özünü tox tutmağa çalışsa da, perspektivdə ölkədə enerji daşıyıcıları sahəsində problemlə üzləşə bilər. Bu da ABŞ və Avropa İttifaqı ilə Rusiya arasında çabalayan, yönü və mövqeyi aydın olmayan Nikol Paşinyan hökuməti üçün əlavə problem yaradar.

Beləliklə, Ermənistanı payızda energetika sahəsindən də imtahan gözləyir. Bu sınaqdan tapşırıqla qiymət almaq olmur. Bir də qonşuya, qonşulara ziyan vermədən yaşamaq ləyaqətlilərə xasdır.